Baş ziyarətgah

 

Böyük şəxsiyyətlərin tarixdə yerini zaman müəyyənləşdirir. Kimin tarixin yaddaşında əbədi qalacağına o qərar verir. Bu da həqiqətdir ki, yalnız öz xalqının sevgisini qazananların adları əbədiyyət adlı ünvana həmişəlik yazılır. Belə şəxsiyyətlərin ömür yolu keşməkeşli olur. Onlar həyatın sərt sınaqları ilə dönə-dönə qarşılaşırlar, dövrün, zamanın ağır imtahanlarından keçməli olurlar. Öz mübarizlikləri, qətiyyətləri, dönməzlikləri ilə bütün çətinliklərin öhdəsindən gələ bilirlər. Xalqın təlatümlü günlərində ona yoldaş, yol göstərən olurlar. Ona görə də tarixdə qala bilirlər. Doğma xalqı onları heç zaman yaddan çıxarmır, öz sonsuz sevgilərini ifadə etməkdən qürur duyurlar.

Mayın 10-da anadan olmasının 94 illiyində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edənlər də böyük məhəbbətlə, fəxrlə ulu öndər haqqında danışır, onun qurucusu olduğu müasir Azərbaycanın inkişafına görə bu gün nəinki Cənubi Qafqazda, eləcə də dünyanın aparıcı dövlətləri sırasında olduğunu fərəhlə dilə gətirirdilər. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, buna görə də ölkəmizin gələcəyindən arxayın olduqlarını qürurla söyləyirdilər.

Fəxri xiyabana insan axını bütün gün davam etdi. Ziyarətə gələnlər arasında müxtəlif yaşlardan olan insanlar var idi. Bu da ulu öndərin örnək ömür yoluna, xalqı üçün, ölkəsinin tərəqqisi naminə həyata keçirdiyi işlərə ehtiramın təzahürüdür. Təkcə paytaxt sakinləri deyil, ölkəmizin müxtəlif bölgələrindən ziyarətə gələnlərin sayı-hesabı bilinmirdi. Yaşından, vəzifəsindən asılı olmayaraq, yüz minlərlə insan ümummilli liderə məhəbbətini, minnətdarlığını bildirmək üçün Fəxri xiyabana axışırdılar.

Gənclərin daha çox kollektiv şəkildə Fəxri xiyabana ziyarətə gəldikləri diqqətimizi çəkdi. Onlardan biri - Asiman Aslanova tələbə olduqlarını söylədi: Biz bilirik ki, ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük qayğı göstərib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında əhəmiyyətli yer tutur. Həmin siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar”.

Tələbə Aysel Azadova həm də IV İslam Həmrəyliyi Oyunlarının könüllülərindəndir. O, Azərbaycan gənclərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu, bunun onları gələcəyə ruhlandırdığını söylədi.

Bakı şəhər sakinləri Qönçə Səmədova, Mətanət Nəcəfova, Zaur Qafarzadə və başqaları hər il ulu öndərin məzarını ziyarətə gəldiklərini, bunu özləri üçün mənəvi borc bildiklərini, Heydər Əliyevin hakimiyyəti illərində başlayan inkişaf yolunun xalqımızı daha uca zirvələrə aparacağına inamlarını ifadə etdilər. Paytaxt sakini Ramiz Xəlilov vurğuladı ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, dünya birliyində layiqli yer tutması Heydər Əliyevin böyük əməyinin nəticəsidir.

Bakı Metropoliteninin qəza-bərpa məntəqəsinin böyük ustası Əşrəf Əzizov ulu öndərin istər birinci, istərsə də ikinci hakimiyyəti müddətində Azərbaycan naminə böyük işlər gördüyünü bildirdi: “Azərbaycan məhz həmin dövrlərdə istər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində bir çox uğurlara imza atdı”.

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Sevda Bəxtiyarova, Yeganə Ağamalıyeva, Məleykə Azadova ulu öndərin elmin, təhsilin inkişafında əvəzsiz rol oynadığını xüsusi qeyd etdilər. Yeganə Ağamalıyeva əlavə etdi ki, Heydər Əliyev elə bir şəxsiyyət idi ki, tək Azərbaycan çərçivəsinə sığmırdı: “Azərbaycanda hara baxırıqsa, onu görürük. Mən özüm ixtisasca memaram. Ona görə memarlıqla bağlı böyük rəhbərin tövsiyələri bizi heyran qoyurdu. Digər peşə sahiblərinin də hər biri ulu öndərin onların sənəti haqqında nə qədər böyük məlumatlara malik olduqlarını söyləyirlər. Çünki Heydər Əliyev elə bir unikal şəxsiyyət idi ki, hər bir sahə haqqında onun mütəxəssisi kimi danışırdı. Bu mənada da ümumlli lider bizim hər birimiz üçün nümunədir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov ulu öndər haqqında danışmağın çox şərəfli olduğunu diqqətə çatdırdı: “Heydər Əliyev bizə Azərbaycan adlı güclü bir məmləkət qoyub gedib. O, Azərbaycan xalqının xilaskarıdır. Ulu öndər bizi böyük bəlalardan xilas edib. Ölkə daxilində sülhün, sabitliyin bərqərar olmasına nail olub. Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Mən tarixçi kimi deyirəm ki, taleyin lütfü, Tanrının köməyi, xalqın tələbi ilə ulu öndər hakimiyyətə qayıtmasaydı, millətin taleyi sual altında olacaqdı. Biz qürur duyuruq ki, Heydər Əliyev bizə müasir Azərbaycan kimi bir dövləti miras qoyub. O, bizə bu dövləti yaşatmağın, inkişaf etdirməyin yolunu göstərib. Fəxr edirik ki, bu gün İlham Əliyev kimi bir Prezidentimiz var. Ölkə rəhbəri dahi Heydər Əliyevin siyasi kursunu davam etdirir, hakimiyyət sükanını əlində möhkəm saxlayır və bizi işıqlı gələcəyə aparır”.

Mətləb İmanov Gəncə şəhərinin sakinidir. On beş ildir ki, hər ilin bu gününü Bakıya gəldiyini deyir: “Mən Gəncə şəhərində yaşayıram. Hər il ümummilli lider Heydər Əliyevin həm doğum günündə, həm də anım günündə bura - Fəxri xiyabana ziyarətə gəlirəm. Bunu özümə mənəvi borc bilirəm. Çünki ulu öndər Heydər Əliyev bütün ömrünü xalqının xoşbəxtliyi, müstəqilliyi uğrunda mübarizəyə sərf edib. Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev vətənimizi daha da inkişaf etdirəcək. Tezliklə bir arzumuza da çatacağıq: Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında qalan torpaqlarımızı geri qaytaracağıq”.

Xalqın sevgisi və inamı güclüdürsə, o ölkənin qələbələrə yolu yaxındır. Azərbaycan vətəndaşının düşüncəsində ulu öndərin simasında örnək bir ömür var. Xalq üçün mayak olmağın nümunəsidir bu ömür.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 11 may.- S. 8.