Məqsədimiz
kitaba doğru dönməkdir
Bilik xəzinəsi, mənəvi
sərvət sayılan kitablar həm də zamanın
yaddaşını qoruyan, onu itib-batmağa qoymayan ən
etibarlı vasitədir. Bəlkə elə buna görə XV əsrin
birinci yarısından kitab çapını bəşəriyyət
tarixinin ən mühüm nailiyyətlərindən, ən
böyük kəşflərdən biri hesab edirlər.
O vaxt - 1445-ci ildə alman alimi Quttenberqin ixtirası çap
üsulu ilə ilk kitabın buraxılması ilə nəticələndi.
Həmin dövrdən maarifin, elmin, ədəbiyyatın
inkişafına geniş yol açıldı. Kitablar insanlara imkan yaratdı ki, topladıqları
bilikləri daha çevik formada ölkədən-ölkəyə
yaysınlar, gələcək nəsillərə etibarlı
şəkildə ötürə bilsinlər. Bunun
üçün də ingilis filosofu, tarixçisi, siyasi xadimi
və yazıçısı Frensis Bekon: “Kitablar zamanın
dalğaları ilə səyahət edən və nəsildən-nəslə
öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”
- deyirdi.
İnsanların
formalaşmasında onların rolu əvəzsizdr. Dəyərli
kitabları oxumaq, mütaliəni genişləndirmək, ilk
növbədə özünü anlamağa yardım edir.
Ən çətini də budur. Özünü kəşf edən insan bəşəri
duyğularla yaşamağı bacarır. Roma
yazıçısı Senesa deyirdi ki: “Kitabsız yaşamaq -
kar-kor, dilsiz yaşamaqdır”. Əlbəttə,
Senesa fiziki yox, mənəvi şikəstlikdən
danışırdı. Mütəxəssislər
sübut ediblər ki, mütaliədən uzaqlaşmaq
insanı həm də bir sıra xəstəliklərə
yaxınlaşdırır. Kitab oxumaq
yaddaşı qüvvətləndirir, hətta amansız
Alzhemier riskini azaldır. Mütaliə
yalnız insanı zehni cəhətdən deyil, ruhən də
gücləndirir. Sıxıntılı
günlərinin yoldaşı, bədbinlikdən, çarəsizlikdən
çıxış yolu, xilaskarı olur. Bəzən bir kitab bir ordunun işini görə
bilir. Həm də ölümsüz,
qansız-qadasız. Bəzənsə
kitablar bir millətin, bir xalqın dərdlərini faktların
dili ilə dünyaya bəyan edir.
Bu qədər böyük
hikməti, yenilməz gücü olan kitablardan kütləvi
surətdə uzaqlaşmaq çox qapıları millətin
üzünə bağlamaqdır. Və çox təəssüf ki,
bir neçə il öncə bu cür
yanlış addımlar atıldı, nəinki
respublikamızın bölgələrində, hətta paytaxt
şəhərimizdə də bir sıra kitabxanalar ləğv
olundu, kitab satışı ilə məşğul olan
mağazaların yerində dönərxanalar, ərzaq, geyim
mağazaları açıldı. Həm də
Azərbaycan tarixinin elə bir dövründə ki, haqq səsimizi
dünyaya eşitdirməyə, təbliğ etdirməyə həddindən
artıq ehtiyac duyulur. Bu gün yenidən
kitablara üz tutmağımız bizim ümumilikdə millət
olaraq uğurumuzdur. Ona görə də
paytaxtımızda sahəsinə və imkanlarına görə
respublikmızda ən böyük “Azərkitab” Kitab Təbliğatı
Mərkəzinin oxucuların istifadəsinə verilməsi
çox xoş ovqat, bayram əhval-ruhiyyəsi yaratdı.
Arzular böyük, niyyət
gözəldir. Çünki məqsəd kitaba doğru
dönməkdir. Layihənin müəllifi
Sabir Həsənovdur. Bu cür kitab mərkəzi
açmaq çoxdankı arzusu olub. O, həyatını
kitablarsız təsəvvür edə bilməyənlərdəndir.
S.Həsənov hələ sovetlər
dövründə Azərbaycanda çoxsaylı kitab
mağazaları olan “Azərkitab” Kitab Birliyinin nəzdində
fəaliyyət göstərən bir mağazada fəhlə,
satıcı, daha sonra isə mağaza müdiri işləyib.
1995-ci ildə bu sahədən ayrılsa da, qəlbən
kitablardan uzaqlaşmayıb, özünü
kitabçılıqdan ayrı sahədə görə bilməyib.
