Əsas Media Mərkəzi fəaliyyətə
başladı
IV
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin
Əsas Media Mərkəzi mayın 8-dən etibarən fəaliyyətə
başladı. Mərkəz İslamiada ərzində
ayrı-ayrı idman obyektlərinin media mərkəzləri ilə
bərabər bütün akkreditasiyadan keçmiş media
nümayəndələri üçün fəaliyyət
göstərəcək. Jurnalistlər burada Oyunları
canlı olaraq monitorlar vasitəsilə izləyəcək və
informasiyanı rahatlıqla çalışdıqları
media orqanına ötürə biləcəklər.
Media
nümayəndələri, həmçinin Mərkəzdən
Oyunlar barədə ətraflı məlumat və Media Bələdçisi
kitabçasını əldə edə bilərlər.
Oyunların açılış və bağlanış mərasimləri
üçün biletləri də buradan götürmək
mümkündür. Bunun üçün mərkəzdə
çalışan əməkdaşlara akkreditasiya sənədini
göstərmək kifayətdir.
Oyunlar
zamanı media nümayəndələri üçün 10
idman obyektini əhatə edən nəqliyyat sistemi fəaliyyət
göstərəcək. 6 idman obyektinə isə ictimai nəqliyyatla
rahatlıqla getmək mümkündür. Nəqliyyat cədvəlində
hər hansı dəyişiklik olarsa, media nümayəndələrinə
bu barədə sms vasitəsilə məlumat veriləcək.
Açılış və bağlanış mərasimləri
günü də media nümayəndələri
üçün nəqliyyat təşkil olunacaq. Nəqliyyat
vasitələri Əsas Media Mərkəzinin
qarşısından yola düşəcək.
Media əməliyyatları
meneceri Rəna Ağayevanın sözlərinə görə,
Əsas Media Mərkəzinin fəaliyyətə
başlamasında məqsəd media nümayəndələrinə
yardımçı olmaq, onların işlərini
asanlaşdırmaqdır: “Mərkəz səhər saat
9:00-dan axşam saat 10:00-a kimi fəaliyyət göstərəcək.
Akkreditasiyadan
keçmiş bütün media nümayəndələri,
fotoqraflar və rəsmi yayım hüququ olmayan operatorlar
istisna olmaqla gəlib öz biletlərini əldə edə bilərlər.
Mərkəzdə jurnalistlər üçün hər
cür şərait yaradılıb. Burada mayın 13, 15, 17, 19
və 21-i tarixlərində media konfranslar keçiriləcək.
Bu konfranslarda gənclər və idman naziri Azad Rəhimov da
daxil olmaqla bir neçə rəsmi şəxsin iştirak etməsi
gözlənilir”.
Qeyd edək
ki, Media Əməliyyatları Komandası IV İslam Həmrəyliyi
Oyunlarında akkreditasiyadan keçmiş Media nümayəndələri
üçün bütün növ lazımi xidmətlərin
planlaşdırılmasına və onlar üçün
müvafiq iş şəraitinin yaradılmasına cavabdehdir.
IV İslam Həmrəyliyi Oyunlarını
işıqlandırmaq üçün təxminən 650 nəfər
jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan TV
şirkətlərin nümayəndələri akkreditasiyadan
keçib.
Azərbaycan.- 2017.- 9 may.- S. 12.