Dünyanın ən böyük azərbaycanlısı

 

Məlumdur ki, ümummilli liderlər məxsus olduqları xalqlar milli fəlakətlər, mənəvi və ruhi sarsıntılarla üzləşən dövrlərdə tarix səhnəsinə çıxırlar. Azərbaycan dövlətinə rəhbərlik etdiyi otuz ildən artıq bir müddətdə Heydər Əliyev də ümummilli lider missiyasını iki dəfə yerinə yetirmişdir. Hər ikisində də gələcəyi görmək bacarığı, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti qeyri-adi şəxsi keyfiyyətlərə malik olan bu xarizmatik insanın fəaliyyətinin ana xəttini təşkil etmişdir.

Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin xalq və vətən naminə fədakarlığının bəhrəsidir.

1969-1982-ci illərdə ulu öndərin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə siyasi, iqtisadi, sosial, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

Azərbaycanın “ölüm-dirim” ayrıcında dayandığı, dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin müdhiş təhlükəyə məruz qaldığı 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi qısa müddət ərzində aradan qaldırıldı.

Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə dəstələrdən ibarət idi. Ulu öndər torpaqlarımızı müdafiə etməyi bacaran Milli Ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Azərbaycan Ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi.

Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistan Respublikasını Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.

Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı aparıldı. İslahat aqrar sahədə istehsal münasibətlərində köklü dəyişikliklərin əsasını qoydu: kolxozçular və sovxoz işçiləri, bu sahədə çalışan başqa insanlar əkib-becərdikləri torpağın, bəslədikləri mal-qaranın, işlətdikləri texnikanın, digər təsərrüfat əmlakının real sahiblərinə çevrildilər.

Ulu öndər cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması üçün siyasi, iqtisadi, sosial, hüquqi islahatların həyata keçirilməsini çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoydu.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya gərgin fəaliyyətə başladı. Komissiyanın 1995-ci il 5 iyun tarixli ilk iclasında Heydər Əliyev komissiyanın qarşısında duran vəzifələr haqqında demişdi: “Komissiyanın qarşısında çox böyük iş durur. Biz gərək həm tarixi keçmişimizi, həm son illərin təcrübəsini təhlil edək və müstəqil Azərbaycan dövləti üçün uzunmüddətli bir Konstitusiya layihəsi hazırlayaq. Güman edirəm ki, biz bu işin öhdəsindən gələcəyik və qarşımıza qoyulan bu vəzifəni layiqincə həyata keçirəcəyik...

Komissiyamızın üzərinə düşən məsuliyyət böyükdür. Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini qoydu. Bəşər tarixində mövcud olan ən demokratik, mütərəqqi müddəaları özündə əks etdirən Konstitusiyamız cəmiyyətin yeni inkişaf modelinin müəyyənləşdirilməsi üçün hüquqi əsas yaratdı. Bununla da Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti elementlərinin bərqərar edilməsi baxımından tariximizin ən məhsuldar dövrlərindən birinin başlanğıcı qoyuldu.

İlk milli Konstitusiyamız bu həqiqəti bir daha nümayiş etdirdi ki, Heydər Əliyev nəinki dünya miqyaslı siyasi və dövlət xadimi, həm də zamanın nəbzini dəqiq tutmağı bacaran böyük islahatçıdır. Ulu öndər birləşdirilməsi nadir hallarda mümkün olan üç amili - milli ənənələr, modernləşmə və adekvat demokratiya amillərinin vəhdətinin Azərbaycan üçün uğurlu modelini qura bildi və bu dəyərlər sistemi sonrakı islahatlar strategiyası üçün misilsiz əhəmiyyət kəsb etdi.

Ölkənin əsas qanununun tələblərindən irəli gələn hərtərəfli islahatların aparılması məqsədilə Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Onun rəhbərlik etdiyi bu komissiya dövlətimizin hüquq bazasının yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində, ölkəmizin hüquq sisteminin Avropanın kontinental hüquq sistemi ilə inteqrasiyasının reallaşmasında vacib rol oynadı.

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda genişmiqyaslı siyasi, iqtisadi, sosial, hüquq islahatları həyata keçirildi, cəmiyyətdə demokratik dəyərlərin möhkəmləndirilməsi yolunda lazımi addımlar atıldı, dəfələrlə azad və ədalətli prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Azərbaycanda çoxpartiyalı, plüralist parlament quruldu. Siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradıldı. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, məlumat azadlığı təmin edildi.

