Dördüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun üçüncü Nazirlər Görüşü
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da üçüncü Nazirlər Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, "dəyirmi masa" formatında təşkil olunan tədbirdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması, turizmin inkişafı və digər mühüm mövzularda çıxışlar dinlənilib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.
Tədbirdə 40-dək ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır.
Ə.Qarayev deyib ki, BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada "Beynəlxalq davamlı turizm ili" elan edib. 2017-ci ildə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.
Turizmin tolerantlığa, qarşılıqlı anlaşmaya, xalqlar arasında dialoqu dərinləşdirməyə necə töhfə verməsi məsələsi hazırda çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. Müxtəlif mədəniyyətlər, inklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur.
Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Ə.Qarayev hamını müzakirələrdə iştiraka dəvət edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müzakirələri diqqətlə dinlədiyini bildirib. O deyib: "İnsanlar arasında təhlükəsizliyin təmin edilməsi üçün bütün resursların, o cümlədən turizmin rolu böyükdür. Bunlar daha parlaq gələcəyin qurulması üçün vacibdir. Bu gün dünya görünməmiş sülh və təhlükəsizlik çağırışları ilə üzləşir. Bu, bizdən həmrəylik tələb edir və insan hüquqlarının qorunması baxımından önəmlidir".
BMT-nin Sivilizasiyalar Alyansının sülh prosesinə töhfələrindən söz açan Nassir Abdulaziz Al-Nasser həyata keçirilən tədbirlərin Davamlı İnkişaf Məqsədlərinə çatmaq baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun potensialı etiraf edilib və inkişaf məqsədlərinə yol açılıb. 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Gündəliyin qəbul edilməsi tarixi hadisədir. Bu məqsədlərə yalnız güclü beynəlxalq əməkdaşlıq, yenidən qurulmuş tərəfdaşlıq sayəsində nail olmaq mümkündür.
Nassir Abdulaziz Al-Nasser deyib: "Qeyd edim ki, qadınlar, qızlar cəmiyyətin bütün işlərində iştirak etməlidirlər. Gənclərin təhsil alması vacib məsələlərdəndir. Münaqişəyə məruz qalmış cəmiyyətlərdə təhsili inkişaf etdirmək, məşğulluğu təmin etmək lazımdır. Sosial ədalət, razılıq, harmoniya birbaşa insanla bağlı məsələlərdir. Davamlı İnkişaf Məqsədlərinin 16-cı hədəfi sülh və inklüziv cəmiyyətlər üçün dialoqun vacibliyidir".
2016-cı ildə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu yüksək qiymətləndirən Nassir Abdulaziz Al-Nasser bu kimi tədbirlər sayəsində Davamlı İnkişaf Məqsədlərinə çatmağın mümkünlüyünü vurğulayıb.
Belə bir mötəbər tədbirə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, artıq dördüncü dəfə keçirilən bu forumun coğrafiyası çox genişlənib. "Biz uzun illər əl-ələ verərək Forumu dünyanın ən vacib tədbirlərindən birinə çevirdik və siyasi liderləri bu vacib mövzu ətrafında toplaya bildik. Multikulturalizm olduqca yaxşı amildir və bunun alternativi yoxdur. Biz qlobal dünyada yaşayırıq və 20 il əvvəlki dünyadan fərqli dünyada", - deyə UNESCO-nun baş direktoru vurğulayıb.
"Dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri humanitar, sülhsevər qüvvələr bir yerdə müzakirə etməlidir. Müharibə, zorakılıq münaqişələrin həll yolu deyil. Bunu artıq siyasi qüvvələr də başa düşür. Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu yolla münaqişələrin qarşısını ala bilərik. Biz bu istiqamətdə müştərək şəkildə çalışmalıyıq", - deyə İ.Bokova bildirib.
Gənclərin işlə təmin olunmasının, savadlılığın artırılmasının vacibliyini vurğulayan İ.Bokova deyib ki, bütün bu istiqamətlərdə birgə əməkdaşlıq üçün Bakı Forumu əlverişli imkanlar yaradır. Bu Forum həm də Şərqlə Qərb arasında yeni körpülər yaradır.
Dünyada turizmə olan marağı və bunun vacibliyini qeyd edən UNESCO-nun baş direktoru deyib ki, turizm və mədəniyyət birgə inkişaf etməlidir. Bu, yeni imkanlar yarada bilər. Bu, həm də yaxın gələcəkdə dünyada 30 milyon yeni iş yerinin yaradılmasına səbəb ola bilər.
