Ulu
öndərin dühasından ziya alan mədəni intibah
Ulu öndər haqqında düşünəndə xalq şairi Bəxtiyar Vahabzadənin “Həmişə xalq deyən, xalqa söykənən, xalqdan qüvvət alan özü xalq olur” misralarını xatırlayıram. Heydər Əliyevin uzun illər Azərbaycan tarixində səriştəli rəhbər və əsl lider kimi müstəsna xidmətləri də birinci növbədə onun daim xalqla birgə olması ilə şərtlənib. O, hər zaman xalqa arxalandığı kimi, xalqımız da daim bu böyük övladının müdrikliyinə, uzaqgörənliyinə inanıb. Ümummilli liderin respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə, eləcə də müstəqil Azərbaycanın Prezidenti olduğu vaxtda insanların ona necə böyük sevgi bəslədiyinin canlı şahidləriyik. Çünki o, vətəninin taleyüklü anlarında xalqın imdadına çatıb, özü də hər zaman xalqdan güc-qüvvət alıb. Ulu öndər deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Azərbaycanın dərin böhran və xaosa qərq olduğu, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi 1993-cü ilin yayında dahi siyasətçinin xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışı ona milli dövlətçiliyin xilaskarı olmaq və liderlik missiyasını yenidən davam etdirmək imkanı yaratdı. Heydər Əliyev ölkədə baş verən bütün neqativ proseslərin üzərinə müdrikliyi və dəmir iradəsi ilə gedirdi. Yaxşı bilirdi ki, keçid dövrünün bu ağır mərhələsini - xaricdən hərbi təcavüzü, daxildə qardaş qırğını təhlükəsini tezliklə aradan qaldırmadan ölkənin müstəqilliyini xilas etmək mümkün deyil. Bu çətin vaxtlarda əgər ilk addım müstəqilliyi qoruyub saxlamaq idisə, digər vacib məsələ Azərbaycanın iqtisadi-mədəni imkanlarını inkişaf etdirmək, varlığını dünyaya tanıtmaqdan ibarət idi. Ölkə həyatının bütün sahələrində düşünülmüş, gələcəyə hədəfli islahatlara ehtiyac vardı. Dünyada gedən inkişafla ayaqlaşmaq, yeni qlobal çağırışlara adekvat cavab vermək zərurətə çevrilmişdi. Azərbaycan layiq olduğu mövqeyinə qovuşmalı, öz potensialını yüksək səviyyədə dünyaya nümayiş etdirməli idi.
Geniş təcrübəsi, uzaqgörən siyasəti və vətənsevərliyi ilə xalqın qürur ünvanına çevrilən Heydər Əliyev qısa zaman kəsiyində ideyalarını gerçəkləşdirməyə nail oldu. Ulu öndər ölkəni bürümüş total böhrandan necə müdrikliklə çıxarmağın nadir örnəyini ortaya qoydu. Onun bilavasitə rəhbərliyi altında bütün sahələrdə təməli qoyulan inkişaf təmayülləri bugünkü modern Azərbaycanı doğurdu. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” deyən ümummilli lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək həmin amala sadiq qaldığını parlaq əməlləri ilə sübuta yetirdi.
Milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərən Heydər Əliyevin zəngin və mənalı həyat yolu gələcək nəsillər üçün tarixi bir örnəkdir. Görkəmli dövlət xadimi hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi üçün geniş imkanlar yaradırdı. Zəngin yeraltı və yerüstü sərvətləri olan respublikamızın ittifaq miqyasında uzun illər layiq olduğu yerə çata bilməməsi onu dərindən narahat edirdi. Bu problem özünü təkcə iqtisadi sahədə göstərmirdi, elm, ədəbiyyat, mədəniyyət və s. sahələrdə də müşahidə olunurdu.
