“Yeni
Şuşa”da Şuşa həsrəti
Şuşanın
işğalından 25 il ötür
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Bu mahnını hər dəfə eşidəndə dərindən köks ötürüb qüssələnirik. Düz, 25 ildir Şuşanın havasına, suyuna, füsunkar, göz oxşayan təbiətinə həsrət qalmışıq və bu həsrəti heç nə ilə ovundura bilmirik. Çünki bu gün Şuşa dağlarının üzərində qara buludlar dolanır, “Qafqazın konservatoriyası”nda indi nisgilli, kədərli hava çalınır.
Xarabazara
çevrilən, viran qoyulan “Qafqazın cənnəti”
Müstəqillik tariximizdə şərəfli hadisələr də çox olub, faciəli məqamlar da. Sonuncular sırasında Şuşanın itirilməsi tariximizə qara hərflərlə yazılıb. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri böyük hərbi qüvvə ilə Şuşaya hücum edərək alınmaz qalanı, Azərbaycanın qədim mədəniyyət mərkəzini ələ keçirdi. 241 tarixi abidə, 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 6 karvansara, 2 mədrəsə, 2 qəsr və qala divarları, 9 tarixi-dini ziyarətgah və 5 mindən çox eksponatı olan Şuşa canlı muzeyi ermənilər tərəfindən dağıdılaraq viran qoyuldu. Təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrildi.
Şuşa hər bir azərbaycanlının genetik yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi idi. Şuşa unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət mərkəzi, açıq səma altında muzey, canlı tarix, kurort şəhəri idi.
Çadırlardan,
yataqxanalardan yeni qəsəbələrə
Bu gün işğalda olan Şuşanın əhalisi ölkənin 58 rayonunda məskunlaşıb. Bir vaxtlar çadır şəhərciklərində, sanatoriya və yataqxanalarda qalan şuşalılar indi müasir qəsəbələrdə yaşayırlar. Onlardan biri də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş “Yeni Şuşa”dır. Bu qəsəbə 2007-ci ilə qədər Xəzər rayonundakı “Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün inşa edilib. Artıq 10 ildir ki, burada məskunlaşan şuşalılar nə qədər rahat şəraitdə yaşasalar da, gözləri yolda, qəlbləri həsrət içində qovrulur. Kədər bölüşəndə azalar deyiblər. 25 ildir acılarını bölüşə-bölüşə, bir-birinə təskinlik verə-verə yaşayır şuşalılar...
Qərara gəldik ki, Şuşanın işğalının 25-ci ildönümündə qəsəbəyə yollanıb həm məcburi köçkün soydaşlarımızın yaşayış şəraiti ilə maraqlanaq, həm də ağrı-acılarını paylaşaq.
Səksən
hektar ərazidə salınmış “Yeni Şuşa”
Bu yol
“Şuşa”ya gedir. Amma yollar, küçələr dolanbac
deyil, ətrafı uca dağ zirvələri ilə yox, neft
buruqlarıyla əhatəlidir. Bu yol dəniz səviyyəsindən
1800 metr hündürlükdə yerləşən Qalaya yox,
şəhərdən 17 kilometr aralıda, şuşalılar
üçün müvəqqəti inşa olunmuş “Yeni
Şuşa”ya aparır...
10 il
öncə, 2007-ci il may ayının 4-də Prezident İlham
Əliyevin və Mehriban xanım Əliyevanın
iştirakı ilə açılış mərasimi
keçirilən qəsəbə indi daha da
böyüyüb, müasirləşib. 80 hektar ərazidə
salınmış qəsəbənin tikintisinə 2006-cı
ildə başlanılıb. 450 yaşayış evinin
90-ı birotaqlı (46,7 kvadratmetr), 222-si ikiotaqlı (63,1
kvadratmetr), 134-ü üçotaqlı (77,8 kvadratmetr), 4-ü
dördotaqlı (91 kvadratmetr) mənzillərdən və hər
biri 12 sot torpaq sahəsindən ibarət olub. Sonradan kimisi bu
torpaqda fərdi təsərrüfat yaradıb, kimisi də əlavə
yaşayış evi inşa edib. 2007-ci ildə qəsəbəyə
1500 nəfərdən ibarət 450 ailə
köçürülmüşdüsə, indi burada 1869 nəfərdən
ibarət 576 şuşalı ailəsi yaşayır.
