Liderlik rəmzi

 

İnkişaf etmiş bütün ölkələrin inkişaf taleyində həmin dövlətlərin xalqları tərəfindən qəbul olunmuş liderlərin müstəsna rolu olur. Azərbaycan xalqına tale Heydər Əliyev kimi elə bir dövlət başçısı, elə bir siyasi şəxsiyyət bəxş etmişdir ki, həmin şəxs xalqın hansısa qüvvələri, təbəqələri tərəfindən deyil, bütövlükdə millətin ümummilli lideri səviyyəsində qəbul edilmişdir.

Böyük siyasi xadimlər, müxtəlif siyasi sistemlərə malik dövlətlərin başçıları tərəfindən siyasi fəaliyyəti, idarəçilik ustalığı yüksək qiymətləndirilən Heydər Əliyev bu qiyməti özünün xalqa, vətənə, millətə sevgisi ilə qazanmışdır. Sovet dövründə və ondan sonrakı müstəqillik illərinin çətin sınaq illərində Azərbaycanı faciələrdən, xaos və anarxiyadan, xarici müdaxilələrdən xilas edən bu tarixi şəxsiyyət nəinki dünyanın siyasi təcrübəsini öyrənmiş və tətbiq etmiş, habelə özü bir siyasi təcrübə məktəbi səviyyəsinə yüksəlmişdir.

Geosiyasi cəhətdən çox mürəkkəb regionda yerləşən, Şərq və Qərb dünyasına körpü olan Azərbaycanın siyasi durumu onun dövlət rəhbərindən çox böyük idarəçilik iradəsi tələb edirdi. Xalqın bütün ağrı-acılarını çiynində daşımağa özündə güc tapan Heydər Əliyev fəaliyyətinin bütün anlarında yalnız xalqını, yalnız Azərbaycanı, yalnız onun inkişafını düşünmüş və bu düşüncələrini gerçəkləşdirmək üçün titanik əmək sərf etmişdir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.

Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə belə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Bu siyasi xətt - fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdur.

Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanmışdır. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Ölkəmizin son onilliklərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Müasir Azərbaycanın siyasi, ictimai, iqtisadi inkişaf səviyyəsi, beynəlxalq məkanda imicinin formalaşma prosesləri ümummilli liderin idarəçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinə bağlıdır. Bu gün Azərbaycan özünün hərtərəfli, yüksək inkişaf prosesini yaşayır. Bu proses hər gün genişlənməkdə, hər gün daha böyük uğurlara doğru irəliləməkdədir. Heydər Əliyevin belə bir müdrik fikri hamımızın yaddaşımızdadır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ulu öndərin bu fikri müasir Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edir. İndi Prezident İlham Əliyevin bu fikri əsas tutan müdrik sözlərinə diqqət edək: “Biz Azərbaycan üçün, ölkəmizin gələcəyi üçün güclü iqtisadi zəmin yaradırıq”. Prezident İlham Əliyevin bu sözlərinin arxasında böyük bir reallıq dayanır. İndi Azərbaycan dövləti Heydər Əliyevin iqtisadi inkişafımıza misilsiz xidmət göstərən elmi-texniki tərəqqiyə diqqət, dünya təcrübəsini öyrənmək, İpək yolu və vahid iqtisadi məkan ideyası, xarici dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələr və s. kimi ideyalarının tam gerçəkləşdiyi bir məkandır. Cəmi bir neçə il əvvəl xarici investisiyadan asılı Azərbaycan indi özü ən güclü dövlətlərə belə kapital yardımı prosesində fəal iştirak edir. Azərbaycan Prezidentinin neft kapitalını insan kapitalına çevirmək ideyası tamamilə gerçəkləşməkdədir.

Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.

 

Əli HÜSEYNLİ,

Milli Məclisin komitə sədri

 

Azərbaycan.- 2017.- 9 may.- S. 3.