Ötən əsrin 70-ci illərində ədəbiyyat və mədəniyyət sahələrində misli görünməmiş canlanma başlandı. Yeni ədəbi qüvvələr dövrün siyasi-ideoloji təzyiqlərinə rəğmən müdrik rəhbərin nüfuzuna və qətiyyətinə güvənərək əsərlərində milli-mənəvi dəyərlərə geniş yer verirdilər. Bu, mədəniyyət və incəsənətin müxtəlif sahələrində özünü aşkar şəkildə göstərirdi. Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycan mədəniyyətinin hamisi olduğunu sübut edir, yeni yaradıcı qüvvələrin fəaliyyətinə stimul verirdi. Çünki o, mədəniyyəti hər şeydən üstün bilir, onun böyük, birləşdirici qüdrətə malik olduğuna dərindən inanırdı.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə töhfə verən tanınmış şəxsiyyətlərin şöhrəti ölkəmizin hüdudlarını aşır, yaradılan ədəbi-mədəni nümunələr keçmiş ittifaq respublikalarında geniş təbliğ olunurdu. SSRİ-nin müxtəlif şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubiley gecələrinin keçirilməsi, abidələrinin ucaldılması, adlarının əbədiləşdirilməsi kimi mütərəqqi addımlar ölkəmizin hər yönü ilə varlığının tanıdılmasına verilən misilsiz töhfələr idi. Bir çox sənət adamlarına məhz Heydər Əliyevin nüfuzu və təşəbbüsü hesabına SSRİ-nin ən yüksək mükafatları verilirdi. Artıq Azərbaycan təkcə təbiətin bəxş etdiyi “qara qızıl”la, əmək adamları ilə tanınmırdı, ölkəmiz eyni zamanda mədəniyyəti, ədəbiyyatı, musiqisi, gözəl təbiəti, dilbər guşələri, turizm imkanları, şəfalı məkanları ilə də şöhrət qazanırdı.
Azərbaycanın bugünkü milli mədəniyyət siyasətinin əsası da ötən əsrin 70-ci illərinin əvvəllərində məhz Heydər Əliyev tərəfindən qoyulub. Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət də məhz bu dövrdə tərəqqi etməyə başladı. Sovet quruculuğunun yarım əsrdə gedib çata bilmədiyi ucqar yaşayış məntəqələrimiz də dahi rəhbərin uğurlu siyasətinin bəhrələrini gördü. Əhalinin mədəni istirahətinə diqqət artırıldı. Yüzlərlə kinoteatr, klub, mədəniyyət evi, kitabxana, muzey tikildi, parklar salındı. Kino, musiqi, teatr, təsviri sənət, memarlıq, heykəltəraşlıq və mədəniyyətin digər sahələrində böyük uğurlar qazanıldı. Mədəni irsimizin qorunması üçün tarixi əhəmiyyətli qərarlar qəbul olundu. Azərbaycan bütün bu uğurlara müdrik rəhbərin xalqla sarsılmaz birliyi sayəsində nail oldu. Bu birlik ölkəmizin parlaq gələcəyinin etibarlı təminatını əsaslandırırdı.
Hər bir xalqın mədəni-mənəvi inkişafında ədəbiyyatın, incəsənətin müxtəlif sahələrinin müstəsna rolu var. Heydər Əliyev də mədəniyyətin inkişafını məhz bu kontekstdə qəbul edir, bütün sahələrin özünəməxsusluğunu və təsir imkanlarını düzgün dəyərləndirirdi. Böyük siyasətçi dövlət idarəçiliyində mədəniyyəti digər sahələrlə əlaqələndirməyi bacarırdı.
Ümumiyyətlə, daxilində sənət eşqi, yaratmaq duyğusu olmayan insan sənətdən zövq ala, əsl sənətkarı obyektiv dəyərləndirə bilməz. Yüksək sənət zövqünə, musiqi duyumuna malik olan ulu öndər müxtəlif janrlı nümunələri sevə-sevə dinləyir, yeri gələndə mütəxəssis səviyyəsində qiymətləndirirdi. O, Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edir, bu istiqamətdə diqqət və qayğısını əsirgəmirdi. SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində görkəmli bəstəkarlarımızın opera və baletlərinin tamaşaya qoyulması, əzəmətli konsert salonlarında musiqi əsərlərinin uğurla səslənməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə reallaşırdı.