Ümumilikdə isə qəsəbədə bu gün 3 min nəfərə
yaxın məcburi köçkün məskunlaşıb.
Burada iki
məktəbin - Xankəndi şəhər 4 saylı tam orta məktəbin
və Malıbəyli kənd 1 saylı tam orta məktəbin
binaları, musiqi məktəbi, ambulatoriya, poçt
şöbəsi, inzibati bina da var. 16 kilometr asfalt yol, 21
kilometr su, 19 kilometr elektrik, 27 kilometr qaz, 34 kilometr kanalizasiya və
drenaj xətləri çəkilib. 400 və 250 kilovatlıq
10 ədəd və 10 meqavat gücündə 1 ədəd
yüksəkgərginlikli transformator
quraşdırılıb, həcmi 500 kubmetr olan iki su
anbarı və bir nasosxana tikilib.
Təbii artım məktəblərdə
sıxlıq yaradıb
Əlbəttə
ki, 10 il az müddət deyil. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən yeni inşa
olunmuş beşmərtəbəli yaşayış
binalarına məcburi köçkün ailələrinin
köçürülməsi və təbii artım prosesi bəzi
çətinliklər də yaradıb. Bu əsasən, məktəblərlə
bağlıdır. Belə ki, 360 şagirdlik Malıbəyli kənd
1 saylı tam orta məktəbində hazırda 956 şagird,
300 şagirdlik Xankəndi şəhər 4 saylı tam orta məktəbində
isə 750 şagird təhsil alır. Bu sıxlıq təbii
ki, ilk olaraq təhsilin keyfiyyətinə mənfi təsir
göstərir və bu səbəbdən də yeni
korpusların tikilməsinə ehtiyac duyulur.
Qəsəbədəki
Malıbəyli kənd uşaq musiqi məktəbində isə
iki şöbə - fortepiano və xalq çalğı alətləri
şöbəsi fəaliyyət göstərir. 38 müəllimin
çalışdığı musiqi məktəbində 195
uşaq təhsil alır. Onlar respublikamızda keçirilən
müxtəlif festival və müsabiqələrdə fəal
iştirak edir, Qarabağın qədim musiqi ənənələrini
yaşadırlar.
6500 nəfərə xidmət
göstərən Malıbəyli tibb məntəqəsi
2007-ci ilə
qədər “Zuğulba” sanatoriyasında 15 işçi ilə
bir otaqda fəaliyyət göstərən Malıbəyli kənd
tibb məntəqəsinin indi yeni binası mövcuddur. 10
otaqlı yeni binada Şuşa təcili yardım bölməsi
və həkimlərin, tibb bacılarının rahat işləməsi
üçün lazımi şərait var. Qəsəbədə
məskunlaşmış 6500 nəfər məntəqədə
qeydiyyatdadır. Onların 4500 nəfəri məcburi
köçkün, 2000 nəfəri isə qəsəbədən
kənarda yaşayanlardır. Malıbəyli kəndinin sakinləri
ilə yanaşı, Aşağı və Yuxarı
Quşçular kəndinin əhalisinə də məntəqədə
tibbi yardım göstərilir. Burada əhalinin pulsuz müayinəsi
aparılır və 14 yaşa qədər uşaqlar peyvənd
olunur. Ağır xəstələrə ilkin tibbi yardım
göstərildikdən sonra təcili yardım
maşını ilə yaxınlıqdakı xəstəxanalara
çatdırılır.
Həmçinin
məktəblərdə sanitariya nəzarəti və
profilaktiki tibbi müayinələr aparılır, ana və körpələrə
tibbi xidmətlər göstərilir.
Dərdi böyük, köksü
yaralı şuşalılar
Qəsəbə
ilə ümumi tanışlıqdan sonra sakinlərlə
görüşüb söhbətləşdik. 2007-ci ildən
burada məskunlaşan Malıbəyli kənd Ağsaqqallar
Şurasının sədri Rafael Teymurlu deyir ki, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun aprel zəfəri bütün
şuşalıların doğma torpaqlarına
qayıdacaqlarına inam hissini daha da artırıb: “Bu gün
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
aparılan tikinti-quruculuq işləri bir daha göstərir
ki, tezliklə bu tikinti Xankəndidə, Şuşada
aparıla bilər. Biz Prezidentə, Baş Sərkərdəmizə
inanırıq və əminik ki, bir gün
bayrağımız Şuşada dalğalanacaq”.
