Sağalmayan yaralar

 

Vücudu zəiflədiyindən əsanın köməyi ilə otağın içində güclə hərəkət edirdi. Qulaqları isə, demək olar ki, eşitmirdi. Amma yaddaşına söz ola bilməzdi. O, verdiyimiz bir neçə sualı cavablandırmaq üçün yaddaşını yenidən oyatdı, gözləri yol çəkdi. Nəhayət, qırıq-qırıq səslə söhbətə başladı. Məlum oldu ki, 1925-ci ildə Biləsuvar (keçmiş Puşkin) rayonunun Biləsuvar kəndində anadan olub. Həmin kənd o vaxtlar indiki sərhəd keçid məntəqəsinin yerində imiş. Sonralar kənd məlum səbəblər üzündən ləğv edilir.

Yeniyetməlik dövründə kəndlərindəki fermada əvvəlcə hesabdar, sonra isə müdir işləyir. O zaman Mustafa Əliyevin 17 yaşı varmış. Necə deyərlər, sütül, sarışın, bığ yeri təzəcə tərləmiş M.Əliyev rayon hərbi komissarlığına gedir. Boy-buxunca kiçik, çəlimsiz Mustafanı komissarın yanına buraxmaq istəmirlər. Qətiyyətli olduğunu gördükdə içəri keçməyə icazə verirlər. Hərbi komissar onu başdan-ayağa süzüb sorğu-sual edir. Cəsarətli, qorxmaz, iradəli olduğuna inanıb döyüşə getməsinə icazə verirlər. O vaxta qədər isə müharibədə bir qıçını itirib geri qayıdan, Bəydili kəndində cavanlara silahla davranmağı, səngər qazmağı və əsgərlik həyatının digər xüsusiyyətlərini öyrədən Ağaəlinin kursuna gedən gənclərdən biriMustafa imiş. O, 1942-ci ilin yayında cəbhəyə yola düşür. Əvvəlcə onları Mazdoka aparırlar. Orada ilk dəfə müharibənin nə olduğunu başa düşür. Döyüşçü yoldaşlarının aldıqları güllə yaralarından dünyalarını dəyişdiyini gördükdə sarsılsa da, zaman keçdikcə istər-istəməz müharibənin qayda-qanunlarına da uyğunlaşır. Həlak olan əsgər dostlarının qisasını almaq üçün silaha bərk-bərk sarılır. Mazdok alman faşistlərindən azad edilir. Lakin böyük vətən saydığımız keçmiş SSRİ-nin digər yerlərində hələ qızğın döyüşlər gedirdi. Odur ki tərkibində olduğu 222-ci diviziyanın 774-cü atıcı alayı Smolensk istiqamətinə yola düşür. Özüpay-piyada. Yol boyu almanların güclü həmlələri ilə qarşılaşsalar da, qorxmadan irəliləyirlər. Smolenskin azad olunması zamanı cəsur əsgər kimi doğulub boya-başa çatdığı torpağın başını uca edir, komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamələr alır, onların bir çoxu Biləsuvar rayonunun hərbi komissarlığına da göndərilir.

Belarusiya cəbhəsindəki döyüşləri xatırlayarkən dedi ki, orada yerli şərait haqqında bir belaruslu zabit bizə ətraflı məlumat verdi. Bildirdi ki, meşələrdə hərəkət edərkən ehtiyatlı olaq, bataqlıqlar çoxdur. Eyni zamanda həmin sahələr qumsal olduğu üçün faşistlərin təyyarə ilə atdığı bombalar iri dərələr açırdı. Bir dəfə iki-üç nəfər həmin dərələrdən birinə düşmüşdük. Dərə dərin olduğundan çıxmaq mümkün deyildi. Yuxarıda isə 5-6 yoldaşımız bizə baxaraqyolla xilas olmağımız barədə fikirləşirdilər. Bölük komandiri belimizdəki kəmərləri açıb bir-birinə bağlamağı söylədi. Sonra bizi dartıb dərədən çıxartdılar. “Əşi, belə işlər o qədər olub ki! Hansını yada salasan, hansını söyləyəsən?!” deyən müharibə veteranı azacıq fikrə getdikdən sonra zəif səslə yenə söhbətinə davam edir:

- Belarusiya azad olunandan sonra Polşa istiqamətinə getdik. Burada, Dnepr çayı sahilində sağ budumdan yaralandım. vaxt məni götürüb hospitala gətiriblər, xəbərim olmayıb. Özümə gələndə gördüm ki, başımın üstündə 3-4 nəfər ağxalatlı dayanıb. O zaman Puşkində malakanlar yaşadığından rus dilini az-çox başa düşürdüm. Ağxalatlılardan biri digərlərinə deyirdi ki, qıçını kəsmək lazımdır. Bunu eşidən kimi məni ağlamaq tutdu. Onlar çıxıb getdilər. Bir azdan biri geri qayıtdı. Sən demə, bu qadın həkim imiş. Hərbi rütbəsi kapitan olan həkim dedi ki, oğlum, ağlama, sənin qıçını kəsməyəcəyik, müalicə edəcəyik.

