İlham Əliyev: "İslam Həmrəyliyi
Oyunları bütün İslam dünyasının birlik, həmrəylik
günləri olacaq"
İslam Əməkdaşlıq Təşkilatının
rəsmi mətbuat orqanı olan "OIC Journal"
jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "İslam həmrəyliyinin gücləndirilməsi
zamanın çağırışıdır" sərlövhəli
məqaləsi dərc edilib.
Milli.Az AZƏRTAC-a
istinadən məqaləni təqdim edir.
***
Qədim tarixə, zəngin
mədəni irsə, böyük təbii və insan
resurslarına malik İslam aləmi müasir dünya
nizamının, beynəlxalq münasibətlər sisteminin
yaranması və inkişafında əhəmiyyətli rol
oynamışdır. İslam dini həmişə sülh,
tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və
dünya sivilizasiyasına sanballı töhfələr
vermişdir.
Müsəlman
dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan
İslam mədəni irsinin yaranması və qorunub
saxlanmasında önəmli məkanlardan biri kimi
tanınır.
VII-VIII əsrlərdən etibarən Azərbaycan
ərazisində geniş yayılmış İslam dini
xalqımızın mənəvi həyatını daha da zənginləşdirmiş,
tarixin sonrakı mərhələlərində onun həyat tərzini
və birgəyaşayış normalarını müəyyən
edən əsas amillərdən birinə çevrilmişdir.
Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı,
Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası
qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah
kompleksi, Gəncə "İmamzadə" kompleksi və digər
çoxsaylı abidələr Azərbaycanın İslam
dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli
töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi
keçmişinə, mənəvi sərvətlərinə
hörmətlə yanaşmış, hətta 1918-ci ildə
yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
simvolu olan bayrağında İslama mənsubluğunu əks
etdirmişdir. SSRİ-nin tərkibində
olduğu dövrdə basqılara məruz qalmasına
baxmayaraq, xalqımız dini ibadətgahların və məscidlərin
bir hissəsini qoruyub saxlamış, dini dəyərlərinə
sadiq qalmışdır.
1990-cı illərin əvvəllərində
dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda
din və vicdan azadlığı bərqərar olmuş, dini
abidələrin, məscidlərin, ibadətgahların bərpası
sahəsində mühüm işlər
görülmüşdür. Əgər
SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət
göstərirdisə, 2017-ci ilin əvvəlinə onların
sayı 2166-ya çatmışdır. Hazırda
ölkədə 306 məscid dövlət tərəfindən
tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah
kompleksi, Təzəpir məscidi, İçərişəhər
Cümə və Həzrət Məhəmməd məscidləri,
Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi,
Gəncə "İmamzadə" kompleksi və onlarla digər
dini abidə və məscid dövlət tərəfindən əsaslı
şəkildə təmir və bərpa edilərək
dindarların istifadəsinə verilmişdir.
Qeyd edim ki, 25 illik müstəqilliyimiz
dövründə Azərbaycan bütün sahələrdə
böyük uğurlara imza atmışdır. XX əsrin
90-cı illərindən başlayaraq transmilli enerji layihələrinin
həyata keçirilməsi bizə milli
iqtisadiyyatımızı inkişaf etdirmək, qeyri-neft sahəsini
iqtisadiyyatın aparıcı seqmentinə çevirmək
üçün geniş imkanlar yaratdı. Son 10 ildə ölkənin bütün infrastrukturu
modernləşdirilmiş, enerji təhlükəsizliyi tam, ərzaq
təhlükəsizliyi isə əsasən təmin
edilmiş, yoxsulluq və işsizliyin səviyyəsi 10 dəfə
azalaraq 5 faizə düşmüşdür. Müasir nəqliyyat-tranzit infrastrukturuna malik Azərbaycan
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılmasında fəal iştirak edir və
artıq qlobal nəqliyyat qovşağına çevrilir.
XXI əsrin layihəsi kimi xarakterizə edilən
və hazırda uğurla reallaşdırılan "Cənub
Qaz Dəhlizi" böyük Azərbaycan qazının
dünya bazarına çıxarılmasına şərait
yaradacaqdır.
Müstəqillik
dövründə İslam aləmi ilə münasibətlərin
qurulması və inkişaf etdirilməsi Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil
etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz
müsəlman ölkələrində fəaliyyətə
başlamış, dövlətimiz qısa zamanda İslam
Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO
kimi müsəlman dünyasını birləşdirən
qurumların fəal üzvünə çevrilmişdir.
Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə
töhfə verən İƏT Gənclər Forumu,
İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv
Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni
qurumların yaradılmasının təşəbbüskarı
olmuşdur. Eləcə də ölkəmiz
müsəlman dünyası ilə əlaqələrin
genişləndirilməsinə xidmət edən ikitərəfli
və çoxtərəfli əməkdaşlıq
formatları qurmuş, bu çərçivədə həyata
keçirilən bir çox layihələr
qarşılıqlı münasibətlərin möhkəmlənməsinə
yönəlmişdir.
Qarşıdakı dövrdə
İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın
siyasi əlaqələrimizin səviyyəsinə çatdırılması
bizim əsas hədəflərimizdən biridir. Biz
bütün sahələrdə İslam dünyası ilə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini
inkişaf etdirməyə xüsusi önəm veririk.
Birləşmiş Millətlər
Təşkilatı başda olmaqla beynəlxalq qurumlar çərçivəsində
qarşılıqlı dəstək bizim mövqelərimizi
gücləndirir. Qeyd edim ki, 2012-ci ildə Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində
İslam ölkələrinin böyük rolu olmuşdur.
Biz bunu İslam ölkələri ilə siyasi əlaqələrimizin
yüksək səviyyəsinin, qarşılıqlı dəstək
və həmrəyliyin təzahürü kimi qəbul edirik.
Azərbaycan da BMT Təhlükəsizlik
Şurasının üzvü olduğu dövrdə İslam
dünyasının maraqlarına xidmət edən bir sıra
təkliflər irəli sürmüş və həyata
keçirmişdir. Məsələn,
ölkəmiz terrorçuluğa qarşı mübarizə
üzrə yüksək səviyyəli beynəlxalq
konfransın keçirilməsi təşəbbüsü ilə
yanaşı, həm də BMT və İslam Əməkdaşlıq
Təşkilatı arasında əməkdaşlığın
genişləndirilməsi mövzusunda yüksək səviyyəli
görüşün təşkilinə nail olmuşdur.
Etiraf etməliyik ki, bu
gün İslam aləmi ciddi çağırışlar,
öz həllini gözləyən çoxsaylı problemlərlə
üz-üzədir. Onların sırasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini, Fələstin və
Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində
yaranmış qarşıdurmaları, qaçqın
böhranını və digər məsələləri qeyd
etmək olar. Məlumdur ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi
torpaqlarını zəbt etmək və həmin ərazilərdə
öz dövlətlərini qurmaq planlarını
reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata
keçiriblər. İndiki Ermənistan dövləti
də məhz Azərbaycanın əzəli torpaqlarında
yaradılmışdır. Bu təcavüzkar siyasəti
davam etdirən Ermənistan ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycan ərazilərinin 20
faizini işğal etmiş, bunun nəticəsində bir
milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilmiş,
soydaşlarımıza qarşı etnik təmizləmə və
soyqırımı həyata keçirilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik
Şurası Azərbaycana qarşı güc tətbiqini və
ərazilərinin işğalını qınayan, ölkəmizin
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığını təsdiq edən dörd qətnamə
qəbul etmişdir. Bu kimi sənədlər
ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı
və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən
də qəbul olunmuşdur. İƏT Azərbaycanın
ərazi bütövlüyü və haqlı mövqeyini dəstəkləyən,
Xocalı soyqırımını tanımağa, Ermənistanın
işğalçılıq siyasətinə qarşı
praktiki addımlar atmağa səsləyən çoxsaylı
qətnamələr qəbul etmiş, məsələ təşkilatın
Xarici İşlər Nazirləri Şurasında dəfələrlə
müzakirə olunmuş, həmçinin 2016-cı ilin
sentyabrında İƏT çərçivəsində Ermənistanın
Azərbaycana qarşı təcavüzünə dair Kontakt
Qrupu təsis edilmiş və onun ilk iclası
keçirilmişdir. Hesab edirəm ki, Ermənistanı
açıq-aydın təcavüzkar kimi tanıyan BMT və
İƏT-in qətnamələri işğalçı
dövlətlə münasibətləri inkişaf etdirmək
niyyətində olan bütün müsəlman ölkələri
üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın
işğalçılıq siyasəti təkcə Azərbaycanın
dini-mədəni sərvətlərinə qarşı deyil, həm
də ümumilikdə İslamın tarixi-mədəni irsinə
qarşı olan hücumdur. Ermənistanın
işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə
aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq
və s. dağıdılmış, bütün bunlar
ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən
təsdiq olunmuşdur. Onu da bildirmək istərdim
ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı
Azərbaycan torpaqlarını işğal etdiyinə görə
rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə
bu ölkə ilə heç bir əlaqə
qurmamışdır. Hazırda 5 müsəlman
dövləti Xocalı soyqırımını rəsmən
tanımışdır. Biz bütün
bunları qardaş münasibəti və real dəstəyin
nümunəsi hesab edirik.
