Voleybolda gərgin mübarizə davam edir

 

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən kişi voleybolçulardan ibarət komandalar arasında mübarizə davam edir. Mayın 12-də “B” qrupunda çıxış edən komandalar ilk oyunlarını keçirdilər.

“B” qrupunun ilk görüşündə Qətər millisi Əlcəzair yığmasını sınağa çəkdi. İlk dəqiqələrdən oyunun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. Elə gərgin mübarizənin nəticəsi idi ki, birinci set 35-37 hesabı ilə başa çatdı. Minimal üstünlüklə əlcəzairlilər qələbə qazandılar. İkinci setdə daha yaxşı təsir bağışlayan qətərlilər böyük fərqlə qalib gələrək hesabı bərabərləşdirdilər (25:14). Üçüncü setdə isə əlcəzairlilər daha yaxşı oyun nümayş etdirərək böyük fərqlə qalib oldular (25:17). Əlcəzair voleybolçuları qələbə seriyasını dördüncü setdə də inamla davam etdirərək görüşdən qalib ayrıldılar (25:21).

Qrupun digər oyununda İran və Səudiyyə Ərəbistanı komandaları qarşılaşdılar. Bu görüşdə isə iranlılar oyunun əvvəlindən daha yaxşı təsir bağışlayırdılar. Nəticədə hər üç setdə qalib olan İran voleybolçuları ilk görüşdən qalib ayrıldılar (25:18, 25:23, 25:18)

Xatırladaq ki, kişi voleybulçular arasında mübarizəyə mayın 11-dən “Crystal Hall”da start verilib. Həmin gün “A” qrupunda iki görüş keçirilib. Qrupun ilk görüşü Türkiyə və Türkmənistan komandaları arasında keçirilib. Daha yaxşı oyun nümayiş etdirən türkiyəlilər dalbadal 3 setdə qələbə qazanaraq türkmənləri məğlub ediblər (25:16, 25:11, 27:25).

Qrupun ikinci görüşündə isə Azərbaycan və Pakistan milli komandaları meydana çıxıblar. Əzmkar oyun nümayiş etdirən komandamız görüş başlayan kimi təşəbbüsü ələ alıb və ardıcıl üç seti qazanaraq oyunu qələbə ilə başa vurub (25:22, 25:18, 25:21). Hazırda “A” qrupunda Azərbaycan yığmasından cüzi üstünlüklə Türkiyə millisi liderlik edir.

Ümumiyyətlə, iki turun nəticələri göstərdi ki, qarşıdakı günlərdə kişilərdən ibarət voleybol komandaları arasında gərgin mübarizə davam edəcək. “B” qrupunda növbəti oyunlar sabah Mərakeş və Əlcəzair, həmçinin İran və Qətər komandaları arasında keçiriləcək. “A” qrupunun növbəti oyunları isə bu gün baş tutacaq. Türkmənistan Fələstinlə, meydan sahibi Azərbaycan yığması isə Türkiyə millisi ilə qarşılaşacaqlar.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 13 may.- S. 5.