Azərbaycanda həyata
keçirilən islahatlar strategiyasının banisi
Xalqların
və millətlərin taleyində, formalaşmasında,
dünyadakı yerinin müəyyənləşdirilməsində
tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin
və müdrik dövlət başçılarının
müstəsna rolu danılmazdır. Bəşəriyyətin
yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə
bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu
öndərin Azərbaycanın müdrik rəhbəri kimi
çoxşaxəli fəaliyyəti, vətən və xalq
qarşısındakı ölçüyəgəlməz
misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin
gedişində həlledici rol oynadıqlarını əyani
şəkildə təsdiqləyən ən dəyərli
nümunələrdəndir.
Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası
qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili
siyasət Azərbaycanın hər bir vətəndaşına
azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək
və öz rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində
iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar
olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr təşkil etmişdir.
Ulu
öndər demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində davamlı siyasət yeridərək ölkədə
insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı
zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan
dövlətinin xarici siyasəti, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri milli maraqlara və uzaqgörən
siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə
başlayıb.
Heydər
Əliyevin xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar
atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi
baxımından son dərəcə əhəmiyyətli olub.
Dahi rəhbərin fəal diplomatiyası sayəsində Azərbaycan
dünyanın demokratik dövlətlərinin və
aparıcı ictimai təşkilatlarının ölkəmizə,
onun zorla cəlb edildiyi silahlı münaqişəyə
münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bilib.
Heydər
Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normalarına, sərhədlərin
bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil
edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini,
sivil beynəlxalq normaları özündə tam əks etdirən
sülhsevər xarici siyasətinin əsasında isə ilk
növbədə milli müstəqilliyin möhkəmləndirilməsi,
dövlətlərin hüquqlarına hörmətlə
yanaşılması, bütün mübahisəli məsələlərin
sülh və danışıqlar yolu ilə həll edilməsi,
qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaradılması,
dövlətlərarası əlaqələrə mane olan hər
cür məhdudiyyətlərin aradan qaldırılması
prinsipləri dayanırdı.
Ümummilli
lider Azərbaycanın təbii sərvətlərindən, əlverişli
coğrafi-strateji mövqeyinin üstünlüklərindən
ölkənin milli mənafelərinə uyğun şəkildə
istifadə edilməsinə yönəldilmiş irimiqyaslı
beynəlxalq iqtisadi sazişlərin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində
son dərəcə gərgin və səmərəli fəaliyyət
göstərib. Onun böyük siyasi iradəsi və
müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli
beynəlxalq müqavilələrə imza atılıb və
onların həyata keçirilməsinə başlanıb.
Heydər Əliyevin təşəbbüsü ilə
böyük siyasi məna kəsb edən bir sıra dünya
miqyaslı iqtisadi proqramların həyata keçirilməsində
Azərbaycan aparıcı rol oynayıb. Böyük bir
coğrafi məkanda region qüvvələrinin birləşməsində
də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin
amansız və sərt sınaqları dövründə
dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək
yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların
birlik və həmrəyliyinin əldə edilməsi işində
Heydər Əliyevin müstəsna xidmətləri var. O,
dünya azərbaycanlılarının təşkilatlanması
və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında
sıx birləşməsi üçün daim və əzmlə
səy göstərmiş, bu istiqamətdə son dərəcə
qiymətli qərarlar qəbul etmişdir.
Heydər
Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın
bütün sahələrində həyata keçirdiyi planlar
artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti
də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil
edir. Hər bir azərbaycanlının taleyində Heydər
Əliyev dühasının bir zərrəsi var.
Heydər
Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər
bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş
etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın
tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin
ideya əsasını məhz Heydər Əliyev
yaratmışdır.
Bütün
mənalı həyatını öz xalqına bəxş
etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi
kimi zəngin fəaliyyəti Azərbaycan xalqının
tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi
məktəbinə çevrilib. Azərbaycan xalqının hələ
neçə-neçə nəsli bu böyük məktəbdən,
Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin
inkişafı, xalqımızın rifahı naminə
faydalanacaq.
Heydər
Əliyevin xalqımızın və tariximizin
qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə
Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan
varlığını parçalanıb yox olmaq təhlükəsindən
qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə
azadlığımızın, müstəqilliyimizin qorunub
saxlanması deməkdir.
Azərbaycan
dövlətçiliyi ona qarşı yönəlmiş
bütün qəsdlərdən uğurla çıxdı.
Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı, sabitlik və
əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz
bərpa edilmiş, onun qətiyyəti, apardığı
uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək
böyük nailiyyətlər qazanmışdır. Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi dəfələrlə
söylədiyi məşhur kəlamına sadiq
qaldığını sübut etdi ki, Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir.
Heydər
Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan
dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi,
ideyaları və tövsiyələri müasir cəmiyyətimizin
inkişafının nəinki ideya mənbəyidir, həmçinin
möhtəşəm səfərbəredici amildir.