M.Əliyev 11 fevral 1945-ci ildə

1-ci qrup əlil kimi rayona qayıdır. Yenidən gücü çatan işin qulpundan yapışır. Əvvəl məhkəmənin katibi, hava məlumat bürosunun müşahidəçisi, sonra rəisi, rayon aeroportunun rəisi, rayon istehsalat birliyinin mühasibi işləyir. Harada işləyirsə işləsin, keçmiş cəbhə həyatında olduğu kimi, Mustafa kişi həmişə yuxarı təşkilatlar tərəfindən verilən tapşırıqları vaxtında keyfiyyətlə yerinə yetirib. Humanistliyi, düzlüyü ilə rayon əhalisinin hörmətini qazanıb. 1997-ci ildə təqaüdə çıxıb.

M.Əliyevin müharibədə göstərdiyi şücaət lazımınca qiymətləndirilmişdir. O, “1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 40 illiyinin 1-ci dərəcəli medalı”, yenə qələbənin 40 illiyi münasibətilə SSRİ Ali Sovetinin yubiley medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi yubiley medalı”, SSRİ Silahlı Qüvvələrinin yaradılmasının 70 illiyi yubiley medalı, ulu öndər Heydər Əliyevin 1 may 1995-ci il tarixli fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi yubiley medalı”, ölkə başçısı İlham Əliyevin 2015-ci ildə imzaladığı fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi” medalı ilə təltif olunmuşdur. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 7 may 2015-ci il tarixdə Belarusiyanın alman-faşist işğalçılarından azad olunmasının 70 illiyi münasibətilə göndərdiyi təbrik məktubu, habelə Smolensk Vilayətinin müharibə və əmək, SSRİ Silahlı Qüvvələri və hüquq mühafizə orqanları veteranları (təqaüdçüləri) adından minnətdarlıq məktubları onun arxivində qorunub saxlanılır. Müharibədən sonrakı fəaliyyətinə görə 1971-ci ildə “Əməkdə fərqlənməyə görə”, 1984-cü ildə isə “Əmək veteranı” medallarına layiq görülmüşdür. O həm də qayğıkeş atadır. 7 övladı var. Onlardan 3-ü oğlan, 4-ü qızdır. Halal zəhməti ilə övladlarının 6-nı oxutdurmuşdur. Onlar arasında müəllim, həkim, mühəndis olanı var. Nəvə-nəticəsinin sayı 40-a çatmaqdadır.

İndi ömrünün 92-ci ilini yaşayır. Yaş və aldığı yaralar onun vücudunu tamamilə zəiflətmişdir. Əlində tutduğu əsanın köməyi ilə güc toplayıb oturduğu divandan qalxmaq istədi. Oğlu Firudin qollarından tutduqdan sonra beli yarıbükülü halda güclə ayağa qalxdı. Firudin bildirdi ki, sağ budunda ət yoxdur. Qıçının lülə sümüyü əvəzinə o vaxt metal qoyublar.

Bəli, Böyük Vətən müharibəsindən 72 il keçsə də, onun ağrı-acıları hələ də qalmaqdadır. Bu müharibədə yalnız keçmiş SSRİ-dən 20 milyondan çox adam həlak oldu. Müharibəyə Biləsuvardan 4 min nəfər getmiş, onlardan 700 nəfəri geri qayıtmamışdır. Şəhərlər, kəndlər dağıdıldı, viran edildi. Analar gözüyaşlı, gəlinlər dul, uşaqlar atasız qaldı. İnsanlar illərlə aclıq və səfalət içərisində yaşadılar. Təəssüflər olsun ki, xalqımız keçən əsrin sonlarında daha bir bəla, erməni faşistlərinin törətdiyi müharibə ilə üzləşdi. Minlərlə gənclərimiz vətən yolunda öz canlarını qurban verdilər.

Bu gün dünya yenə təhlükələr qarşısındadır. Şərq ölkələrinin bir çoxu xarabazara çevrilməkdədir. Qərbin ikiüzlü siyasətçiləri, hegemon ölkələri başa düşmürlər ki, münaqişələr, müharibələr heç kəsə xoşbəxtlik, səadət gətirmir.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.-11 may.- S.15.