Dahi rəhbərin böyük sənətkarlara qayğı və məhəbbəti Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin birinci dövründə onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza ittifaqın ən yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Bilavasitə onun təşəbbüsü və iştirakı ilə böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin 600 illiyi, Azərbaycan milli peşəkar teatrının 100 illiyi, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Aşıq Ələsgər və digər görkəmli sənətkarların yubileyləri yüksək təntənə ilə qeyd olunmuşdur. Bu yubiley tədbirləri ümumittifaq və beynəlxalq miqyasda böyük əks-səda doğurmuşdur.
Heydər Əliyev mədəni irsin qorunmasına və təbliğinə, xalqın incəsənətə marağının artırılmasına xidmət edən sahələrə də xüsusi önəm verirdi. 70-ci illərdə Bakıda Opera və Balet Teatrının, Akademik Dram Teatrının binaları əsaslı təmir edilmiş, Musiqili Komediya Teatrı və Gənc Tamaşaçılar Teatrının binaları yenidən tikilmiş, Şəkidə, Sumqayıtda, Ağdamda teatrlar bərpa olunmuş, Lənkəranda yenidən teatr açılmışdı ki, bütün bunlar ölkəmizdə səhnə sənətinin intibahının göstəricisi idi. Ulu öndərin müxtəlif təqdimatlara, konsertlərə, tamaşalara gəlişi, sənət adamları ilə səmimi ünsiyyəti, onların qayğıları ilə yaxından maraqlanması yaradıcı insanlarda sonsuz ruh yüksəkliyinə səbəb olurdu. Buna görə də Azərbaycan mədəniyyət və incəsənətinin təmsilçiləri bu böyük dövlət xadimini həmişə özlərinin himayədarı hesab edirdi.
Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə həyatının bütün sahələri kimi, Azərbaycan mədəniyyəti və incəsənəti də tənəzzül dövrünü yaşayırdı. Sənət adamları xaricə üz tutmaq məcburiyyətində qalmışdılar. Ölkəmiz onilliklərlə formalaşan mütərəqqi sənət ənənələrinin, nəsillər arasında sənət varisliyinin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Belə çətin vəziyyətdə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan mədəniyyətinə də sanki yeni nəfəs verdi. Elm, sənət adamları, xalqımızın dəyərli ziyalıları yenə də dövlətin yüksək qayğısı ilə əhatə olundu. Xaricə gedən incəsənət adamları ölkəyə dönməyə başladı. Heydər Əliyev gözəl bilirdi ki, mədəniyyət 5-10 ilə formalaşan, inkişaf edən sahə deyil. Bu sahənin inkişafına zəhmətlə müşayiət olunan neçə onillər lazımdır. Xalqımızın haqlı olaraq milli xilaskar adlandırdığı Heydər Əliyevin bu missiyasından ən çox pay alan sahələrdən biri də Azərbaycan mədəniyyəti oldu.
Onlarla sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Unudulmuş mədəniyyət xadimlərinin yubileyləri qeyd olundu. Dünyasını dəyişən görkəmli sənətkarların xatirəsinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, əzəmətli heykəllərin ucaldılması, həmçinin onların adının küçə, məktəb və mədəniyyət ocaqlarına verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Böyük öndər deyirdi: “Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq. Müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti kimi mənim də siyasətimin böyük bir qolu bundan ibarətdir. Əmin ola bilərsiniz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm”.
