Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir

 

“Aqrarkredit”  Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit  Təşkilatının inzibati binasında Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yığıncaq  keçirilmişdir.

Tədbiri giriş sözü ilə acan idarə heyətinin sədri Məmməd Musayev  qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət olaraq çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Onun siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda  öz layiqli yerini tutmasında müstəsna rol oynamışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasəti konkret faktlarla diqqətə çatdıran M.Musayev hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.

Daha sonra  “Aqrarkredit”  QSC-nin digər  məsul işçiləri ulu öndər barədə öz fikirlərini bildirdilər.

İdarə heyəti sədrinin birinci müavini Yusub Vəliyev çıxış edərək qeyd etdi ki, hələ Sovet İttifaqı dövründə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş Heydər Əliyev bu vəzifədə işlədiyi dövrdə istedadlı rəhbər kimi hörmət qazanmış, Sovetlər birliyinin, o cümlədən Azərbaycanın inkişafı ücün əvəzsiz xidmətlər göstərmişdir.  Həyatın, siyasi proseslərin gedişini öncədən görmə qabiliyyəti sanki ulu öndərin öncəgörmə vergisi idi. Yalnız İlahidən gələn vergisi olan, bu nadir qabiliyyətdən xalqının taleyi üçün istifadə edən, bu yolda candan keçməyə hazır olan şəxsiyyətlər millət atası olurlar.

İdarə heyətinin üzvü, İnzibati Departamentin direktoru Bəxtiyar Ağayev cıxış  edərək  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə  geniş məlumat verdi.

O qeyd etdi ki,  Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

İclasın sonunda idarə heyətinin sədri M.Musayev yekun nitqində bildirdi ki, Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 13 ildə  milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdən ibarətdir.

İdarə heyətinin sədri ölkənin sosial-iqtisadi inkişafında  “Aqrarkredit” QSC-nin üzərinə düşən vəzifələrdən danışdı və təşkilatın kollektivinin bu işlərin yerinə yetirilməsi ücün əlindən gələni edəcəyinə ümidvar olduğunu  bildirdi.

 

Azərbaycan.- 2017.- 9 may.- S. 5.