Özgə
torpağına göz dikənin müqəddəratı məğlubiyyətdir
Faşizm üzərində Qələbədən 72 il keçir
1941-ci il iyunun 22-də faşist Almaniyası keçmiş SSRİ-yə hücum etdi. Dörd il davam edən dəhşətli bir müharibə başlandı və 1945-ci il mayın 9-da Sovet İttifaqının qələbəsi ilə başa çatdı. Bu müharibə ümumxalq xarakteri daşıyırdı. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı nəhəng bir ölkəni başdan-başa bürümüşdü. İttifaqdakı digər respublikalar kimi, Azərbaycan da faşizmlə mübarizəyə qalxmışdı. İlk gündən xalqımızın minlərlə igid oğlu “Müsəlləh əsgərəm mən də bu gündən” deyərək cəbhəyə yollanmışdı.
1941-ci ilin avqustuna qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 700 minə yaxın insan səfərbər edilib cəbhəyə göndərilmişdi. Onların 300 mindən çoxu qələbə uğrunda canından keçmişdi. 130 nəfərə yaxın Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. 170 min nəfər Azərbaycan əsgər və zabiti orden və medallar almışdı.
Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə. Bu cəbhə o zaman ittifaqda birləşən bütün xalqların vətən dediyi ölkə üçün düşmənə qarşı mübarizədə, döyüşlərdə, qələbə qazanmaqda sözün əsl mənasında arxa-dayaq olmuşdu.
Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksəkkeyfiyyətli yanacaq vermişlər.
Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.
Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Tortun ətrafına toplaşmış alman zabitləri onun Bakı təsvir edilmiş hissəsini dilim kimi kəsmiş və Hitlerin boşqabına qoymuşdular.
Faşistlərin bu məqsədə çatmaq üçün apardıqları gərgin mübarizədən bəhs edərək “Krasnaya zvezda” qəzeti 26 sentyabr 1942-ci il tarixli nömrəsində yazırdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır”.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planı) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.
Faşistlər Bakını tuta bilmədilər. Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı. O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.
Bütün sənaye sahələri cəbhə
üçün məhsul istehsal etməyə
başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq -
neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə
ki, müharibə illərində Bakı ölkə neftinin
70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək
olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə,
1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton
neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər
döyüşən ordunun cəbbəxanalarından birinə
çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin”
pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyyarələri
yığılırdı. Burada 130-dan çox silah və
onların hissələri hazırlanırdı.
Marşal
Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə
tükənməz axınla yüksəkkeyfiyyətli benzin,
silah, döyüş sursatı və ərzaqla dolu yük
qatarları gəlirdi”.
O dövrdə
SSRİ-nin yüksək oktanlı benzinə böyük
ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində
üstünlük əldə etmək üçün vacib
amil idi. Belə ki, bu benzin təyyarənin sürətini
artırır, göyə qalxma müddətini
azaldırdı. Azərbaycanın məşhur
kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları
sayəsində qısa müddətdə belə yüksək
oktanlı benzin alındı.
Azərbaycan
xalqının müharibə illərindəki fədakarlığından
danışarkən ümummilli lider Heydər Əliyev
demişdir: “Bugünkü və gələcək tarix
Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının
xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar
edirəm, bizim mətin insanlarımız, neft sənayesində
çalışan və tarixi xidmətlər göstərərək
cəbhəni yanacaqla təmin edən neftçilər hər
cür şərəfə layiqdirlər”.
Təsadüfi
deyil ki, 9 may Qələbə Günü hər il Azərbaycanda
böyük təntənə ilə qeyd edilir. O acı olaylar
da yaddan çıxmır ki, 1990-cı illərin əvvəllərində
AXC-Müsavat cütlüyü öz hakimiyyəti
dövründə bu bayramı ləğv etmişdi.
Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu
günə yenidən önəm verdi və indi o, rəsmi
bayramlar sırasında qeyd olunur. İstər bayram
günündə, istərsə digər vaxtlarda faşizm
üzərində Qələbə üçün Azərbaycanın
göstərdiyi qəhrəmanlıq yada salınır.
İkinci Dünya müharibəsinin iştirakçıları
ulu öndərin onlara ehtiram bəsləmək ənənəsini
davam etdirən Prezident İlham Əliyevin diqqət və
qayğısından çox məmnundurlar.
Dövlət
başçısı hər il Qələbə Günü ərəfəsində
olduğu kimi, bu il aprelin 24-də də İkinci Dünya
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi
yardım verilməsi haqqında sərəncam imzalayıb.
Xalqımızın
başını uca etmiş, Azərbaycana heç vaxt
sönməyəcək, solmayacaq bir şöhrət çələngi
gətirmiş bu insanlar sevgi və ehtirama layiqdirlər.
İndi onların sıraları xeyli seyrəlib,
döyüş dostlarının, silahdaşlarının
çoxu dünyasını dəyişib. Keçən əsrin
80-ci illərindən üzü bəri, o cümlədən
keçən ilin zəfərli aprel döyüşlərində
Azərbaycan torpağı uğrunda canından keçən
şəhidlər və bu gün ön mövqedə dayanan
igidlər isə onların nəvələri, nəticələridir.
Babalarının keçdiyi həyat dərsi bu gənclərə
öyrədib ki, özgə torpağına göz dikənin
müqəddəratı məğlubiyyətdir. Faşizmin
sonu ifşadır, nifrət və
rüsvayçılıqdır. Torpağı uğrunda
vuruşanların isə başı və şərəfi həmişə
ucadır.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 9
may.- S. 15.