Pirallahının yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir

 

Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxdılar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, dövlətimizin başçısının “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin iyulunda imzaladığı Sərəncama əsasən qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib. Uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb. Bu isə nəqliyyat vasitələrinin rahat hərəkətinə, piyadaların təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda, tıxacların qarşısının alınmasına geniş imkan yaradır.

Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir. Beləliklə, bu yolun müasir səviyyədə yenidən qurulması ilk növbədə sakinlərin rahatlığını təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. Bununla yanaşı, layihənin icrası ümumilikdə rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2017.- 12 may.- S. 2.