Azərbaycanda yeni hüquqi sistemin yaradılması istiqamətində Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis bir çox mühüm qanunvericilik aktları qəbul etdi. Burada ilk növbədə yeni məcəllələrin - Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Seçki, Əmək, Ailə, Vergi, Gömrük və digər məcəllələrin qəbulu xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilən 1500-ə qədər qanun, qərar və digər aktlar ümummilli liderin imzası ilə parlamentə təqdim edildi və geniş müzakirələrdən sonra qəbul edildi. Bütün bu aktlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatları yaratdı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hüquq mühafizə orqanları sistemini yenidən formalaşdırmağa imkan verdi. Bu istiqamətdə aparılmış islahatlar nəticəsində insan hüquqlarına və azadlıqlarına təminatın başlıca mexanizmi olan məhkəmələrə müstəqillik verildi, həmin sahədə qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün lazımi tədbirlər həyata keçirildi. 1998-ci ildə ümummilli liderin təşəbbüsü ilə Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi və bu barədə Milli Məclisdə müvafiq qanun qəbul olundu.

Ölkədə aparılan islahatlar sayəsində Azərbaycan insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalara qoşuldu. Ölkəmiz mötəbər beynəlxalq təşkilatların tam hüquqlu üzvü oldu, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerini tutdu.

Azərbaycan xalqının əsrlər boyu inkişaf etdirib zənginləşdirdiyi multikulturalizm ənənələri Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ulu öndər yaxşı bilirdi ki, dövlətin möhkəmliyi onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyə qadir olan siyasi ideologiyanın mövcudluğundan çox asılıdır. Heydər Əliyev bir məqamı həmişə vurğulayırdı ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük üstünlüyümüzdür və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik. Ulu öndər çıxışlarından birində demişdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq”.

Heydər Əliyev ölkədə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin ümumdövlət mənafeləri naminə sıx birləşməsinə zəmin yaradan azərbaycançılıq amalını milli dövlətçilik ideologiyasının aparıcı istiqamətinə çevirdi. Ümummilli lider qeyd edirdi ki, “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Məhz azərbaycançılıq amalı dövlətçiliyimizin dayaqlarını sarsıtmağa yönələn separatçılıq meyillərinin qarşısını almağa, çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini yeni tarixi şəraitdə davam etdirməyə imkan verdi.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkənin azsaylı xalqlarının mədəniyyətinin, dilinin, adət-ənənələrinin qorunub inkişaf etdirilməsi üçün möhkəm təməl yaradıldı. Azərbaycanın çoxəsrlik tarixində ilk dəfə olaraq Azərbaycan diasporasının fəaliyyəti ideoloji cəhətdən əsaslandırıldı və təşkilati baxımdan təmin edildi. Ulu öndərin fərmanı ilə Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin vəzifələri sırasına azərbaycanlıların əsas hüquq və azadlıqlarını qorumaq, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək, Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və dünyada geniş təbliğ edilməsi işinə xarici ölkələrdə yaşayan azərbaycanlıları və digər soydaşlarımızı cəlb etmək daxil edildi. Bununla da Heydər Əliyev tariximizdə ilk dəfə olaraq Azərbaycan dövlətinin və xalqının maraqlarının müdafiəsinin birgə cəbhəsini formalaşdırdı.

Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yaradır. Amma elə insanlar da var ki, onlar zamanın fövqünə yüksələrək, özləri dövrü yaradırlar. Heydər Əliyev öz dövrünü yaratmışdır və bu dövr hələ davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.

Ümummilli liderin Azərbaycan qarşısında xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin hazırlamasıdır. Bu gün dövlətimizə Heydər Əliyevin layiqli davamçısı möhtərəm İlham Əliyevin rəhbərlik etməsi hər bir cəmiyyətin və dövlətin davamlı inkişafı üçün həyati əhəmiyyət daşıyan məsuliyyətli və səriştəli idarəçilik amilini təmin edir. Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təməlində dayanan dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət, ulu öndərin uzaqgörən daxili və xarici siyasətinin yeni çağırışlar şəraitində kreativ şəkildə məharətlə davam etdirilməsi hesab edilməlidir.

