Tennisçilərin yarışına start verildi

 

Dünən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışlarına start verildi. Bakı Tennis Akademiyasında keçirilən turnirin ilk günündə kişi və qadın komandaları mübarizə apardılar.

Pakistan, Özbəkistan və Türkmənistan milliləri ilə qrupda yer alan Azərbaycanın qadınlardan ibarət yığma komandası ilk qarşılaşmada uğursuz nəticə göstərdi. Belə ki, Alina Qavriş özbəkistanlı tennisçi Sabina Şaripovaya, Umayra Həşimova isə Komola Umarovaya məğlub olduqdan sonra görüşün müqəddəratı həll olundu. Formal xarakter daşıyan cütlüklərin  yarışında Umayra Həşimova-Züleyxa Səfərova Komola Umarova-Polina Merenkovaya uduzdular və Özbəkistan yığması 3:0 hesabı ilə qələbə qazandı.

Qadın komandaların digər görüşündə Türkmənistan millisi Pakistan komandasından güclü oldu -  3:0.

Kişilərdən ibarət Azərbaycan yığması üçün də start görüşü uğursuz alınmışdır. Pakistan millisinə qarşı keçirilmiş ilk oyunda komandamızın üzvü Rəsul Qocayev  Aqil Xana məğlub olmuşdur. Lakin növbəti qarşılaşmada tennisçimiz Filip Nikoliç rəqibi Məhəmməd Abidə qalib gəlməklə hesabı bərabərləşdirmiş və azarkeşlərimizi ümidləndirmişdi. Təəssüf ki, gərgin mübarizə şəraitində keçən həlledici görüşdə Filip Nikoliç-Orxan Manaflı cütlüyü pakistanlı Aqil Xan-Məhəmməd Abid cütlüyünə uduzmuşdur. Beləliklə, Pakistan komandası 2:1 hesablı qələbə əldə etmişdir.

Digər görüşlərdə İordaniya komandası Qətər millisi, Türkmənistan tennisçiləri isə Özbəkistan yığması ilə qarşılaşmışlar. Hər iki görüşdə hesab 1:1 olarkən əlverişsiz hava şəraitinə görə mübarizə təxirə salınmışdır. Bu komandalar arasında həlledici qarşılaşmalar bu gün keçiriləcək.

Mayın 13-də, yarışların ikinci günü qadınlardan ibarət milli komandamız Türkmənistan yığması, kişi tennisçilərimiz isə Qətər komandası ilə qarşılaşacaqlar.

 

Rizvan CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 13 may.- S. 5.