İlham Əliyev 1 milyard 300 milyon
insanı Azərbaycan bayrağı ətrafında topladı
Prezidentin müsəlman
aləmini “Gücümüz həmrəylikdədir” məramında
birləşdirmək missiyasına 4 qitədən tam dəstək
gəldi
Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.
AZƏRTAC xəbər verir ki, stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.
IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə ediləcək. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.
Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb”.
Azərbaycanın gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramıdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir. Bakının 16 müasir idman məkanı artıq minlərlə atletin ixtiyarındadır”.
Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu açılış mərasiminin diqqəti dövlətlər və xalqları bir araya gətirən meyarlara yönəltməyə xidmət etdiyini bildirərək deyib: “Bu axşam bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələr bu gün hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir. Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi reallaşdırmaq üçün uzun aylar çalışıb. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya ən səmimi minnətdarlığımı ifadə edirəm. Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı. Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsidir”.
Mərasimin proqramına bədii rəhbər Neytan M.Rayt aydınlıq gətirərək deyib: “Mərasimimizin mərkəzində bakılı qızcığaz – Mina dayanır. Biz Mina və onun dostu çərpələngin köməyi ilə dünyanı kəşf etmək üçün səyahətə çıxırıq. O, yolboyu insanların özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olur. Sonda onun gələcəyə ümidi bütövləşir və artır. Minanın hekayəti insanların qüdrətinin, birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyanın hökm sürdüyü daha yaxşı dünyadır. Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və səmimiyyətini hiss edirəm, məni onun bu keyfiyyətləri ilhamlandırır”.
İki il əvvəl keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilən möhtəşəm Bakı Olimpiya Stadionu bu axşam ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.
Stadionda hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edirdi. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.
Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilirdi.
Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünürdü. Balaca qız Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəldilər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət Olimpiya Stadionu canlandı.
Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başladılar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamladılar.
Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səsləndi. Musiqi sədaları
altında səhnəyə 700 könüllü
çıxdı. Onlar əllərində
parıldayan altıbucaqlı tutmuşdular. Azərbaycan Dövlət Rəqs Ansamblının 10
rəqqasəsi onlara qoşuldu.
Səhnədə
aypara və ulduzlar formalaşdırıldı, “Bakı-2017”nin loqosu nümayiş etdirildi. Altıbucaqlar
Azərbaycan bayrağına çevrildi.
Aypara İslam təqvimində hər yeni ayın
başlanmasını bildirir. Bu, həm də
İslam həmrəyliyinin və əməkdaşlığının
tarixində yeni fəslin başlanmasına işarədir.
Azərbaycan bayrağı dövlət himninin sədaları
altında stadiona gətirildi, Xüsusi Dövlət Mühafizə
Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən
dirəyə qaldırıldı.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan
bayrağının rənglərini təcəssüm etdirən
atəşfəşanlıq başladı.
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə
Xəzərdən başlayan su səyahətini və Azərbaycanın
gözəl təbiətə malik müxtəlif yerlərindən
suyun toplanması mərasimlərini əks etdirən kadrlar
göstərildi.
Suları toplayan 16 uşaq səhnəyə
çıxdı.
Onlar mis səhənglərdəki suları səhnənin
mərkəzindəki böyük siniyə boşaltdılar. Bu zaman
uşaqların arxasında pirotexniki şəlalə
çağlamağa başladı.
Beləliklə,
2017-ci il aprelin 5-də Bakıda Xəzərdən
başlayan su səyahəti Olimpiya Stadionunda başa
çatdı.
Xatırladaq ki, 40 gün əvvəl Xəzərdən
götürülmüş su Oyunların ruhunu hamıya
yaxın etmək üçün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin
bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər
3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı
5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən
və Xəzər dənizinin ayrı-ayrı sahillərindən
su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşdu.
Nəhayət, atletlərin paradı başladı. Hər bir
komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba
sırası ilə daxil oldu. İdmançıları
əlində lövhə tutan oğlan və mis qabda su
daşıyan qız müşayiət edirdi.
Tribunaların
önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair,
Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad,
Komor Adalarının komandaları keçdilər.
Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir,
Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran
idmançıları davam etdirdilər.
Stadiona İraq, İordaniya, Qazaxıstan,
Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş
komandaları daxil oldular.
Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər,
Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone
idmançıları tribunaların önündən
keçdilər.
Növbə
Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan,
Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan,
Yəmən komandalarına çatdı.
Tamaşaçılar qardaş Türkiyə
idmançılarını xüsusi coşqu ilə
salamladılar.
Nəhayət,
stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan”
mahnısının sədaları altında ev
sahibi - Azərbaycan komandası daxil oldu. Ölkəmizi
Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan
bayrağını beşqat dünya çempionu Rəfael
Ağayev aparırdı.
İdmançılarımızın tribunaların
önündən keçidi Natiq Şirinov və digər 19
nağaraçının ifası ilə müşayiət
olunurdu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva idmançılarımızı hərarətlə
salamladılar.
Bununla da, idmançıların paradı başa
çatdı.
Stadiona İslam Həmrəyliyi İdman
Federasiyasının bayrağının gətirilməsi mərasimi
başladı.
Bayrağı stadiona Azərbaycanın Olimpiya,
dünya çempionları və mükafatçıları
gətirdilər. Onların arasında Sidney, Barselona,
Pekin, Afina Olimpiya oyunlarının çempionları Namiq
Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov,
Zemfira Meftahətdinova və başqaları var idi.
Hərbçilər İslam Həmrəyliyi İdman
Federasiyasının bayrağını Azərbaycan
bayrağının yanında qaldırdılar.
İdmançılar
və hakimlər adından taekvandoçu, “Rio-2016” Olimpiya
Oyunlarının qızıl mükafatçısı Radik
İsayev və boks hakimi, “Afina-2004” Olimpiya
Oyunlarının bürünc mükafatçısı Fuad
Aslanov and içdilər.
Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017”
İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq
Təşkilatının baş katibi Yusif Əl-Osaymin
çıxış üçün səhnəyə dəvət
olundular.
Xanım Mehriban Əliyevanın çıxışı
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
İlham Əliyev.
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi, Zati-aliləri doktor Yusif Əl-Osaymin.
İslam Həmrəyliyi İdman Federasiyasının
hörmətli üzvləri.
Zati-aliləri.
İslam aləminin idmançıları.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana
xoş gəlmisiniz!
“Bakı-2017”
İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Əziz həmvətənlər, biz birliyin və
idmanın təntənəsi olan IV İslam Həmrəyliyi
Oyunlarını bu axşam fərəh hissi ilə qəbul
edirik. Oyunlara
ev sahibliyi etmək bizim üçün
böyük şərəfdir. Bu gün Azərbaycan
bütün İslam aləmini qəbul edir. Dörd qitədən
gəlmiş minlərlə idmançını və
paytaxtımızın qonaqlarını səmimi qəlbdən
salamlayır, onlara “Xoş gəlmisiniz” deyirəm! Bütün bu uğurlar münasibətilə
gözəl Vətənimizin hər bir vətəndaşını
təbrik edirəm və minnətdarlığımı
bildirirəm. Qoy, Ulu Tanrı Azərbaycanı qorusun!
Əziz dostlar, 50-dən artıq ölkənin nümayəndəsi
bu axşam Bakıda IV İslam Həmrəyliyi
Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada
olmağınız bizim üçün şərəfdir.
Qardaşlarımız və
bacılarımız, Azərbaycan Sizi səmimiyyətlə
salamlayır. Mən IV Oyunların keçirilməsini
Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi
İdman Federasiyasına minnətdarlığımı bildirmək
istəyirəm.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın
dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq
idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana
yatırdığımız böyük sərmayə
dünya səviyyəsində bacarıqları mənimsəməklə,
qurğuları və infrastrukturları yaratmaqla gələcək
üçün böyük irsi təmin etdi.
Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə
götürməkdən fərəh hissi duyur. Biz
minillikləri əhatə edən mədəniyyətə və
güclü İslam ənənələrinə malik qədim
diyarıq. Eyni zamanda, biz gənc, müasir
və sürətlə inkişaf edən ölkəyik.
Ötən il Azərbaycan müstəqilliyinin
bərpa olunmasının 25-ci ildönümünü qeyd
etdi. Ölkəmizin multikultural tarixi
açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir.
Biz İslam tarixi və irsinin bir hissəsi
olmaqdan, İslam dəyərlərini bölüşməkdən
fərəhlənirik.
Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif
olunacağı medallardan tutmuş möhtəşəm
açılış və bağlanış mərasimləri
kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi
ilhamlandıracaq. Odlar Diyarı Azərbaycan həm də
büllur sular ölkəsidir. Bənzərsiz
göllərimiz və çaylarımız, şəlalələrimiz
və bulaqlarımız, Xəzər dənizimiz əsrlər
boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat
mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər
dənizinə qədər ölkəmizin təbii gözəlliyinin
və özünəməxsusluğunun mühüm hissəsini
formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi
Oyunlarının rəmzi – su son beş həftə
ərzində Xəzərdən başlayan böyük səyahətdə
oldu. O, Azərbaycanın bənzərsiz təbiətini
dünyaya nümayiş etdirdi, hər kəsə sülh və
dostluq müjdəsi gətirərək, insanları
ilhamlandırdı.
Əziz dostlar, mən gözəl gənc
könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə
fəxr edirik. Sizin fədakarlığınız
və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz
bu Oyunları mümkün etdi. Sizə səmimi
qəlbdən təşəkkürümü bildirirəm.
İslam aləminin idmançıları, sizi burada
qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün
Azərbaycan sizinlədir və sizə böyük uğurlar
arzulayır. Bu, sizin
Oyunlarınızdır. Gələn on
gün ərzində ölkəmiz sizin eviniz olacaq.
Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə
görə qarşınızda fərəh hissi ilə
çıxış edirəm. Xalqımızın tərəqqiyə
bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə
fərəhlənə bilərik. Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində
bütün Avropa qitəsini bir araya gətirərək tarix
yazdı. İndi isə biz dörd qitənin
İslam dünyasının insanlarını Bakıda – IV
İslam Həmrəyliyi Oyunlarında birləşdiririk.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan edilib. “Bakı-2017” İslam Həmrəyliyi
Oyunları və idmanın qüdrəti
xalqlarımızı İslamın dostluq, sülh,
tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib.
Gücümüz həmrəylikdədir! Bu
ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın
hüdudlarından çox uzaqlara göndərəcək.
İslam aləminin atletləri, xanımlar və cənablar,
əziz dostlar.
“Bakı-2017”
İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Azərbaycana
xoş gəlmisiniz!
***
Sonra mikrofonun önünə İslam Əməkdaşlıq
Təşkilatının baş katibi Yusif Əl-Osaymin
keçdi.
Yusif Əl-Osayminin
çıxışı
-Azərbaycan
Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham
Əliyev.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin
sədri, Zati-aliləri xanım Mehriban Əliyeva.
Zati-aliləri, nümayəndə heyətlərinin rəhbərləri.
Hörmətli iştirakçılar, hörmətli
qonaqlar, xanımlar və cənablar.
Burada - Azərbaycan Respublikasının paytaxtı
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının
açılışında çıxış etməkdən
böyük şərəf hissi duyuram.
Mən bu möhtəşəm tədbirin təşkilində
göstərdikləri səylərinə görə Azərbaycan
xalqına, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə və onun hökumətinə
dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əminik
ki, bu tədbir İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrdə idmanın təşviq
olunmasına töhfə verəcək, İslam aləmində
gənclərə dəstək olacaq.
Gənclərin
inkişafı və idmanın təşviqi sahəsində
yorulmaz fəaliyyətinə və səylərinə görə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin
sədri Zati-aliləri xanım Mehriban Əliyevaya dərin təşəkkürümü
və ehtiramımı ifadə edirəm.
Mən, həmçinin IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsində xüsusi işləri
ilə fərqlənmiş İslam Həmrəyliyi İdman
Federasiyasına təşəkkürümü bildirmək
istəyirəm və onlara çoxlu uğurlar arzulayıram.
Bakıda
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan
olunması ilə üst-üstə düşür və bu,
Azərbaycanın nəinki üzv dövlətlərdə gənclər
və idmanın inkişaf işinə sadiqliyini göstərir,
o cümlədən bu ölkənin multikulturalizmin gücləndirilməsində,
eləcə də mədəniyyətlərarası dialoqun və
sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində,
idman vasitəsilə İslam dəyərləri barədə
biliklərin qlobal səviyyədə yayılmasında fəal
iştirakını nümayiş etdirir.