Ümummilli liderin təlatümlərdən, təhlükələrdən
çıxararaq qurub-yaratdığı Azərbaycan indi
Prezident İlham Əliyevin rəhbərliyi altında
bütün dünyaya möhtəşəm yüksəliş
dinamikası nümayiş etdirir. Ulu öndərin
yaratdığı quruculuq şəraiti indi Azərbaycanın
real siyasi və iqtisadi həyatında təzahür edir.
Bu gün
Azərbaycanın iqtisadi möcüzələr ölkəsi
kimi tanınması, müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların qovuşduğu məkanda yerləşən
ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi,
ən əsası, inkişafın Azərbaycan modelinin
dünyaya böyük səs salması təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan
düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycan
bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının
qarşısında dalğalanması, dünyada gedən
proseslərə təsir imkanlarının artması da deyilənlərin
təsdiqidir.
Siyasi,
iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən
ulu öndərin fenomen bacarığı, dövlətçilik
tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz
örnək xidmətləri təcrübə məktəbidir.
Milli məfkurənin, azərbaycançılıq
ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin
qorunması da ulu öndərin adı ilə
bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə
azadlığı, insan hüquqlarının qorunması Heydər
Əliyev dövlətçilik məktəbinin ənənələri
və ayrılmaz tərkib hissəsidir.
Həyatının
mənasını, Azərbaycanın iqtisadi və intellektual
potensialını xalqımızın xoşbəxt və
firavan yaşamasına yönəldən ulu öndər tarixi
şəxsiyyət kimi tək əməlləri ilə deyil,
dolğun, məntiqli çıxışları, natiqlik məharəti
ilə də insanların qəlbinə yol tapırdı. Bu
bir həqiqətdir ki, zəruri, mükəmməl
qanunların qəbulu ilə kifayətlənməyən,
müxtəlif istiqamətlərdə konkret fəaliyyət
proqramının işlənib hazırlanması ilə
ölkə iqtisadiyyatını yeni mərhələ üzrə
inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti
sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq,
sivilizasiyaların dialoq bölgəsinə
çevrilmişdir.
“Biz
demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq,
bütün bəşəri dəyərlərdən istifadə
edərək, ümumbəşəri dəyərlərin
xalqımız üçün və milli mentalitetimiz
üçün, mənəviyyatımız üçün
uyğun cəhətləri götürüb tətbiq edərək
heç vaxt dinimizdən, adət-ənənələrimizdən
ayrıla bilmərik və imtina edə bilmərik” deyən
ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya
yolu ilə inkişafını gələcək
üçün təminat hesab edərək fəaliyyətinin
bütün dövrlərində əsas dayaq kimi xalqa
arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı
bütün prosesləri xalqın istəyinə uyğun
istiqamətləndirmək.
Azərbaycanın
bu gün demokratiya təcrübəsinin digər dövlətlərə
nümunə göstərilməsi də dahi şəxsiyyət
Heydər Əliyevin ölkəmizin gələcək
inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən
bu prinsipləri öndə saxlamasından irəli gəlir:
“Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət
qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər
əsasında fəaliyyət göstərməlidir və
tarixi ənənələrindən, milli ənənələrdən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu yolu
ilə getməlidir”.
Dünya
şöhrətli siyasətçi, müdrik dövlət
başçısı, islahatçı lider kimi tanınan və
adı həmişə hörmətlə çəkilən
ulu öndər siyasi fəaliyyətinin bütün dövrlərində
tək öz xalqı üçün deyil, bəşəriyyətdə
sülhün bərqərar olması naminə
çalışmışdır.
Daim
xalqın müstəqilliyi və azadlığı uğrunda
çalışan LİDER fədakar vətəndaş, rəhbər
kimi fəaliyyətinə də sivil, hüquqi dövlət
quruculuğuna yönəlmiş islahatlardan başladı.
Uzaqgörən siyasətçi yaxşı bilirdi ki,
azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə
nail olmaq nəinki çətindir, hətta
müşküldür. Buna görə də yeniliyə,
müasirliyə aparan mühüm addımları ilə Azərbaycanın
suverenliyini əbədiləşdirən məsələlərin
həllini sürətləndirdi.
Həmin
islahatlar arasında demokratiyanı təkmilləşdirən
məqamlara üstünlük verildi. Xalqına, insanlara
vurğunluğunu onların firavan yaşamasının təminatı
üçün həyata keçirilən islahatlarla təsdiqləyən
Heydər Əliyev Azərbaycanı sivil, demokratik ölkə
kimi tanıtdı. Ümummilli lider Heydər Əliyev
müdrik siyasətçi kimi beynəlxalq aləmə
inteqrasiyanın ən düzgün və
balanslaşdırılmış yolu ilə addımladı.
İnsan hüquqlarının qorunması, ölkəmizdə,
dünyada sülhün bərqərar olmasını fəaliyyətinin
əsas istiqaməti kimi müəyyənləşdirdi, BMT,
AŞ PA, ATƏT kimi nüfuzlu təşkilatlara üzv olmaqla
demokratik islahatların tətbiqinə çalışdı.