Qeyd edək ki, “Azərkitab”
Kitab Birliyi 1924-cü ildə fəaliyyətə
başlayıb. 2000-ci ildə bu müəssisənin fəaliyyətinə
bir ticarət qurumu olaraq xitam verilib. “Azərkitab”
Kitab Təbliğatı Mərkəzi SSRİ dövründə
böyük nüfuza sahib olan “Azərkitab” Kitab Birliyinin mənəvi
varisidir.
Bu gün ölkəmizdə nəşr
edilən kitabların sayı az olmasa da,
kitab mağazaların sayı kifayət qədər deyil. Sabir
Həsənov deyir:
-Bəzən paytaxtımızda tək-tük
olan kitab mağazalarındakı səriştəsizliyi
görəndə qanım qaralırdı. Ən
böyük istəyim Bakıda hər şəraitə malik
kitab mağazası açmaq idi. Elə kitab mərkəzi
ki, bütün nəşriyyatların, müəlliflərin,
ali və orta məktəblərin tələbatını
ödəyə biləcək imkanlara malik olsun. Bunun üçün elə də böyük vəsait
lazım deyil. Tələb olunan, ilk
növbədə, kitaba bağlı müəssisələrlə
sağlam əməkdaşlıqdır. Çox
təəssüf ki, bu gün bəzi rayonlarımızda bir dənə
də kitab mağazası yoxdur. Bu səbəblərə
görə insanlarımıza, xüsusən də gənclərimizə
kitab sevgisini aşılamaq üçün kitab mərkəzini
yaratmağı qərara aldım. “Azərkitab”
Kitab Təbliğatı Mərkəzi dörd mərtəbədən
ibarətdir. Burada oxucularımız hər
sahədən kitablar əldə edə bilərlər. Eyni zamanda, mərkəzdə onların istirahəti
üçün Book-cafe fəaliyyət göstərəcək.
Mağazamızın 1-ci mərtəbəsində
ziyalılar evi təşkil olunub, 2-ci və 3-cü mərtəbəsi
kitab satışı üçün nəzərdə
tutulub. 4-cü mərtəbəsində isə
qalereya və konfrans zalı yerləşir, burada oxucuların
yazarlarla, şairlərlə görüşləri
keçiriləcəkdir.
Kitab evinin açılış mərasiminin
9 may tarixində keçirilməsinin də xüsusi səbəbi
var. S.Həsənov diqqətə çatdırdı ki, bu, ümummilli lider Heydər Əliyevin xatirəsinə
hörmətin ifadəsidir:
- Bildiyimiz kimi, ulu öndər kitab nəşri,
kitab çapı işinin inkişaf etməsinə
böyük önəm verirdi. Biz də qərara
gəldik ki, Kitab evinin açılış mərasimini
ümummilli liderin doğum günü ərəfəsində
təşkil edək.
“Azərkitab” Kitab Təbliğatı
Mərkəzinin fəaliyyətə başlaması
ziyalılarımız tərəfindən də sevinclə
qarşılanıb. Onlar ilk günlərdən Kitab mərkəzinin
yaradılmasına böyük önəm verir, öz
qayğılarını əsirgəmirlər. Mərkəzin
açılış mərasimində Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli,
Mətbuat Yayımı Şurasının sədri Əflatun
Amaşov, xalq şairi Sabir Rüstəmxanlı, xalq
yazıçısı Çingiz Abdullayev, Milli Məclisin
deputati Fəzail İbrahimli və digər tanınmış
şəxslər öz ürək sözlərini dilə gətirdilər.
Layihə rəhbəri
çalışıb ki, “Azərkitab” Kitab Təbliğatı
Mərkəzinin əməkdaşları kitabı sevən və
kitabçılığı yaxşı bilənlərdən
ibarət olsun.
Ölkəmizdə nəşriyyatların
çoxu müəllif sifarişi əsasında fəaliyyət
göstərir. Bazarın tələblərini, oxucu tələbatını
nəzərə alaraq kitab tərtib və istehsal edən nəşriyyatların
sayı birincilərə nisbətən azdır. “Azərkitab”ın fəaliyyətində müəllif
kitablarının satışı ilə yanaşı, oxucu tələbatına
uyğun digər kitabların hazırlanmasını və
çapını nəşriyyatlara sifariş etmək də
nəzərdə tutulub. Artıq bununla
bağlı nəşriyyatların bir qismi müəyyən
edilib. Ümumiyyətlə, Kitab mərkəzi
oxucu tələbatına cavab verə biləcək
bütün nəşriyyatlarla əməkdaşlıq etməyi
planlaşdırıb.