Zati-aliləri, hörmətli qonaqlar, İslam Həmrəyliyi
Oyunları dünyada ən iri idman tədbirlərindən
biridir. Çünki bu oyunlar müxtəlif mədəniyyətlərə
malik fərqli ölkələrdən gəlmiş təxminən
4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini
əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və
tolerantlıq dini olduğunu əks etdirir. Bu,
mədəniyyətlərindən və fərqlərindən
asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq
tellərini və dinc şəraitdə yanaşı
yaşamaq tərzini gücləndirir.
Zati-aliləri, hörmətli qonaqlar, İslam aləmi
zorakı ekstremizmin, radikallaşmanın, islamofobiyanın
artması və cəmiyyətlərimizin bəzi hissələrinin
təcrid olunması kimi çətin
çağırışlarla üzləşir. Güclü və
sağlam cəmiyyətlər gənclərin
bacarıqlarının, potensialının gücləndirilməsi
əsasında qurulur. Faktiki olaraq, biz məhz
idman vasitəsilə daha yaxşı
çalışırıq. İslam
idmana, fiziki və mənəvi tərbiyəyə
böyük əhəmiyyət verir.
İslam Əməkdaşlıq Təşkilatı gənclərə
və idmana böyük əhəmiyyət verir və verməkdə
davam edəcək. 2016-cı ildə İstanbulda
keçirilmiş 13-cü İslam Sammitində İslam aləmində
gənclər və idman məsələlərinə
xüsusi diqqət yetirən İƏT-in Onillik Tədbirlər
Planı (İƏT-2025) qəbul olundu.
Bu Oyunlar
2016-cı il oktyabrın 5-7-də gənclər və idman
nazirlərinin İstanbulda keçirilmiş İslam
Konfransının 3-cü sessiyasında İƏT-in
üzvü olan dövlətlərdə idmanın
inkişafı sahəsində İƏT-in
Strategiyasının (2017-2025-ci illər üçün) qəbul
olunmasından sonra ilk tədbirdir.
Əminəm ki, İƏT-in üzvü olan dövlətlərin
Milli Olimpiya Komitələri vasitəsilə İslam Həmrəyliyi
İdman Federasiyası və İƏT-in Baş Katibliyi
arasında əməkdaşlıq daha da güclənəcək
və İslam aləmində gənclərə aid ülvi məqsədlər
təmin ediləcək. Sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev IV İslam Həmrəyliyi Oyunlarını
açıq elan etdi.
Sonra atəşfəşanlıq başladı və
gecə səmasında fişənglərin yazdığı
“Bakı-2017” sözləri bərq vurdu.
Əlində mis səhəng tutan qadın səhnəyə
daxil oldu. Sonra su daşıyan 56 qadın da ona qoşuldu.
Onlar bir yerdə İslam Həmrəyliyi
İdman Federasiyasının 57 üzvünü təmsil edirlər.
Qadınlar suyu siniyə tökdülər və nəticədə
gözəl fəvvarə alındı. İslam aləmi
bununla rəmzi olaraq birləşdi.
Bu səhnə mərasimi Oyunların proqramında
“Birlik” adı ilə təqdim olundu.
Stadionda “Harmoniya” adlanan növbəti süjet
nümayiş etdirildi. Mina adlı bakılı qız babası
ilə səhnəyə çıxdı. Bakının Filarmoniya bağından
görüntülər ekrana gəldi. Babası
çərpələngin quyruğuna dördüncü
zolağı bərkidərək, onu tamamladı. O,
gözəl parkı dolanaraq ətrafdakı insanlara təbəssüm
və nur bəxş etdi. Sevinc hissi yaşayan bu
qız bütün dünyada sülhün və
harmoniyanın bərqərar olması barədə
düşünürdü.
Baba nəvəsinə
deyir: gələcəyimizə aparan yolu dəyişmək
üçün əvvəlcə keçmişimizi
qavramalıyıq. Beləliklə, o, çərpələngi
bələdçi dostu kimi təqdim edərək, Minanı
maraqlı bilik və tanışlıq səyahətinə dəvət
edir.
Filarmoniya bağında 120 səhnə
iştirakçısı, o cümlədən Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya
qoşuldu.
Minanın babası rolunu Xalq Artisti Nurəddin
Mehdixanlı canlandırırdı.