Həqiqətən də ümummilli lider bu ideyalarına necə sadiq qaldığını sonrakı fəaliyyətində dönə-dönə sübut etdi. Bu mənada Heydər Əliyevin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi tarixi əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Bu yüksək təqaüdlə təltif olunanlar arasında görkəmli yazıçı və şairlər, bəstəkarlar, xanəndələr, teatr və kino xadimləri, təsviri sənət ustaları var.
Bir faktı da qeyd etmək yerinə düşərdi ki, Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ittifaq miqyasında iqtisadiyyatın, sosial həyatın bir sıra sahələri ilə yanaşı, mədəniyyət və təhsil sahələrində görülən işlərə, həyata keçirilən siyasətə də nəzarət edirdi. Bununla da Azərbaycan mədəniyyətinin inkişafı və təbliği üçün yeni yollar açılmışdı. Müdrik rəhbər yaradılan bu fürsətdən maksimum yararlanır, respublikamızın həyatının vacib sahələrinin, həmçinin mədəni irsimizin, incəsənətimizin tərəqqisi yolunda var gücü ilə çalışırdı.
Qurub-yaratmaqdan sonsuz zövq alan dahi şəxsiyyət xalqın mədəni inkişafı üçün prioritet sayılan layihələrin icrasını daim diqqətdə saxlayırdı. Xalqımız belə örnək əməllərin sahibini hər zaman minnətdarlıq duyğusu ilə yada salır. Təsadüfi deyil ki, bu gün respublikamızın mədəniyyət ictimaiyyəti - yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, teatr və kino xadimləri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılmış mədəniyyət saraylarında, konsert, sərgi salonlarında, tamaşa zallarında xalqla görüşərək öz sənətlərinin dili ilə ulu öndərə ehtiramlarını ifadə edirlər.
Müstəqil Azərbaycana rəhbərliyi dövründə isə milli mədəniyyət ümummilli liderin dövlətçilik siyasətinin təməl istiqamətlərindən biri oldu. Ulu öndər Azərbaycan mədəniyyətinin gerçək hamisi olduğunu, həm də bu sahədə dövlət siyasətinin hüquqi bazasının yaradıldığını sübuta yetirdi. Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin təşəbbüsü ilə təkcə 1995-2000-ci illərdə Milli Məclis tərəfindən mədəniyyət və turizm sahələri üzrə 15-dək qanun qəbul edilmişdi. “Mədəniyyət haqqında” (1996), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), “Kinematoqrafiya haqqında” (1998), “Memarlıq fəaliyyəti haqqında” (1998), “Kitabxana işi haqqında” (1998), “Turizm haqqında” (1999), “Şəhərsalmanın əsasları haqqında” (1999), “Milli arxiv fondu haqqında” (1999), “Muzeylər haqqında” (2000), “Nəşriyyat işi haqqında” (2000) və s. kimi qanunlar bu sahələrdə fəaliyyətin tənzimlənməsində və gələcək inkişafında müstəsna rol oynadı.
Gənc Azərbaycan dövlətinin beynəlxalq əlaqələri də ulu öndərin uzaqgörən siyasətində prioritet təşkil edirdi. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan öz varlığını dünyaya sübut etməli idi. 1994-cü ilin 20 sentyabrında Bakıda “Əsrin müqaviləsi” - dünyanın neft nəhəngləri ilə tarixi kontraktın imzalanması Azərbaycanın mövcudluğunu beynəlxalq birliyə qəbul etdirmək baxımından çox müstəsna addım oldu. Bununla da ölkəmizin iqtisadi dayanıqlığının əsası qoyuldu, genişspektrli inkişafına münbit şərait yarandı. Bu müqavilə ilə Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini ortaya qoyması eyni zamanda onun qlobal səviyyədə güvənilən tərəfdaş imici qazanması ilə nəticələndi.
