Mədəniyyətlərarası
Dialoq Forumunun iştirakçıları zorakı ekstremizmin
qarşısının alınmasında təhsilin rolundan
danışıblar
Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel sessiyada “Zorakı ekstremizmin qarşısını təhsil vasitəsilə almaq üçün gənclərin hüquq və səlahiyyətlərinin artırılması” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Beyrutda İbtidai Təhsil və Mədəniyyətlərarası Dialoq Proqramı üzrə əməkdaşı xanım Maysun Çehabın moderatorluğu ilə keçirilən panel sessiyada Livanın Təhsil və Ali Təhsil Nazirliyinin təhsil üzrə Baş direktoru Fadi Yarak çıxış edərək yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Əsas diqqətin sosial-iqtisadi siyasətə yönəldilməsinin vacibliyinə toxunan Fadi Yarak cəmiyyətdə savadlılığın əhəmiyyətini vurğulayaraq deyib: “İnsan hüquqları nəzərə alınaraq demokratik dəyərlər qorunmalıdır. Ədalətlilik, bərabərlik prinsiplərinə əməl olunmalıdır. Hər bir şəxsə bərabər təhsil imkanı yaradılmalı, insanların fikirlərinə hörmətlə yanaşılmalıdır. Cəmiyyətdə hər bir insanın maraqları nəzərə alınmalıdır. Təhsilin hamı üçün əlçatan olması çox vacibdir. Ümid edirik ki, konstruktiv dialoq vasitəsilə məqsədlərimizə nail ola biləcəyik”.
Misirin Nümayəndələr Şurasının Təhsil, Ali Təhsil və Elmi Araşdırmalar Komitəsinin sədri, Misir Milli Məclisinin deputatı Gamal Şeha belə bir nüfuzlu Foruma dəvət olunduğu üçün qürur hissi keçirdiyini bildirib. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cəmiyyətimizi narahat edən təhlükəsizlik, sülh və davamlı inkişaf məsələlərinin müzakirə olunduğunu söyləyən Gamal Şeha bu baxımdan “Bakı prosesi”nin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Vətəndaşlar arasında dini və ifadə azadlığının təmini olduqca vacibdir. Roma Papası Misirə sonuncu səfəri zamanı bildirdi ki, dünyada müharibələrin, cəmiyyətlərdə zülmün artmasının qarşısı alınmalıdır. Misirdə gənclər dini radikalizmin qurbanı olurlar. Onlardan bəzi məqsədlər üçün vasitə kimi istifadə olunur. Əfsuslar olsun ki, bəzi qruplar öz cəmiyyətlərinin rifahı naminə çalışmaqla deyil, digərlərini öldürməklə, təcavüz törətməklə, zülm etməklə məşğuldurlar. Ona görə də gənclərin maarifləndirilməsi indi həmişəkindən daha vacibdir. Əslində vətəndaşlıq məsuliyyəti hələ məktəbəqədər dövrdə aşılanmalıdır. Bunun üçün təhsil sistemində ciddi islahatlar aparılmalıdır. Bu işlərdə parlamentlərin üzərinə böyük məsuliyyət düşür”.
UNESCO-nun dinlərarası dialoq üzrə kafedra müdiri Həsən Nadhem təmsil etdiyi qurumun zorakılıqla ciddi mübarizənin yollarını araşdırdığını diqqətə çatdırıb. Din xadimlərinin maarifləndirilməsinin vacibliyinə toxunan Həsən Nadhem İraqda bir çox qrupların dinlərarası dialoq məsələsi üzərində çalışdığını söyləyərək deyib: “Bu işdə vətəndaş cəmiyyəti institutlarının da rolu vacibdir. Əsas məqsəd insanları zorakı ekstremizmdən çəkindirməkdir. Gənclər üçün platforma yaradılır ki, onlar da zorakı ekstremizm ideyalarına qarşı birgə fəaliyyət göstərsinlər. Güclü təhsil sisteminin yaradılması çox vacibdir. Təhsil zorakı ekstremizmin qarşısını almaq üçün əhəmiyyətli vasitədir”.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 1990-cı illərin əvvəllərində ölkəmizdə xaosun hökm sürdüyünü, ekstremizm meyillərinin artdığını və gənclərin digər ideologiyalara meyil etdiklərini vurğulayıb, düzgün təhsil sisteminin radikal qruplarla mübarizədə, tolerantlığın, sülhün aşılanmasında vacib rolunu qeyd edərək deyib: “Müstəqilliyimizin ilk illərində baş verənlər dövlətimiz üçün narahatlıq yaradan məsələlər idi. Ulu öndər Heydər Əliyev bu təhlükələri müdrikliklə aradan qaldıra bildi. Prezident İlham Əliyev ölkədə yoxsulluğun azaldılmasını, gənclərin yeni iş yerləri ilə təmin edilməsini prioritet elan etdi. Bunun üçün səmərəli iqtisadi islahatlar aparıldı. Məşğulluğun artırılması üçün ciddi tədbirlər görüldü. Beləliklə, cəmiyyətdə sağlam ab-hava təmin olundu. Ölkədə Gənclər Fondu yaradıldı. Bu Fond fərdi gənclərin və gənclər təşkilatlarının layihələrinin dəstəklənməsində mühüm rol oynayır. Digər bir qurum gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün yaradılan Bilik Fondudur. Gənc alimlər elmi fəaliyyətlə məşğul olmaq üçün həmin fonda müraciət edirlər. Düzgün kommunikasiyanın qurulması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təsis edilib. Bütün bunlar Azərbaycan cəmiyyətində mövcud sağlam mühiti təmin edən amillərdir”.
Azərbaycanın uzun əsrlərdən bəri dini tolerantlığın beşiyi olduğunu vurğulayan F.İsmayılzadə bildirib ki, müxtəlif dinlərin nümayəndələri ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Universitetimizdə təhsil alan əcnəbi gənclər ölkəmizdə yaradılan tolerant mühitinin şahidi olurlar. Bizim əsas istiqamətimiz təhsildir. IV Ümumdünya Dialoq Forumunda bu mövzuya ayrıca panel sessiyanın həsr olunması vacib məsələdir. Biz maraqlı müzakirələrin şahidi olduq, faydalı təkliflər eşitdik. Dünyaya bu mesajların Azərbaycandan verilməsi ölkəmizin tolerantlıq məkanına çevrildiyini bir daha təsdiqləyir.
Panel
sessiya işini müzakirələrlə davam etdirib.
Azərbyacan.- 2017.- 7 may.- S. 11.