Azərbaycanda mebel sənayesinin
inkişafi üçün böyük potensial var
Respublikamızda həyata keçirilən islahatların
mühüm istiqamətlərindən biri qeyri-neft məhsulları
ixracının artırılması, yeni bazarlara
çıxışın təmin olunmasıdır. Təbii
ki, bu işdə mühüm rol yenə də sahibkarların
üzərinə düşür. Qeyri-neft sektorunun
aparıcı sahələri çoxdur. Bu sırada mebel sənayesinin
xüsusi çəkisi var.
Bu gün
Azərbaycanın mebel bazarında idxal məhsulları
üstünlük təşkil edir. Amma xaricdən gətirilən
mebellərin heç də hamısı keyfiyyətli
sayıla bilməz. Odur ki, qeyri-neft sektorunun
inkişafının stimullaşdırıldığı
indiki dövrdə bu cür məsələlər xüsusilə
diqqət mərkəzində olmalı, istehsalın təşviqi
ilə yanaşı, yerli mebellərin alışı da təbliğ
olunmalıdır. Fəxr hissi ilə deyə bilərik ki,
yerli istehlakçıların rəğbət göstərdiyi,
həm də “Made in Azerbaijan” brendi ilə dünya
bazarlarına çıxan mebellərimiz də var.
“Saloğlu” mebel brendi məhz belə məhsullardandır.
“Saloğlu”
mebel fabriki 2000-ci ildən fəaliyyətə
başlamışdır. Əsas fəaliyyəti mebel
istehsalı və satışı olan “Saloğlu” hazırda
Azərbaycanın ən böyük müasir mebel
istehsalçılarından biridir və bu müvəffəqiyyətini
dünya səviyyəsinə çatdırmağı
qarşıya hədəf qoyub. Şirkət dünyada
tanınan bir marka kimi tanınmaq üçün uğurla irəliləyir,
daim müştərilərinə keyfiyyətli məhsullar təqdim
etmək üçün çalışır.
Mebel
istehsalçıları içərisində özünəməxsus
yeri olan “Saloğlu” mebel fabriki ölkənin ən
böyük müəssisələrindən biri olmaqla
yanaşı, həm də yeni avadanlıqların və
texnoloji xətlərin quraşdırılması sahəsində
seçilir. “Saloğlu” müəssisəsinin nəzdində
yaradılan və oktyabrın 19-da Azərbaycan Prezidenti cənab
İlham Əliyevin Qazax və Ağstafa rayonlarına səfəri
zamanı açılışı olan “Modern” mebel fabriki bunu
təsdiq edir.
Fabrikin
inşasına 2015-ci ilin dekabrında başlanılıb.
İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir.
Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi
və quraşdırılması, mebellər üçün
metal hissələrin və mexanizmlərin
yığılması, yumşaq mebellər üçün
taxta-karkasların, dəri və parça üzlüklərin,
döşəklərin, yataq və qonaq otaqları
üçün mebel dəstlərinin istehsalı ən
müasir səviyyədə qurulub. Fabrik Almaniya və
İtaliyanın aparıcı şirkətlərinin
avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin
daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisə yüksək keyfiyyətli məhsul istehsal
etmək üçün geniş texniki imkanlara malikdir. Bu
cür müəssisənin istifadəyə verilməsi
yalnız Qazax və Ağstafa rayonlarının deyil,
ümumilikdə, regionun iqtisadi inkişafına mühüm
töhfə verəcək.
“Saloğlu”
mebel istehsalı müəssisəsinin nəzdində “Venzana”
mebel fabriki də yaradılacaq. Bu fabrik 4 istehsal sahəsindən
ibarət olacaq. İstehsal ediləcək məhsulların
daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya,
Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə
ixracı nəzərdə tutulur. İşçilərin
istirahəti, onların məişət şəraitinin
yaxşılaşdırılması üçün burada
körpələr evi-uşaq bağçasının, əyləncə
və ticarət mərkəzlərinin inşası
planlaşdırılır. Bundan başqa, ərazidə mebel
mərkəzi ilə yanaşı, “Yaşıl Bazar”
satış kompleksi və mehmanxana da tikiləcək. Layihə
üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında
başa çatdırılması nəzərdə tutulub.
Layihənin icrası nəticəsində 2500 nəfər
daimi işlə təmin ediləcək. Bizim üçün
fəxrdir ki, bu fabrikin təməlini Qazax və Ağstafa
rayonlarına səfəri zamanı Prezident İlham Əliyev
qoydu və xeyir-duasını verdi.
