İlham Əliyev İslamiadası
IV İslam Həmrəyliyi
Oyunları tarixə Azərbaycan Prezidentinin möhtəşəm
təşkilatçılıq nümunəsi, liderliyinin beynəlxalq
təntənəsi kimi düşəcək
“İlk”lərin
təşəbbüsçüsü və gerçəkləşdirəni
Biz istəyirik ki,
bütün dünya bilsin və görsün ki, İslam
sülh dinidir, mərhəmət dinidir.
İlham
ƏLİYEV
Dünyada həmişə
“ilk”lər yadda qalır: hansısa qitəni, coğrafi ərazini
kəşf edənlər, kosmosa uçanlar, Aya ayaq basanlar,
yenilik yaradanlar və s.
Əslində, “ilk”
olmağın çox böyük çətinlikləri var:
bu, bəsirət və uzaqgörənlik, müəyyən
risk və hazırlıq, xüsusi istedad, bilik və səriştə
də tələb edir!
“İlk”ə nail olmaq
üçün hər şeyi ölçüb-biçməli,
hesablamalı və öz imkanlarınla düzgün
tutuşdurmağı da bacarmalısan!
Dövlət müstəqilliyi
qazanan Azərbaycan həm də dünyada bir sıra “ilk”lərin
təşəbbüsçüsü və gerçəkləşdirəni
kimi də tanınır.
Məhz
ümummilli liderimizin qətiyyət və
prinsipiallığı sayəsində ilk dəfə olaraq Xəzər
nefti müstəqil surətdə dünya bazarına
çıxarıldı. Həm də ilk dəfə olaraq
qeyri-ənənəvi marşrutla - Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri vasitəsilə. Azərbaycanda mətbuata
senzura nəzarətini də ilk dəfə
(həm də yeganə olaraq) Heydər Əliyev ləğv
etdi.
Ulu öndər Heydər
Əliyevin inamla başladığı bu yol hazırda yeni
vüsətlə davam edir!
Cənab İlham
Əliyev də bir sıra “ilk”lərin müəllifidir!
Onun rəhbərliyi
dövründə Azərbaycan əvvəllər əlçatmaz
görünən bəzi hədəflərə
çatmış, transmilli layihələri
reallaşdırmış, yeniliklərə imza
atmışdır.
Onlardan bir neçəsini
qısaca nəzərdən keçirək.
* Azərbaycan 155 dövlətin
dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi;
* Orbitə
çıxardığı iki peyki ilə dünya kosmos ailəsinin
tərkibinə daxil oldu;
* “Eurovision” mahnı
müsabiqəsində qalib gələrək Bakıda bu
yarışmaya ən yüksək səviyyədə və
yaddaqalan şəkildə evsahibliyi etdi;
* Ümumi gücü 2400
meqavat olan 23 elektrik stansiyası inşa edərək ümumi
enerji potensialını 6300 meqavata çatdıran Azərbaycan
elektrik enerjisi ixracatçısına çevrildi;
* Novruz bayramı, Azərbaycan
muğamı, saz sənəti, tar
ifaçılığı UNESCO-nun qeyri-maddi-mədəni
irs siyahısına salındı;
* Bir
sıra beynəlxalq tədbirlərin - Bakı Beynəlxalq
Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu,
Dünya dinləri liderlərinin zirvə görüşü,
BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu, habelə
digər mötəbər tədbirlərin təşkilatçısı
qismində çıxış etməyə başladı;
* Ölkəmiz ilk dəfə
keçirilən I Avropa Oyunlarına evsahibliyi edərək bu
sahədə yeni standartlar müəyyənləşdirdi;
* Dünyada 500 milyon
tamaşaçısı olan “Formula-1” avtomobil
yarışını keçirdi.
Budur, dövlət başçısı
cənab İlham Əliyev daha bir “ilk”ə, bu dəfə
“ikiqat ilkə” imza atır!
İlk dəfədir ki, Azərbaycanda
İslam Həmrəyliyi Oyunları keçirilir!
Həm də ilk dəfədir ki, bu Oyunlara
bir neçə il öncə I Avropa
Oyunlarının təşkilatçısı olan dövlət
evsahibliyi edir!
İlk olmağın məsuliyyət və
çətinliyi daha böyük və daha çoxdur!
Əvvəla, “ilk”lər keçilmiş
yollarla getmirlər! Onlar yeni cığır açırlar!
İkincisi, özlərindən
sonrakılar üçün bir mayaka çevrilirlər!
Ən nəhayət, gördükləri
işlər, müəyyən etdikləri standartlar “növbətilər”
üçün nümunəyə çevrilir.
Azərbaycanın təşkil etdiyi I
Avropa Oyunları məhz belə olmuşdur!
I Avropa Oyunlarına öz
möhürünü vuran Azərbaycan tarixə təkcə
Oyunlara həyat vəsiqəsi verən dövlət kimi deyil,
həm də onun standartlarını müəyyən edən
təşkilatçı kimi də
düşmüşdür!