Hər bir cəmiyyətin və ya dövlətin uzunömürlülüyünün başlıca şərtlərindən biri onun özünü yeniləşdirməyə qadir olmasıdır. Azərbaycan Respublikasının 1995-ci ildə başlanan və indiyədək davam edən ardıcıl inkişafının əsas sirri ölkədə həyata keçirilən dövlət siyasətinin daimi dəyişikliklər içərisində olan ətraf aləmə çevik surətdə uyğunlaşdırılmasından, milli dövlətçilik fəlsəfəsinin modernləşdirilməsindən ibarətdir. Əslində, inkişafın sonu yoxdur və bu mənada Heydər Əliyev dövründə başlanan islahatlar indi də davam edir. Bu islahatlar cəmiyyət həyatının bütün sahələrini - siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edir.

Məlum olduğu kimi, islahatlar dövlət idarəetməsində, maliyyə sistemində, mülkiyyət hüququnda, sosial infrastrukturda və başqa sahələrdə tədrici dəyişikliklər aparılmasının köməyi ilə cəmiyyətin təkamül yolu ilə inkişafına xidmət edir. Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Konstitusiyasına indiyədək ümumxalq səsverməsi yolu ilə üç dəfə - ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrə daxil olan 2002-ci ildə, habelə 2009-cu və 2016-cı illərdə dəyişikliklər və əlavələr edilmişdir. Permanent xarakter daşıyan bu dəyişiklik və əlavələr ölkənin siyasi, hüquqi, iqtisadi, sosial strukturlarının dəyişən şəraitə uyğunlaşdırılmasını, yeni çağırışlara yeni cavabların formalaşdırılmasını təmin etmişdir.

Zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr üçün müəyyən spesifik risklərin mövcud olduğu hamıya məlumdur. Burada başlıca təhlükə iqtisadiyyatın birtərəfli inkişaf etməsidir. Həmin təhlükəni aradan qaldırmağın ən optimal yolu iqtisadiyyatın şaxələndirilməsidir.

Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar olaraq 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktının imzalanmasının ardınca Azərbaycan dünyanın tanınmış neft şirkətləri ilə onlarca saziş bağlamışdır. Bu, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində xarici investisiya cəlb etməyə imkan vermişdir. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədilə Neft Fondu yaradılmışdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir.

Azərbaycan riskləri nəzərə alaraq neftdən götürülən gəlirlərin bir hissəsini iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəltmişdir. Görülən tədbirlər nəticəsində iqtisadiyyatın neft sektorundan asılılığı ilbəil azalmaqdadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2016-cı ildə qeyri-neft mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə yaxınlaşmışdır.

Bu gün dünyanın bir çox ölkələrində turizm aparıcı sahəyə çevrilmişdir. Bu sahədə Azərbaycanın da rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sahəsinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Odur ki, ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisi olmuşdur. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir.

İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişafına əlverişli imkanlar yaratmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar siyasət uğurla davam etdirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdi.

Bu qərarın qəbul edilməsi iqtisadiyyatın və onun çox mühüm seqmenti olan kənd təsərrüfatının dinamik inkişafının, xalqın rifah halının yaxşılaşmasının təmin edilməsi istiqamətində dövlət başçısının həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış ardıcıl siyasət sayəsində mümkün olmuşdur. “Kənd təsərrüfatı ili” çərçivəsində iqtisadiyyatın aqrar sektorunun inkişafına, bu sahədə məhsuldarlığın artırılmasına, kəndlilərin yaşayış səviyyəsinin yüksəlməsinə yönələn tədbirlər kompleksi həyata keçirildi və bu tədbirlər indi də davam etdirilir.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində mərhələ-mərhələ həyata keçirilmiş və həyata keçirilməkdə olan dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Qloballaşma dövrünün çağırışları, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi hədəflərin ön sıraya çəkilməsini zəruri etmişdir. Bu vəzifənin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il martın 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün amilləri nəzərə almaqla yerli və beynəlxalq özəl sektor nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaqdır. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edilməsində mühüm rol oynayacaqdır.

Bu gün Azərbaycan dövlətinin müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası xalqımızın gələcəyindən əmin olmağa imkan verir. Ulu öndər Heydər Əliyevin səyi ilə yaradılmış inkişaf dinamikası qorunub saxlanılır, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti artır, xalqımızın rifah halı yüksəlir.

Azərbaycan dünyanın dinamik inkişaf edən dövlətləri sırasında layiqli yer tutmuş, Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirmişdir. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz və etibar qazanmışdır. Möhtərəm Prezident İlham Əliyevin söylədiyi kimi, “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir”.

Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində İlham Əliyev xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün möhtərəm Prezidentin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edəcəkdir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.- 9 may.- S. 1; 3.