“Saloğlu”
mebel fabrikinin yeni istehsal sahələrinin yaradılması
göstərir ki, dünyada hökm sürən iqtisadi
böhrana baxmayaraq, ölkəmizin sənaye
potensialının möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər uğurla davam edir. Bu
cür müəssisələrin istifadəyə verilməsi
ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli
dərəcədə töhfə verir, daxili bazarın tələbatını
ödəmək baxımından müstəsna əhəmiyyət
daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi,
mövcud təbii və iqtisadi resursların dövriyyəyə
cəlb edilməsi istiqamətində görülən işlər
həm də yüzlərlə yeni iş yerinin
açılmasına geniş imkan yaradır.
Azərbaycanın mebel sənayesini inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Bunun üçün müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, istehsalda istifadə olunan yan sənaye məhsullarının idxalında sahibkarlara müəyyən güzəştlər olunmalıdır. Eyni zamanda idxal olunan həmin komponentlərin yerli istehsalçılar tərəfindən istehsalının təşkili stimullaşdırılmalıdır. Təsadüfi deyil ki, ötən il “Saloğlu” mebel müəssisəsində olarkən cənab İlham Əliyev bu məsələ ilə xüsusi maraqlandı. Hazırda biz komponentlərin 70 faizini xarici ölkələrdən idxal edirik. Lakin Prezident İlham Əliyev bu məhsulların da ölkəmizdə istehsalını tövsiyə etdi. Xaricdən idxal etdiyimiz komponentlərin həcmini azaltmaq üçün layihə və planlar hazırlamışıq. Əgər layihə uğurla icra edilsə, xaricdən idxal etdiyimiz komponentlərin həcmini 30 faizə endirəcəyik.
Hər yerdə olduğu kimi, ölkəmizdə də ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi böyükdür. Bu mənada iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft məhsullarının istehsalının artırılmasının, idxaldan asılılığın azaldılmasının və digər strateji vəzifələrin həllinin xüsusilə aktual olduğu indiki dövrdə özəl sektorun rolu mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun iştirakçıları isə sahibkarlardır. Əsl sahibkar millətini, dövlətini, dövlətçiliyini sevən insan olmalıdır. Sahibkarlığın inkişafı həm də milli şüurun formalaşmasında mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, Prezident İlham Əliyevin reallaşdırdığı yeni inkişaf strategiyası nəticəsində Azərbaycanda həm vətənpərvər sahibkarlar sinfi , həm də əlverişli biznes mühit formalaşıb. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev sahibkarların iqtisadiyyatda rolunu və yerini düzgün qiymətləndirir.
Dünyada neftin qiymətinin aşağı düşməsindən sonra yaranmış situasiya ölkəmizdə də neqativ ssenarilərə qarşı mütləq qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini zəruri edirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar həyata keçirilən islahatların bir istiqaməti iqtisadi sektorun inkişafına yol açacaq tədbirlərdən ibarətdir. Bu sırada qarşıya qoyulan biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi kimi məsələlər sırf sahibkarlıq fəaliyyətinin təşviqinə hesablanıb. Odur ki, son 4 ayda ölkədə yeni iqtisadi siyasətin reallaşması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsi sahibkarlıq sahəsini əhatə edib. Bu məqsədlə qanunlar qəbul olunub, sərəncamlar imzalanıb. Yoxlamaların minimuma endirilmsi, apelyasiya şuralarının yaradılması, vergi sahəsində həyata keçirilən islahatlar biznes mühitini daha əlverişli edib və bu sahədə vaxtilə mövcud olmuş bəzi neqativ halların qarşısını alıb. Lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük və vergi sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlıq fəaliyyətinə diqqətin davamı olmasını göstərməklə yanaşı, özəl bölmənin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu mənada sahibkarlar davamlı bu sahədə həmişə dövlət başçısının dəstəyini və iradəsini hiss edirlər.
Məmurlar da Prezident
İlham Əliyevdən nümunə götürərək sahibkarlara kömək etməli, bürokratik əngəllərin aradan qaldırılmasına çalışmalıdırlar. Çünki sahibkarlığın inkişafı yeni iş yerləri, yüksək əməkhaqqı və büdcəyə daha çox vəsaitin ödənilməsi deməkdir. Sonuncu məsələ dolayısı ilə büdcədən əməkhaqqı və təqaüd alan insanların da rifahının yüksəlməsi deməkdir. Bütün inkişaf etmiş ölkələr məhz bu amillər üzərində hərtərəfli yüksəlişə nail olublar. Cənab Prezidentin dediyi kimi, biz də bu yolla getməliyik. Son illərin reallıqları göstərir ki, bu yolun alternativi yoxdur və biz sahibkarlar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin daha da inkişafına nail olacağıq.
Tacəddin MUSTAFAYEV,
“Saloğlu” mebel fabrikinin təsisçisi
Azərbaycan.- 2017.- 7 may.- S. 12.