Fransa Respublikasının yeni
seçilmiş Prezidenti Zati-aliləri cənab Emmanuel Makrona
Hörmətli
cənab Makron,
Fransa
Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə
qələbəniz münasibətilə Sizi səmimi qəlbdən
təbrik edirəm. Qazandığınız qələbə
dost Fransa xalqının Sizə olan etimadının və irəli
sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin
göstəricisidir.
Mən Azərbaycan
ilə Fransa arasında ikitərəfli və çoxtərəfli
əlaqələrə böyük əhəmiyyət verirəm.
Yüksək səviyyəli qarşılıqlı səfərlər,
müxtəlif sahələrdə genişlənən
faydalı əməkdaşlıq, çoxşaxəli mədəni
əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin
25 illik tarixini səciyyələndirən cəhətlərdir.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq
və əməkdaşlıq münasibətləri
xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərimizlə bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir.
Fransa eyni
zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı
qüvvələrinin hərbi təcavüzü nəticəsində
işğal edilmiş tarixi torpaqlarımız Dağlıq
Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə
siyasəti aparılmış və bir milyondan çox
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür.
Münaqişə
ilə bağlı BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi,
ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament
Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu təşkilatların
müvafiq qərar və qətnamələri vardır. Lakin
Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər
kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Mən
Fransanın səylərinə xüsusi əhəmiyyət
verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər
münaqişənin ədalətli həllinə nəhayət
öz töhfəsini verəcəkdir. Azərbaycanın
mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq
hüququn normalarına uyğun və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır.
Bir daha
Sizə təbriklərimi yetirir, möhkəm
cansağlığı, xoşbəxtlik, dost Fransa
xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 8 may
2017-ci il.