Britaniyada nəşr olunan
kitabda ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
bəhs edilir
Azərbaycan Respublikasının taleyinin müəyyənləşməsində Heydər Əliyevin əvəzsiz rolu olub. Heydər Əliyev həm keçmiş Sovet İttifaqında, həm də Azərbaycanda ən yüksək vəzifələrdə çalışıb. Azərbaycanı indiki iqtisadi, sosial, mədəni inkişaf səviyyəsinə məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət gətirib çıxarıb. Heydər Əliyev müstəqil Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvünə çevirib, ölkədə əlverişli investisiya mühiti, sahibkarlar üçün münbit şərait yaradıb. Məhz onun sayəsində ölkənin neft sənayesi dirçəlib, neftdən gələn gəlirlər əhalinin rifahına sərf olunub. Heydər Əliyev Azərbaycanı regionda və dünyada aparıcı mövqeyə yüksəldib. 2003-cü ildə dünyasını dəyişsə də onun irsi əbədi yaşayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəy və tövsiyəsi əsasında Böyük Britaniyanın Brooklands New Media şirkəti ilə hazırlanmış “Celebrating the legacy of Heydar Aliyev and his vision for the future success of Azerbaijan” (Heydər Əliyevin irsi və Azərbaycanın gələcək uğurları üçün baxışları” adlı kitabın ön sözündə yer alıb.
Kitabda ulu öndər Heydər Əliyevin həyatından və çoxşaxəli dövlətçilik fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni üzləşdiyi ağır vəziyyətdən xilas etmək üçün gördüyü böyük işlərdən, onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrdə həyata keçirilən mühüm islahatlardan ətraflı bəhs olunur.
Ümummilli Liderin xarici siyasətindən söz açılan kitabda bildirilir ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan ilə dünya dövlətləri arasında güclü və səmərəli əlaqələr qurulmasına nail oldu. O, öz təcrübəsi, zəkası ilə, ilk növbədə, qonşu dövlətlərlə, beynəlxalq təşkilatlarla yaxşı əlaqələr quraraq ölkənin müstəqilliyini qorudu, təhlükəsizliyini, inkişafını təmin etdi. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan 32 beynəlxalq təşkilata üzv oldu və ölkə qısa zamanda dünya birliyində nüfuz sahibinə çevrildi.
Qeyd edilir ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycan sosial, iqtisadi çətinliklərlə, ovaxtkı ölkə rəhbərliyinin yanlış qərarlarının, Ermənistanın təcavüzkarlığının ağır nəticələri ilə üz-üzə idi. Onun müdrik siyasəti sayəsində bütün bu çətinliklər aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təsadüfi deyil ki, bu gün Azərbaycan xalqı Heydər Əliyevi ölkəni üzləşdiyi təhlükəli vəziyyətdən xilas edən müdrik lider kimi böyük hörmət və sevgi ilə xatırlayır.
Diqqətə çatdırılır ki, Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən siyasi islahatları prioritet elan etdi və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Siyasi islahatlardan danışarkən ilk növbədə Heydər Əliyevin rəhbərliyi ilə uğurlu dövlət quruculuğu prosesinin başlanmasını, xüsusilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsini, Əsas Qanunda insan hüquq və azadlıqlarına daha çox yer ayrılmasını qeyd etmək lazımdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi sistem məhz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb.
Müəlliflər kitabda ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasına da geniş yer ayırıblar. Ulu Öndərin Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün mühüm işlər gördüyü, uzunmüddətli danışıqlardan sonra 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı, neftdən gələn gəlirlərin Azərbaycan iqtisadiyyatını gücləndirdiyi, əhalinin rifahını yaxşılaşdırdığı diqqətə çatdırılır.
Nəşrdə, həmçinin Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən genişmiqyaslı islahatlara toxunulur. Bildirilir ki, Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda kənd təsərrüfatı sahəsi də böhran vəziyyətində idi. Məhz onun rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyadan istifadə olunmağa başlanıldı, uğurlu torpaq, özəlləşdirmə islahatları həyata keçirildi və bütün bunlar qısa müddətdə öz səmərəli nəticələrini göstərdi.
Vurğulanır ki, Heydər Əliyev müasir iqtisadiyyatın formalaşmasında yeni nəqliyyat-kommunikasiya şəbəkəsinin rolunu vacib hesab edirdi. Azərbaycanda nəqliyyat sistemi də Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi, bu sahədə dünya standartları tətbiq olundu. Yolların, körpülərin tikintisi, təmiri üçün geniş proqram həyata keçirilməyə başlanıldı. Bu barədə danışarkən böyük İpək yolunu, TRACECA proqramını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın TRACECA-da iştirakı onun öz qonşuları ilə nəqliyyat və ticarət əlaqələrinin köklü inkişafına gətirib çıxardı.
