Dünya idman
oyunlarının Azərbaycan standartı
Yaxud XXI əsrin
min bir gecəsi
İslam
Həmrəyliyi Oyunlarının açılış mərasimi
müstəqil Azərbaycan Respublikasında müasir və hərtərəfli
inkişafın böyük təntənəsini
nümayiş etdirdi. Bundan əvvəl Avropa Oyunlarında
qazanılmış zəngin təcrübə “Bakı-2017”
IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin
möhkəm bünövrəsindən irəli gəlir.
Azərbaycan
böyük uğurla keçmiş, yeniliklər üzərində
qurulmuş Avropa Oyunlarını qətiyyən təkrar etmədən
IV İslam Həmrəyliyi Oyunları ilə dünyaya tamamilə
yeni tipli bir idman oyunlarının açılış mərasimini
təqdim etdi. Bu, İslam Həmrəyliyi Oyunlarının
möhtəşəm Azərbaycan modeli idi.
Bu,
İslam Həmrəyliyi Oyunlarında meydana
çıxmış Bakı standartıdır. Fikrimizcə,
IV İslam Həmrəyliyi Oyunları Dünya Olimpiya
Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi
Oyunları tarixində yeni bir başlanğıc, fərqli bir
hadisədir. Bundan sonra dünyanın müxtəlif ölkələrində
keçiriləcək idman oyunlarının
açılış mərasimlərinin səviyyəsi IV
İslam Həmrəyliyi Oyunlarının
açılış mərasimi ilə müqayisə
olunmalıdır. Azərbaycan dünyanın diqqətini cəlb
edən və heyrətinə səbəb olan nəhəng bir
idman hadisəsinin müəllifi oldu. Bu, xalqı və
dövləti ilə fəxr edən hər bir Azərbaycan vətəndaşı
üçün qürur və iftixar mənbəyi olan parlaq
tarixi hadisədir.
İslam
Həmrəyliyi Oyunlarının açılış mərasimi
yeni tarixi epoxadakı Azərbaycan reallıqlarını
dünya ictimaiyyətinə çatdıran böyük
nümayiş idi. Açılış mərasimi
hazırkı dövrdə Azərbaycan Respublikasının
geniş iqtisadi imkanlara, böyük və zəngin mədəniyyətə,
qüdrətli şəxsiyyətlərə, ən yüksək
texnologiyaya əsaslanan müasir inkişaf səviyyəsinə
malik müstəqil bir dövlət olduğunu əyani surətdə
göstərdi.
IV
İslam Həmrəyliyi Oyunlarının
açılış mərasimi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi
“İslam həmrəyliyi ili”nin zirvəsidir. İslam həmrəyliyi
ilə və ümumiyyətlə həmrəyliklə əlaqədar
Azərbaycan dövlətinin və xalqımızın siyasi,
elmi-mədəni imkanları və intellektual düşüncəsi
Bakı İslam Həmrəyliyi Oyunlarında cəm halda bir
yerdə və ən yüksək səviyyədə ifadə
olunmuşdur. Bu, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin ən yüksək xitabət kürsülərindən
dünyada sülhün və sabitliyin, əməkdaşlığın
və inkişafın bərqərar olması, daha da möhkəmləndirilməsi
naminə səsləndirdiyi ideyaların,
çağırışların, mesajların, tezislərin
cazibədar təsvirlərlə, nadir dekorativ tətbiqi sənət
nümunələri ilə, xoreoqrafiyanın və musiqinin,
habelə idman mərasimlərinin dili ilə ifadə
olunmuş parlaq əməli ifadəsi idi. Azərbaycan
Prezidentinin illərdən bəri uğrunda ardıcıl
olaraq mübarizə apardığı humanizm, ədalət, bərabərlik,
multikulturalizm, həmrəylik, tolerantlıq, mədəniyyətlərin
və dinlərin dialoqu IV İslam Həmrəyliyi
Oyunlarının açılış mərasiminin əsas fəlsəfəsinə
çevrilmişdir. Müstəqil Azərbaycan bəşəriyyət
qarşısında həmin planetar fəlsəfəni
İslam dünyasının intəhasız zənginlikləri,
Azərbaycanın çoxəsrlik tarixi-mədəni ənənələri
və müasir dövrdəki yüksək imkanları
miqyasında möhtəşəm səviyyədə əks
etdirmişdir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam
Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevanın
açılış mərasimindəki parlaq nitqi Azərbaycanın
müasir mərhələdəki
çağırışlarını dolğun şəkildə
mənalandırır və Bakıda keçirilən
böyük mərasimdən müasir dünyaya ölkəmizin
baxışlarını əks etdirir. Mehriban xanım
Əliyevanın çıxışı eyni zamanda İslam
Həmrəyliyi Oyunlarının yüksək səviyyədə
təşkili üçün Azərbaycanda
görülmüş böyük işlərin
hesabatından və ölkəmizin bu Oyunlarda izlədiyi qayənin
bəyanatından ibarət olan mesaj kimi də mühüm əhəmiyyət
kəsb edir.
