Naxçıvanda  faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub

 

Qəhrəmanlar unudulmur

 

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onları alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri kompleksdəki abidənin önünə tər gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib.

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzüblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib, cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq göstərərək Zaqafqaziya cəbhəsindən Berlinədək qanlı-qadalı döyüş yolu keçiblər. Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub.

Naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşüb, qələbənin qazanılmasında öz töhfələrini veriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını ordenmedallarla təltif olunub.

1941-1945-ci illər veteranlarını “xalqın qızıl fondu” adlandıran ümummilli lider Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müharibə veteranlarının qayğılarına diqqətlə yanaşıb, onların sosial məsələlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edib. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib.

Ulu Öndərimizin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də müharibə veteranlarına xüsusi qayğı göstərir. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuşya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi bu diqqət və qayğının parlaq ifadəsidir.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”.

Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə tədbirlər keçirilib.

 

Azərbaycan.- 2017.-11 may.- S.15.