Azərbaycan Prezidenti cənab İlham
Əliyev idmana təkcə müxtəlif ölkələrdən
olan gənclərin yarışması kimi baxmır, idmanı
həm də təsirli “siyasi vasitə” kimi qiymətləndirir.
Bu vasitə insanları və dövlətləri
bir-birinə yaxınlaşdırır,
mehribanlaşdırır, ünsiyyət və fikir mübadiləsinə
şərait yaradır, ən nəhayət, sülhə dəvət
edir!
O sülhə ki, müasir dünyada ona
böyük zərurət duyulur!
Əslində, insanlar öz güclərini
bir-birlərinə idman yarışlarında, sülh şəraitində
göstərməlidirlər!
Bir-birlərinin qanını axıtmaq,
daha müasir və kütləvi vasitələrlə
insanları qırmaq üçün yeni,
dağıdıcı silahlar icad etmək bəşəriyyətə
fəlakətlərdən başqa heç nə vermir!
İnsanlar silah alverindən yox, bir-birinə
gərək olan və həyat şəraitlərini yüksəldən
mal-məhsullardan və texnologiyalardan pul qazanmalıdırlar!
İdman yarışında qələbə
həm iştirakçılara, həm də
tamaşaçılara sevinc və xoş anlar bəxş
edir!
Döyüş cəbhəsindəki qələbə
isə hər iki tərəfə itki və kədər, məğlublara
isə daha çox faciə və fəlakət gətirir!
Hansı yaxşıdır?!
Bəşəriyyət bunlardan
hansını seçməlidir?!
Cənab İlham Əliyev daim dünyaya
sülh, dinclik, əmin-amanlıq, əməkdaşlıq,
iştirakçı tərəflərin hər birinə fayda
və inkişaf gətirən vasitələr seçir və
təqdim edir!
Həm də bunların ən mükəmməl
nümunələrini göstərir!
Ötən il Azərbaycanda
multikulturalizm ili idi.
Dünyada ksenofobiya, islamofobiya meyillərinin
gücləndiyi, nasizmin dirçəldiyi bir vaxtda insanlar
arasında, ölkələr daxilində sülh və əmin-amanlığa,
birgəyaşayışa xidmət edən multikultural prinsiplərin
vacibliyi irəli sürüldü. Azərbaycan öz nümunəsində
bunun mümkünlüyünü və faydasını da
ortaya qoydu. Müxtəlif millətlərə və dinlərə
məxsus, ayrı-ayrı ölkələrdə yaşayan
ağıllı insanlar multikulturalizmin Azərbaycan modeli ilə
yaxından tanış oldular,
heyranlıqlarını gizlətmədilər.
Bütün bunlar dünyaya təsirsiz
ötüşmədi!
Hətta monokultural siyasətə
üstünlük verənlər belə, öz dövlətlərinin
təhlükəsiz gələcəyi, ziddiyyətlərin
qarşısının alınmasında və terrorizmlə
mübarizədə uğur qazanılmasında multikulturalizmin
üstünlüyünü etiraf etməyə
başladılar!
Dövlətlərarası müharibədə
cəbhə xətti olur və düşmənlə
vuruşmaq asandır!
Dövlətdaxili ziddiyyət və
toqquşmalarda isə nə cəbhə, nə də təmas
xətti görünür, daha çox günahsız insanlar
həlak olur və ziyan çəkir, zorakılığa,
terrorizmə silah gücünə qalib gəlmək çətinləşir.
Dünyada nə qədər sabitlik, əməkdaşlıq,
bir-birini anlamaq və kömək etmək istəyi olarsa, bir o
qədər az qan axıdılar, insanlar
silaha əl atmadan bir-birini başa düşər və
eşidər, bəşəriyyət daha sürətlə irəli
gedər, ümumi problemlərini uğurla həll edər!
Yəqin ki, bu həqiqəti
çoxları bilir. Amma nədənsə qloballaşan dünyada sülh
niyyətli siyasətçilərin və dövlət
başçılarının səsi çox zəif
eşidilir.
İkili standartların mövcudluğu,
silah biznesindən böyük gəlirlər
götürüldüyü, sivilizasiyalararası
anlaşılmazlıqların kəskinləşdiyi dövrdə
vəziyyət ilbəil daha təhlükəli hal alır.
İslam dünyası ölüm və fəlakətlər
gətirən “bahar”lardan, qoca Avropa isə “miqrant” adlı
qaçqınlardan əziyyət çəkir.
Öz evlərində rahat
yaşamalarına imkan verilməyən qaçqınlar getdikləri
yerlərdə də problemlərlə üzləşir,
üstəlik, müəyyən problemlərin səbəbkarlarına
çevrilirlər...
Belədə ən doğru yol hərənin
öz ölkəsində sakit və əmin-aman
yaşaması, dövlətlərin isə əməkdaşlığa
üstünlük verməsidir!