Eni 35,
uzunluğu 85 metr olan ekran 130 proyektor mütəxəssisi tərəfindən
işıqlandırılırdı. Əsl
reallığa yaxın animasiyalardan tutmuş, maraqlı
kinokadrlara qədər proyeksiyaların
işıqlandırılması 12 aya başa gəlib.
Bu səhnələri Fərhad Bədəlbəylinin “Dəniz”
əsərinin sədaları müşayiət edirdi.
Minanın hekayəti “Özünəməxsusluq”
adlı hissə ilə davam etdi. Qızcığaz
öz çərpələngində Bakıdan uzaqlara
uçdu. Qobustanın qayaüstü rəsmlərini,
Atəşgah məbədini və Yanardağda alovlanan əbədi
odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək
üçün əfsanələr dünyasına qədəm
qoydu və Simurq cücəsinin yumurtadan çıxmasına
kömək etdi.
Simurq lələyinin
birini Minaya verdi ki, dara düşəndə
bu lələyi yandırsın və bir göz
qırpımında yeni sehrli dostu köməyinə
yetişsin.
Əllərində
od olan 20 səhnə
iştirakçısı iki su hovuzunda buta fiquru formasında
alov cərgəsi yaratdı.
Niyazinin “Rast” simfonik muğamı bu səhnəyə əlavə
rəng qatdı.
Xəzər üzərində Ay göründü, əfsanəvi
muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin
zirvəsindən ətrafa yayıldı. Bu, azan səsi
idi. Mina həmin sədanın təsiri ilə
dini dəyərlərin və tolerantlığın möhtəşəm
məkanı olan Heydər Məscidinə yollandı. Əllərində fənər tutan yüzlərlə
dindar İslamın qüdrəti ilə buraya gəldi. Onların inanc odları kainatdakı ulduzlar kimi
Minanın gözləri qarşısında parlayır və
dövr edirdi.
Bu süjet “İnanc” adı daşıyırdı.
Stadiondakı ekranda gündəlik həyatın bir hissəsi
olan ənənələrə sadiq, İslam
dünyasının müxtəlif yaşlarda
insanlarını əks etdirən film nümayiş olundu. Filmdə suyun
böyük paklıq qüvvəsindən bəhs edilir.
İslamda su ibadətin vacib amilidir, cismi və
ruhu paklaşdıran vasitədir. Biz
hamımız fərqliyik, lakin adət-ənənələrimiz
və biliklərimiz bizi bir-birimizə bağlayır, dərimizin
rəngindən, inanclarımızdan asılı olmayaraq, su
bizi birləşdirən universal vasitədir.
Açılış mərasimi üçün
hazırlanmış filmin çəkilişləri Azərbaycan,
Avstraliya və Filippində aparılıb.
“Paklıq” adlı bu süjet boyu Ceyn Antoniya Kornişin və
Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səsləndi.
Minanın yeni macərası başladı. O, keçmişə yollandı
və dünyanı gəzib dolaşaraq cəsur səyyahlarla
görüşdü, yaraşıqlı günbəzlərə
baxdı, dahi şairləri gördü, planetimizdən kənar
kainatı seyr etdi və ilk mexaniki cihazlarla tanış
oldu. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat,
astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin
əldə etdiyi möhtəşəm uğurları ilə
yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri
sırasındadır.
“Bilik” adlanan bölümdə 570 iştirakçı
çıxış edirdi. Mərasimin bu hissəsinin
canlandırılmasında 40-dan artıq heyvandan – at, dəvə
və ulaqlardan istifadə olundu.
İslamın Qızıl Dövründən bəhs edən
səhnələr zamanı Fikrət Əmirovun “Min bir gecə”
baletindən musiqi səsləndirilirdi.
İslam dünyasının səyyahları Asiya,
Şimali Afrika, Avropa və Orta Şərqin geniş
coğrafiyasını əhatə edən ticarət yolları
şəbəkəsi ilə yayılan mədəniyyət və
bilik axını məskəni olmuş izdihamlı
karvansaralarda görüşürdülər. Minanın
növbəti səyahəti məhz buradan başladı.
“Karvansara” adlı bu səhnədə 70-dən
çox iştirakçı, böyük tacir arabası,
canlı at və dəvələr, habelə qartal və
şahin fiqurları diqqət çəkdi.