Heydər Əliyev tariximizi yaxşı bilir, onun müxtəlif səhifələrindən düzgün nəticə çıxarmağı bacarırdı. O, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın tarixən beynəlxalq iqtisadi-mədəni əlaqələrə necə töhfələr verdiyini əsas tutaraq qədim İpək yolunun bərpası təşəbbüsünü irəli sürdü. Çünki Azərbaycan bu tarixi yolda hər zaman xüsusi əhəmiyyət daşımışdı. 1998-ci ilin sentyabrında ümummilli liderin bilavasitə səyləri ilə Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək yolunun bərpası məqsədilə beynəlxalq konfrans keçirildi və bununla da TRACECA kimi iri qitələrarası (Avropa-Asiya) layihənin əsası qoyuldu. Beynəlxalq iqtisadi münasibətlər, təbii olaraq, mədəni əməkdaşlıqlar üçün də münbit zəmin hazırladı. 1992-ci ildə UNESCO-ya üzv olan Azərbaycan sonrakı illərdə Avropa Şurası, ISESCO, TÜRKSOY, MDB və digər beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində sıx əlaqələr qurdu. Respublikamız eyni zamanda bir sıra mühüm beynəlxalq konvensiyalara qoşuldu. Bununla da Azərbaycanın qədim və zəngin mədəni mirasının tanınma arealı daha da genişləndi.
Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən böyük layihələrdə fəal iştirak edir. Ölkəmiz bir sıra layihələrin - bu günlərdə 4-cü dəfə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum kimi mötəbər qlobal platformaların təşəbbüskarıdır. 2016-cı ildə ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi müstəqillik tarixinin ən mötəbər beynəlxalq tədbirinə evsahibliyi etdi. Bu gün Azərbaycanın unikal tolerantlıq mühiti dünyaya örnək olaraq qəbul edilir və öyrənilir.
Heydər Əliyev dünya şöhrətli siyasətçi olaraq fitrətinin istinad yeri Azərbaycan xalqı və azərbaycançılıq idealları idi. Çoxəsrlik azərbaycançılıq ideallarını milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırması onun ümummilli lider obrazını bütövləşdirən əsas amildir.
Heydər Əliyev türk xalqlarının birliyinə nail olunması, qardaş ölkələrin əməkdaşlığının daha da dərinləşməsi istiqamətində bütün imkanlardan maksimum yararlanmağa çalışırdı. Türk xalqlarının ortaq dəyərlərinin birgə öyrənilməsi, təbliğ olunması onun önəm verdiyi məsələlərdən idi. Bu baxımdan şair-mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyi, türk dünyasının ortaq söz abidəsi “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin UNESCO səviyyəsində qeyd olunması və bu qəbildən olan onlarla fakt ulu öndərin milli mədəni irsə, xalq yaddaşına yüksək ehtiramının bariz nümunəsidir.
Dahi rəhbərin tərcümeyi-halı onun müəllifi olduğu azərbaycançılıq məfkurəsi ilə eyniyyət təşkil edir. Əslində, bu ulu qayənin əsas konturları müdrik şəxsiyyətin ömür səhifələrinin cəmindən ibarətdir. Eyni zamanda bu ideologiya Heydər Əliyevin böyük vətəndaş təəssübkeşliyinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. Məhz Heydər Əliyev dühasının cazibəsi, qüdrəti ilə dünyanın ən ucqar guşələrində yaşayan soydaşlarımızın qəlbinin Odlar yurdunun nəbzi ilə bir döyünməsi gerçəyə çevrilmişdir. Ulu öndərin çağırışlarının nəticəsidir ki, artıq yaxın-uzaq ölkələrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin təəssübkeşlər ordusu yaranmışdır. Bütün bunlara görə xalqımız öz ümummilli liderinə əbədi minnətdardır.