Dünya Turizm Təşkilatının baş
katibi Taleb Rifai Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə məhsuldar əməkdaşlığın
qurulduğunu vurğulayıb və bundan sonra da öhdəliklərin
davam etdiriləcəyinə əminliyini ifadə edib. O deyib:
"Mədəniyyət hər hansı millətin tarixidir. Bu
və ya digər cəmiyyətin quruluşunu öyrənmək
üçün onun mədəni irsinin elementlərinə
diqqət yetirmək lazımdır. Turizm isə bu irsi
bölüşən vasitədir. Bu gün biz yeni iqtisadi
mühitdə yaşayırıq. Yəni bu, yeni xidmətlər,
idman, yaradıcı sektorlar, mədəniyyət və turizm
deməkdir. 2016-cı
ildə 1 milyard 800 milyon insan turizm məqsədləri ilə
səfər edib. Bu, dünya əhalisinin təxminən
altıdabir hissəsidir. Deməli, turizm sektorunun xüsusi
çəkisi etiraf edilməlidir. Təsadüfi deyil ki, BMT
Baş Məclisi 2017-ci ili "Davamlı turizm ili" elan
edib".
Taleb Rifai
qeyd edib ki, hazırda turizm dünyada 3-cü yer tutan sənaye
sahəsinə çevrilir. Dünya əhalisinin əksər
hissəsi məhz turizm sahələrində
çalışırlar. Eləcə də sosial inklüzivlik
və yoxsulluğun azaldılmasında, iş yerlərinin
açılmasında turizmin rolu böyükdür.
İş axtaran gənclər daha çox bu sektora üz
tutur. Mədəni müxtəliflik, mədəni dəyərlər,
mədəni irs sahəsinə turizmin töhfəsi
böyükdür. Turizm yaxşı idarə edildikdə həm
də mədəniyyətin qorunmasında güclü alətə
çevrilə bilər. Müvafiq sahədə
çalışan adamlar mədəni müxtəlifliyi
anlamalıdırlar. Mədəni irs elə şəkildə
təqdim edilməlidir ki, hər hansı dövlətin
simasına zərər dəyməsin.
Bu gün
dünyada baş verən problemlərin yalnız belə
forumlarda həllini tapa biləcəyinə inamını ifadə
edən Türkiyənin mədəniyyət və turizm naziri
Nabi Avci Bakı Forumunun işini yüksək dəyərləndirib.
Dünyada
turizmin artan önəmindən danışan nazir deyib ki, mədəniyyət
və turizmi bir-birindən ayırmaq mümkün deyil.
Çünki turistlər mədəni dəyərlərə
önəm verir və səyahət etdikləri ölkələrin
tarixi və mədəni sərvəti ilə xüsusi olaraq
maraqlanırlar. Bu baxımdan da mədəni dəyərləri
qorumaq və təbliğ etmək olduqca vacibdir.
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının reallaşdırdığı müasir
İpək yolu turpaketi barədə məlumat verən nazir
deyib ki, turizm sahəsində əməkdaşlıq çərçivəsində
həyata keçiriləcək bu turpaket Türkiyədən
başlayaraq Azərbaycan, Qazaxıstan və Türkmənistana
səfərlər daxildir. Artıq ilk sınaq turu başa
çatıb. Bu layihə çərçivəsində
turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq
artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda
başa çatır. 2023-cü ilədək 1 milyondan
çox turistin bu paketdən yararlanması nəzərdə
tutulur.
Mədəni
dəyərlərin məhv edilməsi, oğurlanması və
mənimsənilməsinin qarşısının
alınmasından danışan natiq ölkəsinin bu məsələyə
xüsusi önəm verdiyini söyləyib.
Rusiya
Federasiyasının mədəniyyət naziri Vladimir Medinski təmsil
etdiyi nazirliklə UNESCO arasında əlaqələrdən,
tarixi və mədəni abidələrin qorunması sahəsində
görülən işlərdən danışıb. O deyib:
"Bakı prosesi", eləcə də bu gün
keçirilən Nazirlər Görüşü çox əhəmiyyətlidir.
Bu tədbirlər bizə nəyin vacib olduğunu anlamaqda
kömək edir. Ümumi mədəni irsimizin qorunmasında
göstərdiyi dəstəyə görə Azərbaycan
Prezidentinə minnətdarlığımızı
bildiririk".