Oyunlarda təmsil olunan hər bir xalqın mədəni
irsindən götürülmüş elementlər –
personajlar, tematik əşyalar, rekvizitlər və geyimlər
səhnəyə çıxarılır və ekranda
göstərilirdi. Eyni zamanda, Azərbaycanın üç ənənəvi
musiqi aləti – balaban, kamança və nağara
nümayiş etdirildi. Üç yüzdən
çox səhnə rekviziti zaman və məkan haqqında təsəvvür
yaradırdı. Onların arasında xalçalar,
parçalar, musiqi alətləri, miniatürlər, kitablar,
çay, qəhvə, fənərlər, meyvələr, zinət
əşyaları və s. var idi.
Mina ağ atın belində səhnəyə daxil
oldu. On altı at eyni ritmlə addımlayaraq
dövr edən çarx yaratdı. Sonra
atlar paralel olaraq yan-yana keçdilər. Mina
karvansaralarda tacir və səyyahlarla söhbət etdi. O,
Azərbaycan xalçalarının və musiqi alətlərinin
qarşısında ayaq saxlayıb onlara baxdı.
Çərpələngin üstündə oturaraq səmada
uçan Minanın öyrənəcəyi hələ
çox şey var. Növbəti ünvan kəşflər
dünyasıdır.
İslamın Qızıl Dövründə insanlar səyahətə
çıxmağı, bilik əldə etməyi sevərdilər. Dəniz səyyahları
xəritələr tərtib etmiş, istiqaməti müəyyənləşdirən
alətlər yaratmış və dünyanı daha
yaxşı tanımaq, eləcə də güclü ticarət
yolları qurmaq üçün vacib olan naviqasiya ustalarına
çevrilmişdilər.
İslamın astronomiya elminə verdiyi ən
böyük töhfələrindən biri armillyar sferanın
təkmilləşdirilməsi olub. Ondan vaxtı müəyyənləşdirmək,
Günəşin çıxmasını və
batmasını əvvəlcədən bilmək, torpaqları
tədqiq etmək və binaların
hündürlüyünü hesablamaq üçün istifadə
edilirdi.
İslam memarlığının günbəz və
minarələrinin səmada həkk olunan cizgiləri olduqca fərqlidir. Bu axşam
tamaşaçılar Bakı Olimpiya Stadionunun səhnəsində
iki minarənin əhatəsində hündürlüyü 9
metr olan böyük göy günbəz gördülər.
Kiçikölçülü digər günbəzlər
və tağlar incə kəsim naxışlardan ibarət idi
və İslam memarlığında tez-tez rast gəlinən
bir-biri ilə bağlı həndəsi elementləri
nümayiş etdirirdi.
Mərasimin “Ədəbiyyat” bölümündə səhnəyə
üç böyük kitab fiquru çıxarıldı. IX–XIII əsrlərdə
biliyin yayılması və inkişafında mühüm rol
oynamış düşüncə və fikir mərkəzi olan
Bağdaddakı “Hikmətlər Evi” barədə məlumatlar
silsilə kitablarda qeyd olunur.
Səhnədə nümayiş etdirilən həmin
kitablar İslam sivilizasiyasının dahi ədiblərinə
hörmət əlamətinin ifadəsi idi.
Sonra səhnədə
Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət Günəş
sisteminin böyük modeli yaradıldı. Azərbaycan
Dövlət Rəqs Ansamblının 24 rəqqası üzərində
ulduz xəritələri təsvir edilmiş geyimlərdə səhnəyə
çıxdı. Səhnə üzərində
hündürlüyü 8,5 metr olan Günəş
doğdu.
Səhnəyə çıxarılan velosiped kvadrantdan
xəbər verirdi. Kvadrant alimlər və elm adamları tərəfindən
İslam mədəniyyətində ən çox istifadə
olunan astronomik və naviqasiya alətlərindən biri idi.
İri çarxlar Ayın fazalarını
nümayiş etdirirdi. İslam təqvimi
Ayın dövr etməsinə əsaslanır.
Stadionun səhnəsində 90 çarx, o cümlədən
velosiped çarxları göründü,
hündürlüyü 9 metr olan fil saatı nümayiş
etdirildi. Bu çarxlar Qızıl Dövrün mexaniki
ixtiralarına və turbin texnologiyasına işarə idi.
XI əsrə qədər bütün İslam
dünyasında su dəyirmanları işləyirdi. Su turbinlərinin ixtirası bir çox sənaye əməliyyatlarının
mexanikləşdirilməsinə imkan yaratdı.