Rafael
Əlixanov Malıbəylinin işğalı nəticəsində
iki qardaşını itirib: “Qardaşımın biri Nazim
Əlixanov kəndin özünümüdafiə taborunda post
komandiri idi. Gecə ermənilər kəndə hücum etdilər.
Biz müdafiə olunurduq. Qardaşım Nazim xalam oğlu
Haqverdi ilə birgə döyüşürdü. Birdən
Nazim vurulur və ona yardım etmək mümkün olmur. Onun
ölümü 30 yaşlı Haqverdiyə necə təsir
edirsə, silahı götürüb səngərin
üstünə çıxaraq
qışqıra-qışqıra atəş açmağa
başlayır. Döyüş yoldaşları nə qədər
çalışırlarsa, onu səngərə sala bilmirlər.
Xalası oğlunun ölümünə dözə bilməyən
Haqverdi də düşmənin snayperi ilə vurulur. Nə
qardaşımın, nə də xalam oğlunun nəşini
səngərdən çıxarıb basdıra bildik. Elə
məni 25 ildir yandırıb-yaxan da budur. Hər ikisi ailəli
idi və iki övladları vardı. Böyük
qardaşım Rahil isə ayağından
yaralanmışdı. Onu yaralı halda Ağdama, sonra da
Bakıya gətirdik. Nə qədər müalicə etdiksə,
xeyri olmadı və dünyasını dəyişdi”.
R.Əlixanov
deyir ki, ermənilər Malıbəylidə dəhşətli
soyqırımı aktı həyata keçirmək istəyirdilər.
Məqsədləri baş tutmayandan sonra Xocalını yerlə
yeksan edib misli görünməmiş vəhşilik etdilər:
“Artıq 25 ildir bu acını qəlbimizdə
daşıyırıq. Biz doğma yurdumuzu qoyub gələndə
heç nəyimiz yox idi. Hətta sanatoriyada məskunlaşanda
su içməyə stəkan tapmırdıq. Bir otaqda
üç ailə qalırdı. Ancaq bu gün bir milyon
qaçqın və məcburi köçkün normal
yaşaya bilir. Çünki Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti daim üzərimizdən
əskik olmur. Bu qəsəbə analoqu olmayan bir məkandır.
Biz burada çox rahat şəkildə yaşayırıq və
buna görə də ölkə rəhbərinə minnətdarıq”.
Dörd bacının məzarsız
qardaşı...
Xalası
oğlunun ölümünə dözməyib
özünü ölümün ağuşuna atan 30
yaşlı Haqverdinin bacısı Almaz Kərimova qardaş
itkisi ilə indiyədək barışa bilmir. Nə qədər
ağrılı olsa da, kədərini bölüşən
Almaz xanım deyir ki, Malıbəylinin müdafiəsi
uğrunda qəhrəmancasına döyüşən Haqverdi
dörd bacının tək qardaşı olub: “Atamla anam və
biz bacılarımız onu göz bəbəyimiz kimi
qoruyurduq. Evimizin sonbeşiyi idi. Amma o, hamımızdan tez
köçdü dünyadan. Şəhid oldu, amma məzarı
belə yoxdur. Bizi 25 ildir gözüyaşlı qoyan da budur.
Qardaşımızı dəfn etməyə macal da
olmadı. Atamla anam onun yoxluğuna dözə bilmədi.
2000-ci ildə atam, 6 ay sonra isə anam dünyasını dəyişdi.
Haqverdidən bizə qalan iki bala yadigarı oldu”.
Ancaq Almaz
Kərimova inanır ki, tezliklə Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə müzəffər ordu
işğal altında olan torpaqlarımızı düşmən
tapdağından təmizləyəcək və vətən
uğrunda canını fəda etmiş bütün şəhidlərimizin
xatirəsi əbədiləşdiriləcək.