2003-cü il dekabrın 12-də xalqımız tarixin böyük azərbaycanlısı ilə əbədi vidalaşdı. “Ürəyi Azərbaycan boyda olan” dahi şəxsiyyətin itkisi xalqımızda dərin kədər yaratsa da, bu böyük ayrılıq heç kəsdə ümidsizlik doğurmadı. Ulu öndərin ölçüyəgəlməz tarixi missiyaları, ölkəmizin parlaq gələcəyinə hesablanan ideyaları vətəndaşlarımızın inamsızlığa qapılmasına imkan vermirdi. Çünki dahi şəxsiyyət Azərbaycan var olduqca yaşayacaq əbədi miras yadigar qoymuşdu. Ən əsası isə, onun canından əziz tutduğu vətənin sabahı - Azərbaycanın gələcəyi artıq etibarlı əllərdə idi...
Ulu öndərin dövlətçilik və siyasət dərslərini dərindən mənimsəyən möhtərəm Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən onun azərbaycançılıq ideallarını davam etdirdi, bu milli məfkurəni daha da dərinləşdirmək, şaxələndirmək qüdrətinə malik olduğunu sübuta yetirdi. Sözsüz ki, Heydər Əliyev ideyalarının bir istiqaməti vardı - ölkəni inkişafa aparmaq: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır”. Prezident İlham Əliyev bu inkişaf yolunun daha da şaxələnməsi üçün müasir dünyanın çağırışları ilə Azərbaycan gerçəklərini kompleks halda qəbul edərək bu istiqamətdə gələcəyə hesablanan addımlar atdı.
Ulu öndərin Azərbaycan mədəniyyətinə, humanitar sahənin yaradıcılarına olan dərin rəğbəti və sənət sevgisini hazırda dövlət başçımızın timsalında görürük. Ölkəmizdə digər sahələr kimi, mədəniyyət və turizm də dinamik inkişaf edir. Təsadüfi deyil ki, son on il ərzində bu inkişaf naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanmışdır. Həmin fərman və sərəncamlar Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olmuş, teatr, kino, mədəni irs, turizm və s. sahələrdə yüzlərlə zəruri əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə nəticələnmişdir. Prezident İlham Əliyevin mədəni tərəqqiyə xidmət edən, yaradıcı insanların fəaliyyətini stimullaşdıran diqqət və qayğısı bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, daha da zənginləşdirilərək davam etdirilir.
Heydər Əliyev ideyalarının yaşadılması yolunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ulu öndərin adını daşıyan fondun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Mədəni irsimizin yorulmaz himayədarı olan Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğ olunmasında yeni səhifələr açmışdır. Mehriban Əliyevanın xüsusi təşəbbüs və səyləri ilə Qobustan qayaüstü rəsmləri, Azərbaycan aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz, tar ifaçılığı, çövkən milli oyunu, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır.
Bu gün ölkəmiz daxili sabitliyi, dinamik sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq miqyasda artan nüfuzu ilə ulu öndər Heydər Əliyevin arzuladığı, görmək istədiyi Azərbaycandır! Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz məşhur beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir. Paytaxtda və bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni-yeni mədəniyyət ocaqları istifadəyə verilir, həmçinin mədəni irslə həmahəng olaraq müasir tələblərə cavab verən turizm-istirahət infrastrukturu yaradılır.
Azərbaycan bu gün əmin-amanlığın hökm sürdüyü, müxtəlif xalqların, etnik qrupların anlaşma içində, mehriban yaşadığı azsaylı ölkələrdəndir. Azərbaycana gələn turistlər özlərini evlərindəki kimi hiss etdiklərini etiraf edir, bir daha bu möhtəşəm diyara dönmək arzusu ilə buradan ayrılırlar...
Azərbaycanın bu zirvəyə gəlib yetişməsinin təməli, tarixi dayaqları görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti ilə birbaşa bağlıdır. Ümummilli lider Azərbaycanın gələcəyi naminə elə parlaq bir yol açmışdır ki, uzun illər boyu dövlətimizi və xalqımızı daim inkişafa doğru aparacaqdır!
Əbülfəs
QARAYEV,
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Azərbaycan.- 2017.- 9 may.- S. 5.