Əbədiyaşar şəxsiyyət

 

Ümummilli liderin xatirəsi ölkəmizdə və xaricdə böyük ehtiram və minnətdarlıqla anılır

 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar bu günlərdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsi böyük hörmət və ehtiramla anılır, yad edilir.

Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.

 

Ulu öndərin xatirəsi ABŞ-da da yad edildi

 

Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində silsilə tədbirlər keçirilib. Bu məqsədlə may ayının 5-dən Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdə olublar.

Mayın 6-da Los Anceles şəhərində keçirilən konsert böyük mədəniyyət hadisəsi kimi yadda qalıb. Konsert Los Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum teatrında təşkil edilib. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqi və rəqslərimizdən əvəzsiz nümunələrin səsləndirilməsi və nümayişi, 2 minə yaxın tamaşaçı tərəfindən böyük rəğbətlə və gurultulu alqışlarla qarşılanıb.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək ulu öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətləri barədə danışıb. Qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olmuş, bütün istiqamətlərdə yeni təşəbbüslərə start vererək müasir Azərbaycanın tərəqqisinin təməlini qoymuşdur. Ümummilli liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyini bildirib.

Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətini, özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapmışdır.

Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək bildirib ki, ölkəmizin yeni tarixində xüsusi yeri və xidmətləri olmuş dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev həm də müstəqil dövlətimizin xilaskarı kimi də şanlı səhifə yazıb. Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx tamaşaçılara təqdim olunub.

Daha sonra incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən geniş repertuarda xalq mahnılarımızdan, muğamlarımızdan, dahi bəstəkarlarımızın ölməz əsərlərindən, solo ifaçılıq sənətimizdən və milli rəqslərimizdən ən gözəl nümunələrə yer verilib. Bu səpkidə xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı, muğam, təsniflər, simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin sözün əsl mənasında, zövqünü oxşayıb.

Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məşhur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb. Səfər çərçivəsində “Əli və Nino” filmi nümayiş etdirilib, “Bakı şəhəri san dieqolu fotoqrafın gözü ilə” adlı fotosərgi də keçirilib.

Səfər zamanı Los Ancelesin siyasi, ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporunun və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.

 

Xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar paytaxtda və ölkəmizin regionlarında da silsilə tədbirlər keçirilir. Bu sırada Nəsimi rayon rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələrinin, Milli Məclis deputatlarının, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

Zamanın bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilmiş, Azərbaycanın dünəni, bugünü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul etmişdir. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qəbul etdiyi qərarlarda, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirmişdir - deyə Asif Əsgərov vurğulayıb.

Fədakar həyatı, çoxcəhətli fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ümummilli liderə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər bir ifadədə öz əksini tapır. Tarixdə zaman-zaman elə dahi şəxsiyyətlər olmuşdur ki, onlar xalqlarının taleyində əvəzsiz rol oynamış, tarixin çətin sınaqlarından müdrikliklə çıxaraq özünün dəmir iradəsi, güclü liderlik bacarığı sayəsində millətini intibaha, yüksəlişə aparmağa nail olmuş, nəticədə xalqı və vətəni naminə gördüyü misilsiz xidmətləri ilə tarixi salnamələr yaratmışlar. Belə insanların taleyinə digərlərindən fərqli olaraq xilaskarlıq missiyası yazılır, onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, öz ardınca cəmiyyəti, hər bir fərdi inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa doğru aparmaq kimi mühüm və məsuliyyətli bir vəzifə düşür. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev də məhz belə dahi tarixi şəxsiyyətlərdəndir.

 

Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmət

 

Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, adət-ənənələrini yaşadıb. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyubdur. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ulu öndər Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradıb, dövlət idarəçilik mexanizmini formalaşdırıb. 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi olmaqla yanaşı, milli intibahımızın bünövrəsinin qoyulması, Heydər Əliyevin isə tarixə milli intibahımızın banisi kimi adını həkk etməsi ilə səciyyələndi. Fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitini, həm də insan resurslarını müstəqilliyə hazırlayan Heydər Əliyev sistemli bir şəkildə milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirərək məqsədyönlü, düşünülmüş tədbirlər həyata keçirmişdir.

“Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda da özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir” - deyən A.Əsgərov əlavə etdi ki, həmin dövrdə Heydər Əliyev fenomeni Ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı, Siyasi Büronun üzvü olduğu 1982-1987-ci illərdə də Heydər Əliyevin qəlbi Azərbaycanla, Azərbaycan üçün döyünmüşdür. Təsadüfi deyil ki, ümummilli liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır. Həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü - yeni missiya başlanmışdır. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində məhz Xilaskar missiyasını yerinə yetirmişdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası, güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, dahi öndərin ideyaları neçə-neçə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaq. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi “Əbədiyaşar lider” zirvəsinə yüksəldən onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Heydər Əliyevin həyatı və fəaliyyəti öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaqdır, - deyə icra başçısı vurğulayıb.

Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Auditorlar Palatasının sədri Vahid Novruzov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Ağacan Abıyev, Rauf Əliyev, Aydın Hüseynov, Fərəc Quliyev, Kamran Nəbizadə, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Azər Badamov, Vahid Əhmədov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva və digər rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan televiziyasının Dilarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə Emin Sabitoğlunun, Soltan Hacıbəyovun, Ramiz Mirişlinin, Elza İbrahimovanın əsərləri ifa edilmiş və tanınmış incəsənət nümayəndələrinin - Lalə Məmmədova, Zakir Əliyev, Sabir Piriyev və digərlərinin ifaları, xüsusilə Fəridə Hüseynovanın ifasında Sevil Əliyevanın “Xatirə” əsəri mərasimi daha rəngarəng edib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.

 

Musiqi məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər

 

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kamera və orqan musiqisi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konserti keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, iyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində sosial, iqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən yüksək göstəricilər ölkəmizin qüdrətini daha da artırmaqdadır.

Sonra musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və dirijor, xalq artisti Teymur Göyçayevin müşayiəti ilə musiqi əsərlərini səsləndiribər.

 

Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilib. İməciliyin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Mayın 10-da keçirilən iməcilikdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Hacıbəyli küçələrində, park və bağlarda 45 min gül kolu, 500-dən artıq şam və sərv ağacları, 1500 kvadratmetrdən çox qazon vurulub.

Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

 

Yeni park istifadəyə verildi

 

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə genişmiqyaslı abadlıq işləri aparılmış, ağaclar budanmış, aparılmış yenidənqurma işlərindən sonra istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni oturacaq qoyulmuşdur. Uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə istifadəyə verilən parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 11 may.- S.9.