İslam
Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah
bin Mosaad bin Abduləzizin bu möhtəşəm idman tədbirinə
yüksək standartlar və böyük qonaqpərvərlik səviyyəsində
evsahibliyi etdiyinə görə Azərbaycan xalqına, Təşkilat
Komitəsinə ünvanladığı təşəkkür
əslində ölkəmizin yeni tarixi epoxadakı müasir
inkişafına verilmiş böyük qiymətin ifadəsidir.
Azərbaycanda
keçirilən IV İslam Həmrəyliyi Oyunları
müstəqil Azərbaycan dövlətinin həmrəylik siyasətinin
möhtəşəm təqdimatıdır. Təntənəli
açılış mərasimi bəşəriyyətə
həm də intibah mədəniyyəti bəxş etmiş
İslam dünyasının humanizmə və ədalətə
əsaslanan mənəvi zənginliklərini, yüksək bəşəri
dəyərlərini çatdırmaq üçün XXI əsrin
xitabət kürsüsü funksiyasını yerinə
yetirmişdir. Bu, dərin məzmunlu möhtəşəm təqdimat
bəzi ölkələrdə süni şəkildə
yaradılmış islamofobiya təzahürlərinin, əzablı
miqrasiya axınlarına ədalətsiz münasibətin,
İslamı yalnız terrorçuluqla əlaqələndirən
dairələrin baxışlarının nə qədər yanlış
olduğunu bütün bəşəriyyətə
çatdırdı.
İslam
Həmrəyliyi Oyunları Azərbaycanda sənətin bir
neçə istiqamətinin: xoreoqrafiya, balet, mahnı və rəqslərin,
dizayn və rəngkarlığın, ifaçılıq mədəniyyətinin
hansı yüksək inkişaf səviyyəsində
olduğunu nümayiş etdirdi.
İslam
Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycanın
bütün regionlarında keçirilmiş su əhvalatı
rəmzi mənada ölkəmizin dünyaya aydınlıq,
bolluq və bərəkət bəxş etmək niyyətini əks
etdirir. İslam Oyunları ərəfəsində
Naxçıvandan başlanaraq Xəzər dənizinə qədər
yaddaqalan fərqli mərasimlər vasitəsilə davam
etdirilmiş su səyahətinin açılış mərasimində
düşündürücü bir kollaj şəklində təqdim
olunması beynəlxalq miqyasda Azərbaycanın xoş məramını,
işıqlı niyyətlərini diqqət mərkəzinə
çəkir.
Azərbaycanda
təşkil olunmuş IV İslam Həmrəyliyi
Oyunlarının açılış mərasimi
özünün cəlbediciliyinə, rəngarəngliyinə,
romantikasına görə XXI əsrin min bir gecəsi kimi
yaddaşlara yazıldı. Bu, həqiqətən müstəqil
Azərbaycan dövlətinin dünyaya təqdim etdiyi fərqli
min bir gecə nağılıdır. Azərbaycan IV İslam
Həmrəyliyi Oyunlarının açılış mərasimi
ilə bir gecədə min bir gecənin bütün gözəlliklərini
və özəlliklərini, həmçinin müasir
dövrün əsas çağırışlarını
yüksək səviyyədə göstərib ifadə etməyin
mümkünlüyünü isbat etdi. Bu mənada IV İslam
Həmrəyliyi Oyunlarının qeyri-adi
açılış mərasimi dünya üzrə idman mərasimlərinin
tarixi salnaməsinə parlaq hərflərlə
yazılmış Azərbaycan əfsanəsidir. Bu,
sözün böyük mənasında Sülh, Birlik, Həmrəylik
və Böyük Mədəniyyət bayramıdır.
Açılış
mərasimi İslam Həmrəyliyi Oyunları
üçün mükəmməl bir start nöqtəsidir.
Ölkəmizdə bu böyük tədbirin yüksək səviyyədə
keçməsi üçün yaradılan ideal nümunəvi
şərait dünya ölkələrindən gəlmiş
idmançıların özlərinin gücünü və
bacarıqlarını nümayiş etdirməsi
üçün arzu olunan bütün imkanları təqdim
edir.
IV
İslam Həmrəyliyi Oyunlarının ilk günlərində
Azərbaycan idmançılarının qısa müddət
ərzində qazandıqları parlaq nailiyyətlər ölkəmizin
inkişafını və qüdrətini nümayiş
etdirir.
İnanırıq
ki, Azərbaycan idmançıları dünya olimpiadalarında
və beynəlxalq çempionatlarda olduğu kimi, IV İslam Həmrəyliyi
Oyunlarında da ölkəmizin yaxasını çoxsaylı
medallarla bəzəyəcəklər.
Uğurlar olsun!
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti,
akademik, Milli Məclisin komitə sədr
Azərbaycan.- 2017.- 16 may.- S. 3.