Ulu öndərin səyi nəticəsində Azərbaycanda
formalaşan, Prezident
İlham
Əliyevin səyi ilə təkmilləşən demokratik
islahatlar indi nümunə göstərilir, ölkəmiz bəşəri
dəyərlərin beşiyi kimi diqqət çəkir.
Sevindirici haldır ki, proseslər bu gün də dinamik sürətlə
davam etdirilir.
Ulu
öndər Azərbaycanda daim sosialyönümlü bazar
iqtisadiyyatının tərəfdarı olmuş, özəl
sektorun dinamik inkişafı şəraitində sosial problemlərin
həllinə, o cümlədən işəgötürənlərlə
işçilər arasında əmək münasibətlərinin
qanunauyğun qaydada tənzimlənməsini təmin etmək
üçün dəfələrlə qanunvericilik təşəbbüsündən
istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə
bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının müstəqil qurum kimi formalaşması
da məhz ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Məhz
ümummilli liderin şəxsi təşəbbüsü və
nəzarəti altında keçmiş postsovet məkanında
ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları
haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın
normal fəaliyyətinə şərait
yaradılmışdır. Ulu öndərin uzaqgörən
siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun
illər ərzində yaranmış maddi-texniki bazası
qorunub saxlanmış, həmkarlar ittifaqlarının demokratik
idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə
dəstək verilmişdir. Ulu öndər həmişə bu
qurumun fəaliyyətini izləməyə, ona yardım
göstərməyə vaxt tapmış, qurultaylarına təbrik
məktubları göndərmiş, əldə olunmuş
nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri
tövsiyələrini vermişdir.
Ulu
öndərin 2003-cü il fevralın 5-də AHİK-in II
qurultayına ünvanladığı təbrik məktubunda
deyilirdi: “Yeni şəraitdə həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu daha da
artmışdır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının
Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni
prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın
sosial-iqtisadi mənafelərinin qorunmasında fəal
iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar
ittifaqları hazırkı dövrdə əmək prosesinə
cəlb olunmuş Azərbaycan vətəndaşlarının
hüquqlarının müdafiəçisi kimi ölkəmizdə
fəaliyyət göstərən bütün müəssisələrdə,
o cümlədən xarici sərmayə ilə işləyən
təşkilatlarda, transmilli şirkətlərdə iş
şəraitinin müasir standartlara
uyğunlaşdırılması, sosial problemlərin həlli
və əmək hüquqlarının təmin olunması sahəsində
yeni metod və vasitələrdən istifadə edərək
daha ardıcıl və məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Vətəndaşlarımızın
ən böyük ictimai təşkilatı olan həmkarlar
ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından
iştirak etməli, sosial siyasətin həyata keçirilməsində
önəmli rol oynamalıdırlar”.
Məhz
ulu öndərin xeyir-duası ilə “Həmkarlar
ittifaqları haqqında” qanun qəbul edilməklə həmkarlar
ittifaqlarının cəmiyyətdəki yeri və statusu
müəyyən edildi; həmkarlar ittifaqlarının
qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat
orqanlarından və siyasi sistemin digər vəsilələrindən
asılılığı aradan qaldırıldı; həmkarlar
ittifaqlarının bütün strukturlarında, o cümlədən
aşağı vəsiləli həmkarlar ittifaqlarında
inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin
həllində həmkarlar ittifaqlarının və
orqanlarının müstəqilliyi təmin edildi; əmək,
sosial, iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının hazırlanmasında həmkarlar
ittifaqlarının hüquqları tanındı; Azərbaycan
Həmkarlar İttifaqları beynəlxalq həmkarlar
ittifaqları hərəkatının tərkib hissəsinə
çevrildi. Bütün bunlar respublikada həmkarlar
ittifaqı hərəkatının inkişafına stimul
yaradaraq işçilərin sosial-iqtisadi
hüquqlarının müdafiəsini daha səmərəli
formada həyata keçirməyə imkan yaratdı.
Ümummilli
lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident
İlham Əliyevin həmkarlar ittifaqlarının
sosial-iqtisadi məsələlərlə bağlı
mövqeyini dəstəkləməsi və bu sahədə
mühüm qərarlar qəbul etməsi xüsusi əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyev dəfələrlə
həmkarlar ittifaqlarının güclü qüvvə
olduğunu və Azərbaycanda əmək
hüquqlarının qorunmasında, işçilərin
sosial məsələlərinin həllində mühüm
rola malik olduğunu qeyd etmişdir: “Əminəm ki, həmkarlar
ittifaqları cəmiyyətdə əməkdaşlıq
ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə
riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının
qorunması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində çox iş görə bilər”. Cənab
Prezidentin bu fikirləri həmkarlar ittifaqlarını daha da əzmkarlıq,
birlik və həmrəylik nümayiş etdirməyə
istiqamətləndirir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycan Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. 26 sahə həmkarlar ittifaqını öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar.
Azərbaycanın siyasi mənzərəsi sabitdir, dinamik inkişaf bütün sahələrdə hiss olunur. Bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Səttar
MÖHBALIYEV,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Azərbaycan.- 2017.- 9 may.- S. 8.