Azərbaycan İslam
dünyasında mövcud münaqişələrin həllinə
öz töhfəsini əsirgəmir, problemlərin ədalətli
həlli ilə bağlı müzakirələrdə birmənalı
olaraq beynəlxalq hüququ müdafiə edir və öz
prinsipial mövqeyini həmişə qoruyub saxlayır. Ölkəmiz 2013-cü ildə
"Qüds şəhərinin inkişafına dair strateji
planın maliyyələşdirilməsi üçün donor
konfransı"na, eləcə də
"Fələstin dövlətinin dəstəklənməsi
üçün İslam maliyyə təhlükəsizlik
şəbəkəsinin yaradılması" adlı konfransa
ev sahibliyi etmiş və bu məqsədlər
üçün ciddi məbləğdə ianə
ayırmışdır.
İslam dini-mənəvi dəyərlərinə
sıx bağlı olan Azərbaycan həm də dünyada
multikulturalizmin mərkəzlərindən biri kimi
tanınır.
Biz Azərbaycanda mədəni müxtəlifliyin,
etnik və dini tolerantlıq mühitinin təmin
olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli
ayrı-seçkilik olmamış, bütün dinlərin
nümayəndələri dinc və qarşılıqlı
anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru
inamla getməyin ən optimal yoludur.
Biz islamofobiyaya qarşı
açıq şəkildə çıxış edirik və
dünyada İslam dəyərlərinin təbliği
üçün ardıcıl iş aparırıq. Azərbaycan məşhur Luvr muzeyində İslam
bölməsinin təşkilində fəal iştirak
etmiş, həmçinin Vatikanda öz sərgisini
nümayiş etdirən ilk müsəlman ölkəsi
olmuşdur. Bakı şəhəri 2009-cu
ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin
paytaxtı elan edilmiş, 2018-ci ildə isə bu şərəfli
ada bizim digər qədim şəhərimiz olan
Naxçıvan layiq görülmüşdür.
Azərbaycan mədəniyyətlərarası
dialoqun gücləndirilməsi üçün praktiki
addımlar atır. Hər il Mədəniyyətlərarası
Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi
böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən
Bakı şəhəri artıq "Humanitar Davos"
adını qazanmışdır. 2016-cı ildə
biz Yaxın Şərq və Afrika ölkələrindən
Avropaya pənah aparan miqrantların necə aqressiv
qarşılandığının, islamofob meyillərin
açıq şəkildə özünü büruzə
verdiyinin şahidi olduq. Belə vəziyyətdə Azərbaycan
2016-cı ili "Multikulturalizm ili" elan edərək bir
daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin,
etnik qrupların nümayəndələri bir ölkədə,
eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər.
Biz nəinki ölkə daxilində
etnoslararası, dinlərarası münasibətləri ən
yüksək səviyyədə tənzimləyirik, həm də
dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi
modelini təqdim edirik.
Həm Avropa Şurasına,
həm də İƏT-ə üzv olan nadir ölkələrdən
biri kimi Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə
əməli töhfə verir. Məlum olduğu kimi,
2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin
mədəniyyət nazirlərinin toplantısı
keçirilmiş və həmin tədbirə həm də
İƏT nümayəndələri dəvət
olunmuşlar. 2009-cu ildə isə
İƏT-ə üzv ölkələrin nazirlərinin
Bakıda keçirilən toplantısına Avropa
Şurası ölkələrinin nazirləri də dəvət
edilmişdir. Hesab edirəm ki, bu, dünya
miqyasında çox mühüm hadisə olmuş və
layiqli şəkildə sivilizasiyalararası dialoqun
"Bakı prosesi" kimi tarixə
düşmüşdür.
2015-ci ildə Azərbaycan birinci
Avropa Oyunlarına ev sahibliyi etmiş və
bu mühüm idman bayramını Yay Olimpiya Oyunları səviyyəsində
keçirmişdir. Bu il isə Bakıda IV
İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və
İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi
rəmzi məna daşıyır və Azərbaycanın
sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və
mədəni körpüyə çevrildiyini göstərir.
Biz bu nadir mövqeyimizi dünyada sülhün,
multikulturalizmin, dözümlülüyün bərqərar
olması naminə istifadə edirik.
Bu gün müsəlman
dünyasının əvvəlki dövrlərdə heç
zaman olmadığı qədər daha çox birliyə və
həmrəyliyə ehtiyacı var. Buna görə də
2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi
İli" elan olunması bütün müsəlman aləminə
və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi
İli"nin əsas məqsədləri
müsəlman aləmində birliyi möhkəmləndirmək,
İslamın sülh və mədəniyyət dini
olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda
keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə
idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam
dünyasının birlik, həmrəylik günləri
olacaqdır.
Azərbaycan.- 2017.-11 may.- S.6.