Ölkəsinin
qarşılaşdığı problemlərdən
danışan İraqın mədəniyyət, turizm və əntiq
naziri Firyad Hassan dağıdılan tarixi abidələr barədə
məlumat verib. Ölkədə 5 min mədəniyyət
obyektinin bərpa olunmasına baxmayaraq, təəssüf hissi
ilə bildirib ki, İraq xalqına məxsus onlarca mədəni
irs nümunələri oğurlanaraq beynəlxalq bazarlarda
satışa çıxarılıb. "Biz sülh mədəniyyəti,
birgəyaşama mədəniyyəti aşılamaqla
terrorizmin qarşısını ala bilərik. Biz bu istiqamətdə
birgə çalışmalıyıq", - deyə
iraqlı nazir vurğulayıb.
Azərbaycana
ikinci dəfə gəldiyini və Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu kimi mötəbər tədbirdə məmnuniyyətlə
iştirak etdiyini deyən Keniyanın idman, mədəniyyət
və incəsənət naziri Hassan Arero bildirib ki, bu cür
dialoq vasitəsilə sülhə, insan təhlükəsizliyinə
nail ola bilərik. Ölkəsinin Azərbaycanla ikitərəfli
əməkdaşlıq qurmaqda maraqlı olduğunu söyləyən
nazir deyib ki, hazırda bu istiqamətdə danışıqlar
aparılır.
Azərbaycanın
Rusiya Federasiyasında səfiri Polad Bülbüloğlu
çıxışında mədəniyyətlərarası
dialoqun sülhü irəliyə doğru aparan bir vasitə
olduğunu bildirib. Bu dialoqun bəşər tarixinin
anlaşılmasına, müxtəlif ölkələr
arasında yaxınlaşmaya xidmət etdiyini vurğulayan
P.Bülbüloğlu deyib: "Bakıda - doğma şəhərimdə
böyük qürurla çıxış edərək deyirəm
ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsinin
vacibliyinə inanıram. Bu gün dünyada hərbi
münaqişələr, zorakı ekstremizm, terror, yoxsulluq
problemləri ilə qarşılaşırıq. Habelə təhsil
elm, mədəniyyət sahəsində də böhran
müşahidə olunur. Qeyri-sabitliyi yaradan münaqişələrin
səbəblərindən qurtarmaq üçün beş
mühüm meyara - elm, kommunikasiya, informasiya, təhsil və mədəniyyətə
diqqət yetirmək vacibdir. Dialoqun gücü qlobal səviyyədə
nümayiş etdirilməlidir. Bəyanatlarla kifayətlənməməliyik.
Hərəkət etməsək dayanıqlı inkişaf təmin
edilə bilməz. Fərəh hissi ilə qeyd edirəm ki, Azərbaycan
davamlı inkişaf məqsədlərinin ideallarına
bağlı olan ölkədir və humanitar sahədə
görülən tədbirlərlə haqlı olaraq fəxr
edir. Azərbaycan rəhbərliyi tərəfindən insan
potensialına yönəlmiş siyasət
formalaşdırılıb".
Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun ənənəyə
çevrildiyini qeyd edən P.Bülbüloğlu deyib:
"Şəxsi təcrübəmdən bilirəm ki, mədəniyyət
və musiqi cəmiyyətlərə xalqın mövqeyini
çatdırmaq üçün yaxşı vasitədir.
Musiqinin, mədəniyyətin dili insanları dialoqa kökləyə
bilər. Biz bunun sayəsində güclü əlaqələr
qura və dəstəyə nail ola bilərik. Bu, xalqların
rifahı üçün lazımdır. Hamımız buna
xidmət etməliyik".
Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun qloballaşma
prosesində anlaşmaya təkan verdiyini söyləyən
Qırğızıstan mədəniyyət, informasiya və
turizm naziri Tugelbay Kazakov deyib ki, mədəniyyətlərarası
dialoq günümüzün zərurətidir.
Qırğızıstan təcrübəsini bölüşən
nazir qeyd edib ki, bütün ölkələrin, etnik
qrupların mədəniyyətləri bəşəriyyətin
irsidir. Dövlətlər mədəniyyətin
inkişafına kömək göstərməlidir.
Görüşdə
iştirak edən digər ölkələrin təmsilçiləri
mədəniyyət, turizm, davamlı inkişaf mövzusunda çıxışlar
ediblər.
Geniş fikir mübadiləsinin
aparıldığı görüşün sonunda yekun
hesabat qəbul edilib.
Azərbaycan.- 2017.- 7 may.- S. 9.