“Azərkitab”
ixtisaslaşmış kitab mağazası olacaq. Burada oxucular
dünya ədəbiyyatını, tərcümələri
asanlıqla əldə edəcəklər. Azərbaycanda elmi, hüquqi, texniki, tibbi ədəbiyyatların
tərcüməsi bərbad vəziyyətdədir. Belə kitabların ölkəmizdə də nəşri,
satışı zəif inkişaf edib. Yeni
Kitab mərkəzi dünya ədəbiyyatının Azərbaycana
gəlişini təmin edəcək, bu sahənin
inkişafına çalışacaq.
Artıq tərcümə mərkəzi
ilə görüşlər keçirilib. Bir sıra
layihələr hazırlanıb. Bir
çox nəşriyyat evləri ilə danışıqlar
aparılıb. Kitab mərkəzinin nəzdində
qalereya da fəaliyyət göstərir ki, burada gənc
istedadların rəsmlərinin, əl işlərinin sərgisi
təşkil olunacaq. Ola bilsin ki, bu əsərlərin
satışı da həyata keçirilsin.
Gələcəkdə mərkəzə
oxucuları cəlb etmək məqsədi ilə bir sıra
kampaniyalar nəzərdə tutulub. Belə ki, orta məktəblərlə,
ali məktəb rəhbərləri ilə
əlaqə saxlanılacaq. Orada təhsil alan
şagirdlərin, tələbələrin Kitab evi ilə
tanışlığı üçün ekskursiyalar təşkil
ediləcək. Bunun üçün “Azərkitab”
tərəfindən avtobuslar da ayrılacaq. Eyni zamanda, aztəminatlı ailələr, məcburi
köçkün və şəhid ailələri də
unudulmayıb. Belə ailələrin təhsil alan uşaqlarının dərs vəsaitləri,
dərsliklərlə təmin olunması da
düşünülüb.
“Azərkitab” tərəfindən gənclərlə işlərə başlanılıb. Artıq Azərbaycanda fəaliyyət göstərən bir neçə gənclər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib. 10-a yaxın kitab təqdimatı və bir neçə gənc rəssamın sərgisi təşkil olunub. Gənc yazarlarımızı tanıtmaq, yaşlı nəsil yazarlarla gənc nəsil oxucular arasında əlaqəni bərpa etmək, unudulmuş adət-ənənələrimizi yada salmaq, mütaliəni, maariflənməni gücləndirmək əsas məqsədlərdəndir.
Balaca oxucular nəinki yaddan çıxmayıb, əksinə, onlara xüsusi qayğı, diqqət göstərildiyini deyə bilərik. Mərkəzin ikinci mərtəbəsində “Uşaq aləmi” zalı var. Bu guşədə uşaqlar sanki nağıllar aləminə səyahət edəcəklər. Uşaqlar burada nağıllardan tanıdıqları personajlara rast gələcək, onlarla canlı ünsiyyət də qura biləcəklər. Bununla yanaşı, balacalara animasiya filmləri də göstəriləcək. Güşənin yaradılmasında məqsəd uşaqlarda hələ kiçik yaşlarından ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza sevgi və maraq oyatmaqdır.
“Azərkitab” daha bir mühüm məsələyə də öz fəaliyyətində əhəmiyyətli yer verəcək. Məlumdur ki, Dağlıq Qarabağ və digər hadisələrlə bağlı tarixi həqiqətləri vaxtında dünyaya çatdıra bilməmişik. Layihə rəhbərinin də qeyd etdiyi kimi, bir azərbaycanlı olaraq ən böyük vəzifəmiz mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələr barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Kitab mərkəzi tərəfindən bu istiqamətdə də məqsədyönlü işlər həyata keçiriləcək.
Mərkəzin saytı fəaliyyət göstərəcək. Oxucular həmçinin sosial şəbəkələrdə mərkəzin fəaliyyətindən xəbər tuta biləcəklər. Burada satışda olan bütün növ kitabların internet üzərindən “online” satışı da reallaşdırılacaq, oxucuların sifarişləri qəbul olunacaqdır.
Hazırda ölkəmizdə müasir standartlara cavab verən iki-üç kitab satışı mərkəzi var. Onlar da Bakıda yerləşir. Sabir Həsənov bildirir ki, bizə insanlarımızın oxu mədəniyyətinin artırılması üçün rəqabət deyil, əməkdaşlıq lazımdır, çünki zaman bu günün kitabçıları üzərinə böyük məsuliyyət qoyub. “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin əməkdaşları bunu dərindən dərk edərək uzun bir yola çıxıblar. Görülən işlər isə hələ böyük uğurların yalnız başlanğıcıdır.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.- 2017.- 11 may.- S. 16.