Mehriban Əliyevaya növbəti beynəlxalq etimad

 

Azərbaycanın Birinci vitse-prezidenti  Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

 

İslam dünyasının ən mötəbər idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox atlet qalib adı uğrunda gərgin mübarizə aparacaq. Bütün nüfuzlu turnirlərdə uğurla çıxış edərək Azərbaycanın adını daim uca tutan idmançılarımız üçün doğma meydanda növbəti tarixi yazmaq üçün əla fürsət yaranıb. Azarkeşlərin medal gözlədiyi idman növləri sırasında gimnastika  xüsusi yer tutur.

Ümumiyyətlə, gimnastika bütün dünyada populyarlıq qazanmış idman növlərindən biridir. Elə dövlətlər var ki, onlar gimnastika ölkəsi də adlanır. Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya, Yaponiya və bir sıra digər ölkələr güclü gimnastları ilə məşhurdurlar. Bu ölkələrdə güclü gimnastika məktəbləri, ənənələri var. Təqdirəlayiq haldır ki, Azərbaycan da artıq bu ölkələr sırasına qoşulub. Son illər idmanın bu növü sürətlə inkişaf edir.  Bu nailiyyətlər Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb.

Federasiyanın yeni rəhbərliyi ilk illərdə ölkə gimnastikasının imkanlarını öyrənib, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətlər gimnastika bölmələrinin fəaliyyətinin gücləndirilməsi, məşq üçün yaxşı şəraitin yaradılması, yeni klub və bölmələrin açılması, ölkə çempionatının yüksək səviyyədə təşkili, AGF-nin beynəlxalq əlaqələrinin qurulması, dünya və qitə federasiyaları ilə əməkdaşlığın genişləndirilməsi idi. Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda daha çox iştirakının təmin edilməsi, gimnastikanın maddi-texniki bazasının möhkəmləndirilməsi və təbliğ olunması istiqamətində mühüm nəticələr əldə edildi.

Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Gimnastlarımız beynəlxalq turnirlərdə qazandıqları nəticələrlə xalqımızı sevindirməyə başladılar. Eyni zamanda bu sahədə aparılan məqsədyönlü fəaliyyət nəticəsində artıq Bakı beynəlxalq miqyaslı yarışlara evsahibliyi etməyə başladı.

Sevindirici haldır ki, ötən 15 il ərzində gimnastikanın bütün növlərinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Bunun 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında bir daha şahidi olduq. İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları, eyni zamanda iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika da 14-21 iyun tarixlərində I Avropa Oyunlarında nümayiş olundu. Bu yarışlarda gimnastlarımız 7 medal qazanaraq böyük uğura imza atdılar.

On iki ölkədən çoxlu sayda gimnastın yarışacağı İslamiadada yığmamız 9 idmançı ilə təmsil olunacaq. Yığmaya bədii gimnastika üzrə 3, kişi və qadın idman gimnastikası üzrə hər biri 3 olmaqla 6 idmançı daxildir. Ölkəmizi İslamiadada bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ərəfəsində Azərbaycan gimnastikası  adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olundu. Bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edildi. 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-in ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-in texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak etmişlər.

Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib. Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 11 may.- S. 1; 6.