İƏT
ölkələri “Gənclər zirvəsi”nin Bakı Bəyannaməsi
qəbul olunub
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müvafiq qərarı, Gənclər və İdman Nazirliyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə 35 ölkəni təmsil edən gənclərin iştirakı ilə “Fəaliyyətdə həmrəylik” şüarı altında keçirilən “İƏT modeli gənc liderlər zirvəsi”nin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqlarının müdafiəsi və s. məsələləri əhatə edən Gənclik Zirvəsində İƏT-in 35 üzv ölkəsinin 70-ə yaxın universitetindən seçilmiş təxminən 100 gənc lider, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT-nin nümayəndələri, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbirin sonuncu günündə müzakirələrin nəticəsi olaraq, yekun qətnamələr qəbul edilib, iştirakçılara və simulyasiya sessiyalarının qaliblərinə müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib. Bundan başqa, Beynəlxalq İƏT modelin təqdimatı keçirilib, İƏT modeli gənc liderlər zirvəsinin qəbul etdiyi Bakı Bəyannaməsi elan olunub.
Gənclər zirvəsinin sessiyalarında iştirakçılar Xocalı soyqırımına qlobal miqyasda hüquqi-siyasi qiymət verilməsi, Rohinya münaqişəsi qurbanlarının insan haqlarının qorunması, islamofobiyaya qarşı mübarizə məsələləri ilə bağlı müvafiq qətnamələr qəbul ediblər. Xocalıya həsr olunmuş sessiyada beynəlxalq iştirakçılar İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət!” kampaniyası humanitar problemlərin sivilizasiyalararası dialoq aspektindən tanıtdırılması istiqamətində nümunəvi təşəbbüs kimi qiymətləndirilib.
Sammitin beynəlxalq münsiflər heyətinin qərarına əsasən İndoneziyanı (birinci yer), Fələstini (ikinci yer) və Kamerunu (üçüncü yer) təmsil edən komandalar Beynəlxalq İƏT modelinin qalibləri elan olunub. Azərbaycanı təmsil edən komanda isə xüsusi mükafatla təltif edilib.
“İƏT Modeli” Gənc Liderlər Zirvəsinin təntənəli bağlanış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin müraciəti oxunub.
Çıxış edənlər belə tədbirlərin İslam ölkələrinin həmrəyliyinin və əməkdaşlığının möhkəmlənməsinə, gənclərin intellektual inkişafına və əlaqələrinin genişlənməsinə töhfə verdiyini vurğulayılar.
Tədbirin sonunda Gənclər Zirvəsi tərəfindən
qəbul olunmuş Bakı Bəyannaməsində İƏT
ölkələrinin gələcək inkişafı, davam edən
münaqişələrin həlli, müasir
çağırışlara müsəlman ölkələrinin
verəcəyi cavablar, radikalizm və ekstremizmin aradan
qaldırılması yolları göstərilib, bu kontekstdə
İslam ölkələrinin həmrəyliyinə inam qeyd
olunub. Bəyannamədə, eyni zamanda, Bakıda keçirilən
IV İslam Həmrəyliyi Oyunları və bu Oyunlar ərəfəsində
gənclik proqramı olaraq İƏT ölkələri Gənclik
Zirvəsinin təşkili Azərbaycan dövləti və rəhbərliyi
tərəfindən İslam ölkələrinin həqiqi həmrəyliyinə
nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirilib.