Milli Gimnastika Arenası İslamiada
tarixində yeni səhifə açacaq
Gələn
həftə İslam dünyasının diqqətini
özündə cəmləşdirəcək Azərbaycan
daha bir mötəbər idman yarışına evsahibliyi etməklə
yeni rekorda sahib çıxacaq. IV İslam Həmrəyliyi
Oyunlarının tarixində ilk dəfə 57 İslam ölkəsinin
3 mindən artıq idmançısının 270 dəst medal
uğrunda mübarizə aparması İslamiada tarixində
yeni səhifə açmış olacaq.
İslam Həmrəyliyi
Oyunlarının proqramında yenilik - gimnastika
Paytaxtımız
və beynəlxalq standartlara cavab verən idman komplekslərimiz
artıq İslamiadaya tam hazırdır. Yarışların
keçiriləcəyi 16 məkanda bütün
hazırlıq işləri tamamlanıb. Həm dünya, həm
İslam aləmi üçün önəmli olan bu
Oyunların proqramına ilk dəfə olaraq gimnastika da daxil
edilib. 12 ölkənin gimnastları Milli Gimnastika Arenasında
medallar uğrunda mübarizə aparacaq.
Hazırda
tərkibində idmanın 7 növünü - bədii
gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika
gimnastikası, tamblinq, batut və aerobikanı birləşdirən
Azərbaycan Gimnastika Federasiyasının son illər əldə
etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti
tərəfindən də maraqla izlənilir. Çünki
ölkəmizdə idmanın bu növünün yeni
inkişaf mərhələsi başlayıb. Bütün
bunlar Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi
Oyunlarının Təşkilat Komitəsinin rəhbəri
Mehriban xanım Əliyevanın bu federasiyaya rəhbərliyindən
sonra reallaşıb. Azərbaycan Gimnastika Federasiyası əhalinin
bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə
geniş cəlb olunması, milli idman kadrlarının
hazırlanması, yığma komandaların
formalaşdırılması və hazırlığı,
onların beynəlxalq yarışlara, toplanışlara
göndərilməsi ilə fəal şəkildə məşğul
olur. Federasiya xarici ölkələrin idman təşkilatları
və beynəlxalq idman qurumları ilə əlaqələrini
inkişaf etdirir.
Dünyada bənzəri olmayan Milli
Gimnastika Arenası
Beynəlxalq
əhəmiyyətli idman yarışlarının yüksək
səviyyədə təşkili və keçirilməsi
üçün geniş imkanlar açan Milli Gimnastika
Arenası artıq İslamiadaya tam hazırdır.
Dünyada
bənzəri olmayan Milli Gimnastika Arenasının 2014-cü
ilin aprelin 16-da Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirakı ilə
açılış mərasimi keçirilib. Əsasən
gimnastika yarışları üçün nəzərdə
tutulan arenanın fasadı xüsusi formada işlənib. Burada
maraqlı illüminasiya elementləri təqdim edən ekranlar
quraşdırılıb. Kompleksin əhəmiyyətini
artıran mühüm amillərdən biri də buranın digər
idman tədbirlərinin və yarışlarının da
keçirilməsi üçün
uyğunlaşdırılmasıdır.
Gimnastika
zalı əsas yarış və köməkçi məşq
hissələrindən ibarətdir. Yarışların
miqyasından asılı olaraq, arenanın əsas hissəsində
oturacaq yerlərinin sayını 5 mindən təxminən 10
minə qədər artırmaq mümkündür.
Açıq və qapalı yerlərdə istifadə olunan
oturacaqlar xüsusi dizaynla hazırlanıb. Arena həm dairəvi,
həm də kvadrat forma halını ala bilir. Lazım gələrsə
arena genişləndirilərək ritmik gimnastika kimi geniş həcmli
yarışlara evsahibliyi də edə bilər.
Dünya
standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi,
tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor
zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar,
kafelər və digər yardımçı sahələr
var. Dünyanın ən yaxşı gimnastika komplekslərindən
olan bu idman qurğusunda ən müasir gimnastika
avadanlığı quraşdırılıb.
Gimnastların məşq prosesinə
start verilib
Artıq
arenada hazırlıq işləri tamamlanıb və
İslamiadada medallar uğrunda mübarizə aparacaq
gimnastların məşqlərinə start verilib. Elə bu məqsədlə
arenaya təşkil olunan mediatur zamanı həm məşq
prosesi, həm də yarışlarla bağlı ətraflı
məlumat əldə etdik.
“Bakı-2017”nin
yarışlarını qəbul etməyə tam hazır olan
kompleksdə həm idmançıların
hazırlığı, yarışların keçirilməsi,
həm də media nümayəndələrinin rahat işləməsi
üçün hər cür şərait yaradılıb.
Mayın 12-dən 15-dək arenada keçiriləcək
yarışları 9 min 600 azarkeş izləyə bilər.
Əsas
arenadan başqa, gimnastikanın bütün növləri
üzrə hazırlıq keçmək üçün
müasir avadanlıqlarla təchiz olunmuş böyük məşq
zalı da fəaliyyət göstərir. Burada gimnastlar
üçün bütün avadanlıqlarla yanaşı,
xüsusi havalandırma sistemi, paltardəyişmə və
istirahət otaqları inşa olunub.
Azərbaycan gimnastika
yarışlarında 9 idmançı ilə təmsil olunacaq
Arenanın
yarışlara ümumi hazırlığı barədə məlumat
verən Azərbaycan Gimnastika Federasiyasının baş katibi
Fərid Qayıbov bildirdi ki, ötən həftə
keçirilən bədii gimnastika üzrə dünya
kubokundan dərhal sonra İslam Həmrəyliyi Oyunlarına
hazırlıqlar başlanılıb. Artıq
yarışların keçiriləcəyi arena
hazırdır. Məşq zalında da işlər
tamamlanır. Bu gündən etibarən məşq zalı
idmançıların ixtiyarına veriləcək: “İslam
Həmrəyliyi Oyunlarının tarixində ilk dəfə
gimnastika yarışları keçiriləcək. Bura
kişi və qadın idman gimnastikası ilə yanaşı,
bədii gimnastika üzrə də yarışlar daxildir.
Komandamız maksimal idmançı sayı ilə təmsil
olunacaq. Yığmaya bədii gimnastika üzrə üç,
kişi və qadın idman gimnastikası üzrə hər
biri üç olmaqla altı idmançı daxildir.
Ümumilikdə Azərbaycan gimnastika yarışlarında 9
idmançı ilə təmsil olunacaq”.
Ölkəmizi
İslamiadada bədii gimnastika yarışlarında Marina
Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman
gimnastları: Yuliya İnşına, Marina Nekrasova, Mariya
Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları: Murad
Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.
Medallar
uğrunda 12 ölkənin gimnastları mübarizə aparacaq.
Artıq püşkatma mərasimi də keçirilib və rəqiblər
bəllidir.
12 ən güclü komanda
siyahısında
Arena
ilə ümumi tanışlıqdan sonra Azərbaycanın bədii
gimnastika üzrə yığma komandasının baş məşqçisi
Mariana Vasilyeva İslamiadaya hazırlıq prosesi barədə
fikirlərini və gözləntilərini
bölüşdü: “İslam Həmrəyliyi Oyunlarına
çox böyük məsuliyyətlə
hazırlaşırıq. Ötən həftə keçirilən,
21 ölkənin təmsil olunduğu dünya kubokunda
idmançılarımız çox layiqli
çıxış etdilər və 12 ən güclü
komanda siyahısına düşdülər. Məhz bu
oyunlarda təmsil olunan Jalə Piriyeva və Zöhrə
Ağamirova İslamiadada ölkəmizi təmsil edəcəklər.
Bundan əlavə Marina Durunda da ölkəmizi İslam Həmrəyliyi
Oyunlarında təmsil edəcək idmançılar
sırasındadır”.
Baş
məşqçi bildirdi ki, hər idmançımız
dörd növ hərəkətlə çıxış edəcək.
Bütün idmançılarımız yarışlara
çox böyük həvəs və məsuliyyətlə
hazırlaşırlar. Hər bir məşqçi kimi mən
də bu Oyunlara böyük ümidlər bəsləyirəm.
Bütün ölkə idmançılarımızdan ilk
növbədə uğurlu çıxışlar və
sevindirici nəticələr gözləyir. İnanıram ki,
onlar bunu bacaracaqlar”.
I Avropa Oyunlarının
gümüş mükafatçısı Marina Durunda: “Budəfəki
hədəfim qızıl medaldır”
Ən
zərif gimnastika növünün nümayəndəsi, I
Avropa Oyunlarının gümüş
mükafatçısı Marina Durunda yorulmadan məşq
edir. Gimnastımız deyir ki, gimnastika elə bir idman
növüdür ki, səbir və həssaslıq tələb
edir: “Biz musiqi altında çıxış edirik, mübarizəmizə
həssas yanaşmalıyıq, ən əsas hər hərəkətimizi
tənzimləməliyik. O anda isə sadəcə
çıxışımızı və hərəkətlərimizi
düzgün tətbiq etməyi düşünürük”.
Marina
özünə güvənir. Oyunlara ciddi
hazırlaşdığını deyən gimnastımız
uğrlu çıxış edərək hər kəsi
sevindirmək arzusundadır: “Məşqlərimiz gündə
iki dəfə olur. Davamlı şəkildə məşq
edirik, artıq yeni mövsümdən yeni proqramla
hazırlaşacağıq. I Avropa Oyunlarında da
çıxış etdim, gümüş medal qazandım,
ancaq budəfəki hədəfim qızıl medaldır və
inanıram ki, əldə edəcəm. Oyunlara var
gücümlə və istəklə hazırlaşıram”.
Dörd gün davam edəcək
yarışların final mərhələsi mayın 15-də
keçiriləcək
Milli
Gimnastika Arenasında yarışlara mayın 12-də
İslamiadanın möhtəşəm
açılış mərasimi günü start veriləcək
və dörd gün davam edəcək. Proqrama əsasən,
mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri,
mayın 14-də isə ayrı-ayrı alətlər üzrə
finallar keçiriləcək. İdman gimnastikası üzrə
təsnifat yarışları mayın 13-14-də,
ayrı-ayrı alətlər üzrə final
yarışları isə mayın 15-də təşkil
olunacaq.
Mərasimdə
bədii gimnastika üzrə top, gürz, lent, halqa, qadın
idman gimnastikası üzrə sərbəst hərəkətlər,
dayaqlı tullanma, müxtəlif hündürlüklü
qollar, gimnastika tiri üzrə yarış
ardıcıllığı müəyyən olunub. Həmçinin
kişi idman gimnastikası üzrə paralel qollar, sərbəst
hərəkətlər, turnik, dayaqlı tullanma, dəstəli
at, halqalar aləti üzrə yarış
ardıcıllığı müəyyənləşdirilib.
Final yarışları isə elektron qaydada müəyyən
olunub.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 7 may.- S. 1;13.