Azərbaycan Prezidenti cənab İlham
Əliyev tərəfindən cari ilin “İslam həmrəyliyi
ili” elan edilməsi həm də dünyanın və
insanların bugününə, sabahına xidmət edən
olduqca dəyərli təşəbbüsdür!
Bu, təkcə İslam
dünyasını əhatə edən
çağırış deyil! Bütün mədəniyyət
daşıyıcıları olan dövlətlər,
bütün dinlərə sitayiş edən insanlar bir-birini
anlamağa, əməkdaşlığa dəvət olunur.
Sirr deyil ki, qanlı toqquşmalar gedən
cahanda məhəlli müharibələr, hətta
üçüncü dünya müharibəsinin alovlanma təhlükəsi
də var!
Amma sanki hamı seyrçi mövqeyindədir...
Tarixi əsrlərlə ölçülən
dövlətlər də, müstəqilliyə yeni qədəm
qoymuş ölkələr də!
Bütün bu məsuliyyəti dərk edərək
ağırlığı öz çiyinlərinə
götürməklə irəli duran Azərbaycan Prezidenti
İlham Əliyevdir!
İlham Əliyev İslam
dünyasını həmrəy olmağa, bir-birlərilə əməkdaşlığa
dəvət edir!
İlham Əliyev İslam dövlətləri
rəhbərlərini və liderlərini umu-küsünü
bir qırağa qoymağa, geriyə deyil, irəliyə
baxmağa səsləyir!
İlham Əliyev İslam dünyasına
tarixdə olanlardan və müasir dünyada baş verənlərdən
düzgün nəticə çıxarmağa,
xalqlarının və dövlətlərinin xoş gələcəyi
naminə uzaqgörən, düşünülmüş və
ağıllı qərarlar qəbul etməyə
çağırır!
Və həm də bu yöndə ilkin
addımlar atılmasına zəruri şərait də
yaradır!
IV İslam Həmrəyliyi
Oyunlarının ev sahibi və təşkilatçısı
olan müstəqil Azərbaycan bu gün dünya İslam
dövlətləri arasında canlı körpüyə
çevrilib!
İdman missiyasını üzərinə
götürən Azərbaycan səmərəli
görüş yerinə, danışıqlar və
anlaşmalar mərkəzinə çevrilib!
Necə deyərlər, təşəbbüs
də var, təklif və nümunə də, münasib şərait
də! Üstəlik, bu xeyirxah niyyətin gerçəkləşəcəyinə
inam da!
Görüş yeri isə Azərbaycandır!
Xəzərdən başlayan su səyahətinə
startvermə mərasimində çıxışı
zamanı dövlət başçısı cənab
İlham Əliyev İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini
bir daha diqqətə çəkdi: “Bütün müsəlman
ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri
vasitəsilə bir-biri ilə sıx əlaqələr
quracaq, bir-birinin əlini sıxacaqlar. Biz
Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik
ki, İslam aləmi birdir və bizim birliyimiz bizim
gücümüzü artırır”.
IV İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərar 24 iyul 2013-cü ildə Səudiyyə Ərəbistanının
Ciddə şəhərində keçirilmiş 8-ci Baş
Assambleyasında verilmişdir.
Yarışa onun mahiyyətindən
doğan süar da seçilmişdir: “Həmrəylik bizim
gücümüzdür”.
IV İslam Həmrəyliyi
Oyunlarının təşkilinə də I Avropa
Oyunlarının keçirilməsində böyük zəhmət
sərf edərək uğur qazanmış Birinci vitse-prezident
Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. On yarış günü ərzində
54 dövlətdən gəlmiş 3 mindən artıq atlet 21
idman növü üzrə öz gücünü
sınayacaqdır.
Yarışların yüksək səviyyədə
keçəcəyinə kimsədə zərrə qədər
də şübhə yoxdur! Əvvəla, bu sahədə
Azərbaycanın kifayət qədər təcrübəsi,
beynəlxalq tələblərə cavab verən stadion,
qurğu, arena və idman kompleksləri vardır. Üstəlik, idmançıları və məşqçiləri,
habelə nümayəndə heyəti üzvlərini və əcnəbi
azarkeşləri hər cür şəraiti olan hotellər,
onları yarış yerlərinə çatdıracaq nəqliyyat
vasitələri, yarışların təşkilində fəallıq
göstərən yüzlərlə könüllü
gözləyir. Gələnlərin asudə
vaxtlarının mənalı təşkili də diqqət mərkəzindədir.
Əminik ki, yenə də qonaqpərvər Azərbaycan
xalqı, respublikanın gəzməli və görməli yerləri,
milli mətbəximiz qonaqların xoşuna gələcəkdir.
Şübhə etmirik ki, bu gün
Bakıda start götürən IV İslam Həmrəyliyi
Oyunları da sülhə, həmrəyliyə və əməkdaşlığa
xidmət edəcək, qarşıya
qoyulan məqsədə - İslam dünyasının sıx
birliyinə nail olunacaqdır!
Bəxtiyar
SADIQOV
Azərbaycan.- 2017.- 12 may.-
S. 1.