Kitabda qeyd edilir ki, Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da xüsusi önəm verirdi. Azərbaycanın qədim və zəngin mədəni irsə malik olduğunu vurğulayan müəlliflər bildirirlər ki, Heydər Əliyev hər zaman bununla fəxr edirdi. Heydər Əliyev mədəniyyət, incəsənət xadimlərinə diqqət və qayğı göstərir, onları mükafatlandırır, çoxlu mədəniyyət tədbirlərində şəxsən iştirak edirdi.
Bildirilir ki, Azərbaycanın ən kiçik kəndlərindən tutmuş paytaxt Bakıya qədər bütün insanlar təhsilə dəyər verir və hər yeni dərs ilini qeyd edirlər. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda təhsil sahəsi də inkişaf etdi. Onun təşəbbüsü ilə bu sahədə də xeyli islahatlar həyata keçirildi, proqramlar qəbul olundu. O, tez-tez məktəblərdə olurdu, dərs ilinin başlandığı gün şagirdlərlə görüşüb söhbət edirdi.
Qeyd edilir ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdanda ölkədə ağır vəziyyətdə olan sahələrdən biri də səhiyyə idi. Səhiyyə sahəsindəki problemləri aradan qaldırmaq, onu inkişaf etdirmək üçün çox iş görmək lazım idi. Bu işləri yalnız insanların layiqli həyat şəraitinə önəm verən, onların sağlamlığının qayğısına qalan Heydər Əliyev görə bilərdi. Beləliklə, bu sahədə də köklü islahatlar həyata keçirildi, səhiyyə infrastrukturu tamamilə yeniləndi.
Nəşrdə vurğulanır ki, Heydər Əliyev özündən sonra zəngin irs qoyub gedib. Onun ideya və baxışları Azərbaycanı inkişaf yoluna çıxardı. Azərbaycan diqqətdən kənarda qalan və yoxsul vəziyyətə düşən bir ölkədən inkişaf edən, modernləşən bir ölkəyə çevrildi. Bu gün Azərbaycanın inkişafının hər bir aspektində Heydər Əliyevin imzası görünür: Neft sənayesindən məktəblərin və xəstəxanaların tikintisinə qədər. Onun zəngin irsi, ideyaları bu gün öyrənilir, istifadə edilir. Bu işdə Heydər Əliyevin adını daşıyan Fondun və bu qurumun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban Əliyeva gərgin səyləri ilə Heydər Əliyevin sosial, mədəni sahələrdə gördüyü işləri bu gün uğurla davam etdirir. Onun təşəbbüsü ilə sosial problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir, elm, təhsil, idman, ətraf mühit sahələrində vacib layihələr reallaşdırılır. Fondun təşəbbüsü ilə çoxlu sayda məktəblər, xəstəxanalar tikilib və təmir edilib. Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdə də xeyriyyə tədbirləri təşkil olunur.
Müəlliflər yazırlar ki, Heydər Əliyevin həyata keçirdiyi siyasətdən danışarkən çoxmillətli Azərbaycandakı tolerantlığı da xüsusi qeyd etmək lazımdır. Məhz onun yaratdığı tolerant, multikultural mühit nəticəsində bu gün Azərbaycanda müxtəlif xalqlara, dinlərə mənsub insanlar sülh şəraitində yanaşı yaşayırlar. Fond Heydər Əliyevin bu irsini də müxtəlif layihə və proqramlarla qoruyub saxlayır. Belə layihələrdən biri də dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilən “Azərbaycan - tolerantlıq məkanı” fotosərgisidir. Heydər Əliyev Fondu gördüyü bu xeyirxah işlərlə bütün azərbaycanlılarda rəğbət yaradıb.
Kitabda vurğulanır ki, Azərbaycan xalqı müdrik siyasəti ilə ölkəni çətin vəziyyətdən qurtararaq uğurla inkişaf etdirdiyinə, təhlükəsizliyini təmin etdiyinə görə Heydər Əliyevi həmişə minnətdarlıq və sevgi hissi ilə xatırlayır.
Nəşrdə Heydər Əliyevin siyasətinin bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılır. Bildirilir ki, bu gün Azərbaycanda görülən işlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətinin davam etdiriləcəyi ilə bağlı verdiyi sözün yerinə yetirildiyini göstərir.
Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafını və
ölkədə baş verən mühüm hadisələri əks etdirən
fotoşəkillərlə müşayiət olunan
nəşr bu sonluqla
tamamlanır: “Heydər Əliyev irsinin tədqiqi
və təbliği üçün
yaradılmış Heydər Əliyev Mərkəzini bu gün ziyarət edən
Azərbaycan vətəndaşları və xarici
qonaqlar bu dahi şəxsiyyətin gördüyü
böyük işlərin şahidi
olurlar. Onlar həm də
görürlər ki, bu
gün Heydər Əliyev irsi
qorunub saxlanılır”.
AZƏRTAC
Azərbaycan.- 2017.- 12 may.- S. 14.