Heydər Əliyev Azərbaycanın aqrar sektorunun bugünkü inkişafının təməlini qoymuşdur

 

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü ruh yüksəkliyi ilə qeyd edir. Heydər Əliyev fenomeni hər bir azərbaycanlının qəlbində unudulmaz iz qoymuşdur. Ulu öndər birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illərdə) respublikamız SSRİ məkanında geridə qalmış əyalətdən inkişaf etmiş, aqrar-sənaye kompleksi olan bir diyara çevirmişdir. Müstəqillik əldə etmiş, lakin xaos içərisində boğulan Azərbaycanın da düşdüyü acınacaqlı vəziyyətdən qısa müddətdə (2003-2013-cü illər) qurtararaq dünyanın inkişaf etmiş ölkələri sırasına çıxması üçün möhkəm özül yaradan da Heydər Əliyev olmuşdur.

Xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider müstəqil Azərbaycan Respublikasını dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, onu böyük gələcəyi olan bir dövlətə çevirmişdir. Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olunmuş, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlar başlanmışdır. O, yaranmış gərgin vəziyyətdən çıxmağın və inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmağın yeganə və düzgün yolunun iqtisadi islahatlardan keçdiyini çox düzgün müəyyən etmişdir. Ulu öndər 1994-cü il avqustun 18-də kənd təsərrüfatında 1994-cü ilin birinci yarısının yekunlarına və islahatların keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədə demişdir: “...Kənd təsərrüfatında istənilən səviyyəyə qalxmaq üçün, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki nailiyyətlərinə çatmaq üçün biz kənd təsərrüfatında da iqtisadi tədbirlər görməliyik. Yəni iqtisadi islahatlar keçirməli, kənd təsərrüfatının idarə olunmasını, mülkiyyət formasını dəyişdirməliyik. Bu, ümumən iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında strateji yolumuzdur. Biz bu yolla getməliyik, bundan ötrü daha ciddi tədbirlər görməliyik”.

Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə kənd təsərrüfatının inkişafına çox ciddi diqqət və qayğı ilə yanaşmış, bu sahənin inkişaf etdirilməsini həmişə önə çəkmişdir. Ulu öndər həmin müşavirədə qeyd etmişdir ki, “Ermənistan Respublikasının təcavüzü nəticəsində biz müharibə aparırıq. Müharibə gedən bir ölkədə kənd təsərrüfatına çox böyük ehtiyac var. Çünki ərzaq məhsullarının əsas mənbəyi kənd təsərrüfatıdır. Ona görə də bu sahəyə xüsusi diqqət verilməlidir”.

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi isə ölkənin maliyyə ehtiyatlarının mövcudluğu ilə birbaşa əlaqədar olduğundan respublikamızın əsas təbii sərvəti olan neftdən səmərəli istifadə etmək çox böyük və həlledici əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü ildə ulu öndərin təşəbbüsü və birbaşa iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” iqtisadi islahatların həyata keçirilməsində mühüm rol oynamaqla yanaşı, formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafının təməlini qoydu. Bu müqavilənin imzalanması heç də asan başa gəlməmiş, Heydər Əliyevin möhkəm iradəsi, düşünülmüş siyasəti və gərgin əməyi sayəsində baş tutmuşdur. Bu, əslində, ölkəmizin tarixində inqilabi bir hadisə idi və həmin müqavilə sonralar neft və qaz sənayesi üzrə daha 26 beynəlxalq müqavilənin bağlanmasına yol açdı.

Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi bu və digər tədbirlər sayəsində respublikamızda SSRİ-nin süqutunun son dövrlərində başlamış və müstəqilliyin ilk üç ilində daha da dərinləşmiş iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən etibarən iqtisadiyyatın bir çox sahələrində inkişaf başladı. Lakin bu inkişafı möhkəmləndirmək və yeni uğurlar əldə etmək üçün mövcud idarəetmə üsulu yetərli olmadığından Heydər Əliyev ölkə iqtisadiyyatının bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına keçidin vacib olduğunu önə çəkdi. Bu məqsədlə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkənin müstəqilliyinin açarı olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması və əhalinin maddi rifah halının yaxşılaşması üçün MDB məkanında analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirildi. Bu gün ölkəmizin ümumi iqtisadi inkişaf səviyyəsi və dünya iqtisadiyyatına verdiyi sanballı töhfələr Heydər Əliyev siyasətinin təntənəsidir və bunu hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi ilə bildirir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev ulu öndərin ölkəmizin hərtərəfli inkişafı üçün başladığı siyasəti və irəli sürdüyü ideyaları uğurla davam etdirərək Azərbaycanı dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə bir çox ölkələrin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanıtmışdır. 1993-2015-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 184,1 milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin 143,6 milyard manatı bilavasitə inşaat işlərinin aparılmasına yönəldilmiş və onun 55,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir. Nəticədə təkcə 2015-ci ildə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 1995-ci ilin göstəricisindən 6,4 dəfə çoxdur. Bu illər ərzində milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunması və müntəzəm olaraq aparılan zəruri islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, 1995-ci ilə nisbətən 2015-ci ildə əhalinin real gəlirləri 9,8 dəfə artaraq adambaşına 4380 manat təşkil etmiş, əhalinin orta aylıq əməkhaqqı 37,4 dəfə artaraq 467 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmişdir. Müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 4,9 faizə enmişdir. Həmin dövrdə məşğul əhalinin sayında da böyük artım müşahidə olunmuş, işsizliyin səviyyəsi 2015-ci ildə 5 faizə enmişdir. Belə uğurlu nəticələrin əldə edilməsi ölkəmizdə düşünülmüş və gələcəyə istiqamətlənmiş neft strategiyası əsasında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni və müasir texnika və texnologiyalarla təchiz olunmuş müəssisələrin işə salınaraq çoxsaylı iş yerlərinin açılması ilə bağlıdır.

İqtisadiyyatın bazar prinsipləri əsasında inkişafının əsasını təşkil edən xüsusi mülkiyyətin bərqərar olması üçün iqtisadi islahatlara başlanması ölkənin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində ilbəil artan maliyyə ehtiyatları bu imkanlardan daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkildi. Qeyri-neft sektorunun və onun tərkib hissəsi olan aqrar sektorun inkişafı isə regionların sosial-iqtisadi inkişafından asılı olduğuna görə bu sahəyə diqqətin artırılması ölkədə formalaşan iqtisadi strategiyanın əsasını təşkil edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin dövlət proqramları əsasında xərclənməsi idi. Bu məqsədlə Prezident İlham Əliyev 2004-cü il 11 fevral tarixli fərmanla “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nı təsdiq etdi.

Bu dövlət proqramı uğurla həyata keçirildi. Regionlarda ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi təmin edildi. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması proqramda nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yetirilməsinə imkan verdi və Azərbaycan dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail oldu. Həmin illər iqtisadi artım əsasən neft amili ilə bağlı idi və bu amil ölkənin gələcək inkişafının təmin edilməsi üçün möhkəm maliyyə imkanı formalaşdırdı.

Ölkədə yaranmış maliyyə imkanından səmərəli istifadəni təmin etmək, qeyri-neft sektorunun və infrastrukturun inkişafı üçün möhkəm təməl qoymaq məqsədilə Prezident 2009-cu il 14 aprel tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dair fərman imzaladı və həmin proqram da uğurla yerinə yetirildi. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə dövlət başçısının müvafiq sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına regionlarda 500-dən çox sənaye müəssisəsi, 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilmiş və ya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində regionlarda mənzil tikintisi, respublika və yerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yolayırıcıların tikilməsi və təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmdə işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq 2014-cü il 27 fevral tarixli fərmanla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorunun inkişafı hesabına əldə olunmasına imkan verəcəkdir. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının dövlət proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir.

Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna və infrastruktur layihələrinə istiqamətləndirilməsi ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin balanslaşdırılmış inkişafını təmin etmişdir. Belə ki, 1995-ci ilə nisbətən 2015-ci ildə ümumi daxili məhsul istehsalı sənayedə 4,8, kənd təsərrüfatında 2,4, tikintidə 69,3, nəqliyyat xidmətləri sektorunda 4,2, rabitədə 28,8, ticarət sektorunda 9,4 dəfə artmışdır. Ümumi daxili məhsulun belə sürətli artımı ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiya olunmasına da müsbət təsir göstərmişdir. Əgər 1993-cü ildə cəmi 60 xarici ölkə ilə ticarət əlaqəsi qurulmuşdusa, 2015-ci ildə 165 xarici dövlətlə idxal-ixrac əməliyyatı aparılmış və xarici ticarət dövriyyəsinin səviyyəsi 15,3 dəfə artaraq keçən il 20,6 milyard ABŞ dolları təşkil etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, Bakının yüksəksəviyyəli bir çox beynəlxalq toplantılara, idman və musiqi yarışmasına evsahibliyi etməsi dünyada respublikamızın nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Ona görə də əksər beynəlxalq təşkilatlar öz tədbirlərini Azərbaycanda keçirməyə can atır və nəticədə ölkəmizə gələn əcnəbilərin sayı ildən-ilə sürətlə artır. Bu da ölkəmizdə iqtisadiyyatın və sosial həyatın səmərəli sahəsi olan turizmin formalaşmasına və inkişafına öz müsbət təsirini göstərir.

Dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk illərindən Heydər Əliyev ideyalarına sadiq qalaraq aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti elan etmiş və bu sahədə islahatların daimi xarakter alması və getdikcə dərinləşməsi üçün konkret tədbirlər görmüşdür. Prezidentin imzaladığı sənədlərə əsasən kənd təsərrüfatı məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün əkininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, yerli at cinslərinin damazlıq özəyinin qorunmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə, habelə aqrar sahibkarları güzəştli kreditlərlə təmin etməyə və bu kimi digər tədbirlərə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait yönəldilmişdir. Bunun nəticəsidir ki, ötən son 10 ildə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı xeyli artmışdır. O cümlədən, taxıl istehsalı 41, ət istehsalı 50,8, süd istehsalı 53,7, yumurta istehsalı 77,8 faiz və şəkər çuğunduru 5 dəfə çoxalmışdır. Həmin vəsait hesabına respublikamızda 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi açılmış, 28 intensiv bağçılıq təsərrüfatı, 30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz emalı müəssisəsi yaradılmışdır. Görülən tədbirlər sayəsində həmçinin aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə və elmi nailiyyətlərə əsaslanan innovativ inkişafı üçün möhkəm təməl qoyulmuşdur.

Bunlarla yanaşı, qloballaşmanın dərinləşməsi, təbii ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi və əhalinin yüksək artımı ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün daha böyük əzmlə çalışmağı tələb edir. Prezident İlham Əliyev 2015-ci il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “...Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir... Çünki ərzaq təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər”. Problemin ciddiliyini, ölkəmizin müstəqil siyasət yeritməsi imkanını və mövcud siyasi sabitliyi daha da möhkəmləndirmək üçün cənab İlham Əliyev elə bir toplantı yoxdur ki, orada respublikamızda əhalinin ərzaqla təminatı məsələsinə toxunmasın, əlaqədar təşkilatların diqqətini bu məsələyə cəlb etməsin. Bunun nəticəsidir ki, son illər ölkə əhalisinin ərzaqla təminatında əsaslı dəyişiklik baş vermiş, respublikamızda əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlmiş, bəzi məhsullar isə xarici ölkələrə ixrac olunmağa başlamışdır.

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə edilir. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq dövlət başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanmışdır.

İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı daha çox elmtutumlu olması istiqamətində inkişaf edir. Ona görə Azərbaycanda da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır.

2008-ci ildə kənd təsərrüfatında innovativ məhsul olan ekoloji təmiz məhsul istehsalının hüquqi bazasını təşkil edən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul edilmişdir. Həmin qanunun tətbiqi nəticəsində respublikamızın bir çox bölgələrində, xüsusilə Gəncə-Qazax iqtisadi rayonunun əhatə etdiyi ərazilərdə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlərin sayı ildən-ilə artır. Bu da ondan irəli gəlir ki, bütün dünyada, o cümlədən Avropada ekoloji kənd təsərrüfatı uğurla inkişaf edir. Son 10 ildə Avropada ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına cəlb olunan sahələr iki dəfədən çox artıb. Ekoloji təmiz kənd təsərrüfatının ölkə əhalisinin sağlam qidalanmasına, kənd ərazilərinin davamlı inkişafına, innovasiyalı inkişaf imkanlarının genişlənməsinə, ixracın şaxələnməsinə, ətraf mühitə, fermerlərin və bu məhsulların dövriyyəsi ilə məşğul olanların biznesinə müsbət təsiri İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Prezident bu sahənin inkişaf etdirilməsini əsas vəzifələrdən biri hesab edir və müvafiq tapşırıqlar verir.

Kənd təsərrüfatında innovasiyaların yayılması təsərrüfat subyektləri tərəfindən informasiyaların qavranılması vəziyyətindən asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində ölkəmizdə 851 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. İxtisas təhsili olmayan çoxsaylı istehsalçıların kənd təsərrüfatı istehsalının təşkili, marketinq, biznes planlaşdırması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə təminatı, yeni texnika və texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə informasiyalar almağa və müvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı var. Həmin ehtiyacı ödəmək üçün kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin genişləndirilməsi və onun müasir tələblər səviyyəsində təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilir.

Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə kənd təsərrüfatının ixtisaslaşması geniş tətbiq olunurdu və bu, aqrar sahənin inkişafına böyük təkan verirdi. İlham Əliyev də kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar vermişdir. Belə ki, 2010-cu ildə qəbul edilmiş “Pambıqçılıq haqqında” qanunda strateji əhəmiyyətə malik bu məhsulun istehsalının artırılması və bu sahədə daha çox əlavə dəyərin yaradılması üçün pambıqçılığın klaster əsasında inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün pambıqçılıq regionlarında pambığın istehsalı və emalı ilə yanaşı, onun becərilməsində istifadə olunan bəzi texniki vasitələrin istehsalı, elm və kadr hazırlığı müəssisələri, habelə hazır məhsulun satışı və pambıqçılıqla bağlı digər fəaliyyətlə məşğul olan müəssisələrin yaradılması və onların arasında kooperasiya əlaqələrinin qurulması istiqamətində tədbirlər görülür. Bu növ klasterlər pambıqçılıqla yanaşı, taxılçılıq, çayçılıq, meyvə-tərəvəzçilik, tütünçülük, habelə südlük, ətlik heyvandarlıq, qoyunçuluq və quşçuluğun üstünlük təşkil etdiyi regionlarda da yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə mövcud olan təbii iqlim və torpaq şəraiti kənd təsərrüfatını ixtisaslaşdırmaq və onun klaster əsasında təşkili üçün çox əlverişlidir.

Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Sumqayıt və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin yaradılması qərara alınmış və onların bir çoxu artıq fəaliyyətə başlamışdır.

Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatının bu aparıcı sahələrinin inkişafının vacibliyini ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə vurğulamışdır. 1994-cü ildə keçirilən müşavirədə üzümçülük haqqında ümummilli lider demişdir: “Mən inanıram ki, vaxt gələcək, Azərbaycan Respublikası yenə də böyük üzümçülük diyarına çevriləcəkdir. Çünki bizi əhatə edən dövlətlərdə, xüsusən MDB ölkələrində üzüm məhsullarına çox böyük ehtiyac var, onlar bizim üçün uzunmüddətli xarici bazardır. Buna görə də həmin sahəni inkişaf etdirmək gələcəkdə iqtisadiyyatımızın güclənməsi üçün olduqca vacibdir”. Çox uzaqgörənliklə deyilmiş həmin sözlər bu gün İlham Əliyevin səylə davam etdirdiyi dərin islahatlar strategiyasının əsas istiqamətlərindən biridir.

Müstəqilliyin son 23 ili ərzində ölkəmizdə həyata keçirilən möhtəşəm tədbirlər sayəsində sosial-iqtisadi inkişafda misli görünməmiş nailiyyətlər əldə edilsə də, Prezident İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə 2016-cı il 16 mart tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 11 istiqamət üzrə strateji yol xəritələri hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqaməti üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də bu istiqamətlərdən biridir. Bu strateji yol xəritəsinin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji yol xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılmış və görülməsi vacib olan istiqamətlər müəyyən edilmişdir.

Məlumdur ki, torpaq kənd təsərrüfatı istehsalında istifadə olunan əsas vasitələrdən ən önəmlisidir və bu səbəbdən də xüsusi qayğı tələb edir. Torpaq insan əməyinin məhsulu olmadığına görə onun ümumi sahəsini artırmaq mümkün deyil və getdikcə aktuallaşan ərzaq təhlükəsizliyi problemini həll etməkdə əsas vəzifə ilk növbədə mövcud torpaqlardan səmərəli istifadədən asılı olur. Təsadüfi deyil ki, Prezident dəfələrlə bu məsələyə toxunmuş və torpaqlardan səmərəli istifadə etməyi və sahələrin məhsuldarlığını artırmağı başlıca vəzifə kimi önə çəkmişdir.

Hər hektardan daha çox məhsul əldə etməkdə digər vasitələrlə yanaşı suvarılan torpaqların sahəsinin genişləndirilməsi də görüləcək tədbirlərdən ən vacibi hesab olunur. Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını, əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir”.

Strateji yol xəritəsində əsas məqsədlərdən biri olan əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək görüləcək işlər müəyyənləşdirilmişdir. Bu məqsədlə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normalarının hazırlanması, ölkənin, o cümlədən hər bir regionun və inzibati rayonun ərzaq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur. Onu da qeyd edək ki, artıq bu istiqamətdə konkret işlər görülür. Belə ki, Prezidentin müvafiq sərəncamı və fərmanı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (11 aprel 2016-cı il) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (10 fevral 2017-ci il) yaradılmışdır.

Əminik ki, Heydər Əliyev siyasətinin davamçısı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli dərin islahatlar və qlobal iqtisadi çağırışlara uyğun hazırlanmış strateji yol xəritəsinin icrası sayəsində ölkəmizdə iqtisadi islahatlar bundan sonra da davam edəcək, Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

 iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 9 may.- S. 7.