Son 15 ildə 95 qəsəbə, 151
məktəb, 58 mədəniyyət, 59 səhiyyə
ocağı tikilib
10 il
öncə, bu qəsəbənin
açılışında məcburi köçkünlər
qarşısında çıxış edən dövlət
başçısı qeyd etmişdi ki, torpaqlarımız
işğalçılardan azad olunandan sonra orada ən
müasir, baş plana uyğun şəkildə binalar tikiləcək:
“Biz tarixi yerlərimizi mütləq bərpa edəcəyik,
maddi imkanlarımız da var”.
Dövlət
başçısının fikri bu gün bir daha təsdiqini
tapır. Həm qaçqın və məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
böyük layihələrin həyata keçirilməsi, həm
də Cocuq Mərcanlı kəndinin yenidən qurulması bu
reallığı əks etdirir.
Məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi,
yaşayış şəraitinin
yaxşılaşdırılması ilə bağlı
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirən Prezident İlham Əliyev tərəfindən
2003-2017-ci illərdə 96 fərman və sərəncam
verilib.
Müasir
standartlara cavab verən, 3,2 milyon kvadratmetr sahəsi olan 95
yaşayış kompleksi tikilib, 50 min ailə və ya 250 min nəfərdən
çox qaçqın və məcburi köçkün yeni
mənzillərlə təmin olunub. Yeni yaşayış məntəqələrində
bütün texniki infrastrukturla yanaşı, 151 məktəb,
58 mədəniyyət mərkəzi, 60 uşaq
bağçası, 59 səhiyyə ocağı, 2 olimpiya
idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri
çəkilib. Bakı şəhərində və
Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə
salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə
köçürülüb. Heydər Əliyev Fondunun
bilavasitə təşəbbüsü və dəstəyi ilə
Xırdalan şəhərində 600 məcburi
köçkün üçün yeni yaşayış
binası inşa edilib. Son 13 ildə məcburi
köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin məbləği
4 dəfə, kommunal xidmətlərə görə vəsaitin
miqdarı 4,5 dəfə artırılıb.
Ümumilikdə
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait
sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin,
2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı
isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
Görülmüş
bütün işlərin və sərf olunmuş vəsaitlərin
90 faizi dövlət başçısının son 13 ildəki
prezidentlik fəaliyyəti dövründə icra edilib.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın keçirdiyi ilk
müşavirənin məhz bu təbəqədən olan
insanların mənzil-məişət məsələlərinin
həllinə həsr edilməsi də bir daha təsdiqləyir
ki, məcburi köçkünlərin sosial problemlərinin həlli
Mehriban xanımın fəaliyyətinin ən prioritet istiqamətidir.
“Xanın səsi”, “Qarabağın
şikəstəsi” havalanacaq
Təqdirəlayiq
haldır ki, bu gün ölkədəki, bütün
qaçqın və məcburi köçkünlər
dövlət təminatındadır və onların problemlərinin
həlli dövlət başçısının gündəlik
nəzarətindədir. Elə bunlara görədir ki,
uğurlu sosial-iqtisadi göstəriciləri ilə
dünyanın nüfuzlu maliyyə qurumlarının
hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə,
o cümlədən qaçqın və məcburi
köçkün həyatı yaşayan vətəndaşlarına
verilən dəyər, onların problemlərinin həlli
istiqamətində atılan addımlar hər zaman təqdir
olunur.
Bu gün
böyükdən-kiçiyə hər kəs, xüsusən
də şuşalılar inanırlar ki, yaxın zamanlarda bu qədim
yurdumuzun başı üzərindəki qara buludlar çəkiləcək,
elindən-obasından didərgin düşən
qaçqın və məcburi köçkünlər yenidən
öz doğma torpaqlarına qayıdacaqlar.
Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
ordumuz Şuşaya zəfər yürüşü edəcək.
Prezidentin söylədiyi kimi, bayrağımız
Şuşada, Xankəndidə dalğalanacaq. Beləcə,
Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü
ömrünü yaşayacaq, “Xanın səsi”,
“Qarabağın şikəstəsi” yenə də havalanacaq.
Rəşad
BAXŞƏLİYEV,
Elgün
MƏNSİMOV,
Azərbaycan.- 2017.- 7 may.- S. 14.