Fil saatı səhnədə görünəndə
bütün hərəkət bir anlıq dayandı. Uçan
çərpələngində oturmuş Mina Ay mənasını
daşıyan topu ilanın ağzına atdı və fil
saatı işə düşdü. Bununla
da “Bilik” mərasimi yekunlaşdı.
Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin
musiqisi altında xüsusi geyimlərdə
çıxış etdi. Qəfildən qopan qum
fırtınası səhnədəki hər şeyi
süpürüb apardı.
Mina yolu azdı və səyahəti zamanı ilk dəfə
qorxmağa başladı. Lakin Simurqun lələyi
Minanın köməyinə gəldi və onun sehrli dostu
ildırım sürəti ilə şığıyaraq
qızcığazın imdadına yetişdi. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz
səmaya qalxaraq ulduzlara çatdı.
“Arzu” adlı
bu süjetin mənası belədir: Biz bir-birimizə
yardım etdikdə mümkün qədər kamilləşirik
və bu yolla ulduzlu səmaya qalxa bilirik.
Simurqun qanadlarının uzunluğu 15 metr, çəkisi
750 kiloqramdır. Onun üzərində ulduz kimi parlayan 785
kiçik lampa yanırdı.
Mədəniyyət
və inanc, irs və biliklər Minanın
qəlbini sevinc hissləri ilə doldurur – bütün bunlar bu
macəra zamanı onun daimi yol-yoldaşı gözəl
çərpələng sayəsində mümkün olur. Bu cütlük mehribancasına rəqs etdikcə,
Mina babası haqqında düşünür və onun
üçün darıxmağa başlayırdı,
çünki evə qayıtmaq vaxtı artıq
yetişmişdi.
“Sevinc” adlı bu səhnə Üzeyir Hacıbəylinin
“Aşıqsayağı” simfoniyasının sədaları ilə
müşayiət olundu.
Mina çərpələngində Bakı üzərindən uçaraq, doğma şəhərinin yeni simasını seyr etdi. Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxdı. Şəhərin mərkəzindəki möhtəşəm tarixi saraylar və qüllələr, eləcə də müasir mədəniyyət, idman və əyləncə məkanları göz önündən gəlib keçdi. Onun gələcəyi buradır. Bura Minanın evi – ümid yeridir.
“Ümid” adlı bu səhnənin nümayişi zamanı Qara Qarayevin “Yeddi Gözəl” valsı səsləndi.
Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçdu. Azərbaycan bayrağının rənglərində - yaşıl, qırmızı və göy çalarlarda olan kiçik altıbucaq çərpələnglər auditoriyanın başı üzərində dalğalandı. İyirmi nəfər odla hərəkətlər edirdi. “Yanar çarx”da 10 səhnə iştirakçısı fırlanırdı.
Səhnədə quraşdırılmış iki nəhəng hovuzdan hündürlüyü 10 metr olan su fəvvarəsi yüksəldi. Yerdə və havada “yanar çarx” fırlandı, stadion üzərində atəşfəşanlıq başladı.
Tanış olduğu insanların bəxş etdiyi nurdan ilhamlanan Mina çərpələngin gözəl nümunəsini bütün dünyaya göstərdi. Beləliklə, hər kəs üçün kifayət qədər böyük ilhamlandırma nümunəsi yarandı.
Minlərlə kiçik altıbucaq çərpələng Vasif Adıgözəlovun “4-cü piano konserti” musiqisinin sədaları altında tamaşaçıların üzərinə səpələndi.
Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatdı. Mina bu hekayətin başladığı məkana – sakit Filarmoniya bağına qayıtdı.
Mina ürəkdolusu sevinclə babası ilə görüşdü. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən Mina öz bələdçi dostunu – çərpələngini növbəti səyahətə yolladı ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlandı.
Tamaşaçılar Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında Mina və onun babası ilə vidalaşdılar.
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitdi. Bakının bahar səması əlvan rənglərə boyandı.
Beləliklə, Azərbaycan
orijinallığı ilə diqqəti cəlb edən,
tamaşaçıları vəcdə gətirən bu mərasimlə
IV İslam Həmrəyliyi Oyunlarının tarixə
çevriləcək ilk parlaq səhifəsini yazdı.
Azərbaycan.- 2017.- 13
may.- S. 1-3