Sumqayıtla
Lüdviqshafen qardaşlaşmış şəhərdir
Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 40 ili tamam olur. Ötən illər ərzində dəfələrlə hər iki şəhərə qarşılıqlı səfərlər təşkil olunmuş, nümayəndə heyətləri müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparmışlar.
Mayın 4-5-də Sumqayıtda təşkil olunan bayram şənliyində Lüdviqshafen şəhərinin böyük nümayəndə heyəti iştirak edib. Sumqayıt şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri Sumqayıta gəlmiş qonaqları mehribanlıqla qarşılayıb, onlara şərbət təqdim ediblər. Milli geyimli rəqqasların ifaları, idmançıların nümayişi qonaqlarda maraq doğurub.
Öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin oberburqomistri doktor xanım Eva Louze, həmçinin rəsmi və vətəndaş cəmiyyətinin nümayəndə heyətlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Mərkəzdə fəaliyyət göstərən incəsənət studiyasının təşkil etdiyi sərgi, Sumqayıtın Tarixi Muzeyinin hazırladığı 40 illik dostluq münasibətlərini əks etdirən fotostend maraqla izlənilib. Mərkəzdə xarici dil kursunun yetirmələri ilə qonaqlar arasında ünsiyyət qurulub.
Mərkəzin konfrans salonunda tərəfdaş şəhərlərin rəhbərlərinin görüşü keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biri Sumqayıtdır. Bu gün dünyanın 10 ölkəsinin 12 şəhəri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Tərəfdaşlıq əlaqələrinin qorunub saxlanılmasında, inkişafında Azərbaycan və Almaniya arasındakı dostluq münasibətlərinin genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin qarşılıqlı görüşlərinin, apardıqları danışıqların müsbət təsiri vardır.
Natiq bildirdi ki, 40 il ərzində şəhərlər arasında 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.
E.Louze yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə sumqayıtlılara təşəkkürünü bildirib. Ötən səfərindən sonra şəhərin inanılmaz dərəcədə dəyişdiyini, daha da müasirləşdiyini vurğulayan almaniyalı qonaq 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşünü həyatının unudulmaz anı kimi qiymətləndirib.
Sonra qonaqlar Şahmat Məktəbində Sumqayıt-Lüdviqshafen dostluq münasibətlərinə həsr edilən şahmat turnirini izləyiblər. Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında qonaqlara musiqi nömrələri təqdim olunub.
Daha sonra Almaniya nümayəndə heyəti Sumqayıtın Şəhidlər xiyabanında olub, “Şəhidlər” abidə kompleksini və “Xocalı abidə kompleksi”ni ziyarət ediblər. Həmin gün qonaqlar iki şəhərin dostluğunun simvolu sayılan Lüdviqshafen istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olublar. Qonaqlar idmançıların və özfəaliyyət kollektivlərinin çıxışlarını izləyib, ağac əkiblər.
Almaniyalı qonaqlar Sumqayıt Dövlət
Universitetində də oldular. Sumqayıt Dövlət
Universitetinin Elmi Şurası Lüdviqshafen şəhərinin
oberburqomistri xanım Yeva Louzeyə universitetin fəxri doktoru
adının verilməsi haqqında qərar verib. Fəxri doktor diplomu, medal və
mantiya Yeva Louzeyə təqdim edilib.
Axşam
saatlarında Hüseyn Ərəblinski adına Sumqayıt
Dövlət Dram Teatrında tərəfdaş şəhərlərin
40 illik yubileyinə həsr edilən bayram konserti
nümayiş etdirilib. Lüdviqshafendə Sumqayıtın
Dostları Cəmiyyətinin fəxri sədri Volfqanq
Lauyenştaynə Sumqayıtın
fəxri vətəndaşı adı verilib.
Sonra
Sumqayıt və Lüdviqshafenin inkişafından bəhs edən
film nümayiş olunub. Tədbir respublika incəsənət
ustalarının bayram konserti ilə davam edib.
Akif ƏLİYEV,
Azərbaycan.- 2017.- 7 may.- S. 16.