Dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlər bundan sonra da genişlənəcək

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə dəvətə, eləcə də göstərilən diqqət və qonaqpərvərliyə görə Zurab Pataradzeyə təşəkkür edib, yenidən Batumidə olmaqdan məmnunluğunu bildirərək deyib: Ölkələrimiz arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələri qurulub. İki dost muxtar respublika arasındakı əlaqələrin hazırkı səviyyəsi onu deməyə əsas verir ki, qardaşlıq münasibətlərimizi hər iki tərəfdən qarşılıqlı səylərlə daha da dərinləşdirməyə qərarlıyıq. Bizim aramızda yaranmış səmimi münasibətlər, həyata keçirilən qarşılıqlı səfərlər yeni perspektivlərin üzə çıxarılmasına öz töhfəsini verir və gələcəkdə də verəcəkdir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında ticarət-iqtisadi, təhsil, səhiyyə və digər sahələrdəki əməkdaşlıq hər iki tərəfin səylərinin nəticəsidir. Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlıq, acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi insanlarımızın bir-birinə daha da yaxınlaşdırılmasına xidmət edir. Biz acarıstanlı uşaqları bu il də Duzdağ Fizioterapiya Mərkəzində müalicə üçün qəbul etməyə hazırıq. Həmçinin iş adamları arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının müzakirə olunması üçün Naxçıvan və ya Batumi şəhərlərində ikitərəfli görüşlərin keçirilməsini təklif edirik.

Ali Məclisin Sədri dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib, göstərilən səmimi münasibətə görə bir daha təşəkkür edib.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edərək deyib ki, biz əlaqələrimizin inkişafında maraqlıyıq. Həmçinin muxtar respublikalarımızda fəaliyyət göstərən universitetlərarası tələbə və müəllim mübadiləsinə, uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsinə, müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında əməkdaşlığa hazırıq.

Söhbət zamanı Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri, Naxçıvan ilə Batumi arasında birbaşa çarter reyslərin açılması, regionda aparıcı tur-operatorların əlaqələrinin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, logistik mərkəzlərin yaradılması, turist axınının artımı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki baş konsul Rəşad İsmayılov, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Acarıstan Ali Sovetinin sədri David Qobaidze, kənd təsərrüfatı naziri Lasa Komaxidze, Turizm Departamentinin sədri Sulxan Qlonti və digər rəsmi şəxslər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Batumi Dövlət Universitetində olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində mayın 6-da Şota Rustaveli adına Batumi Dövlət Universitetində olub.

Universitetin rektoru, professor Merab Xalvaşi Ali Məclisin Sədrini salamlayaraq, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və mütəxəssis hazırlığı barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Batumi Dövlət Universitetinin Gürcüstanın böyük ənənələrə malik ali təhsil müəssisələrindən biri olduğunu bildirərək deyib: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin genişlənməsində təhsil sahəsindəki əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında tələbə-müəllim və elmi-informasiya mübadiləsi aparılır. Bu, dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olmaqla yanaşı, həm də humanitar sahədə əməkdaşlığa öz töhfəsini verir.

Ali Məclisin Sədri Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetində fəaliyyət göstərən “Heydər Əliyev-Azərbaycanşünaslıq Mərkəzi” və “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olub.

 

***

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Gürcüstanın Acarıstan Muxtar Respublikasına rəsmi səfəri başa çatıb.

 

Azərbaycan.- 2017.- 9 may.- S. 14.