Ağır atletlərimiz İslamiadaya bürünclə başladılar

 

Dünən IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarına start verildi. Qeyd edək ki, İslam Oyunlarında 130 ağır atlet iştirak edir. Onlar Azərbaycan, Banqladeş, Kamerun, Misir, İndoneziya, İran, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Malayziya, Pakistan, Fələstin, Suriya, Tacikistan, Türkmənistan, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Özbəkistanı təmsil edirlər. Yarışlar Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilir.

Dünən keçirilən yarışlarda 56 kq çəki dərəcəsində kişilər, 48 və 53 kq çəki dərəcələrində isə qadınlar mübarizə apardılar. Azərbaycanı kişilər arasında 56 kq çəki dərəcəsində Elmar Alıyev, qadınlar arasında 48 kq çəki dərəcəsində Mərziyyə Məhərrəmova təmsil edirdi. 53 kq çəki dərəcəsində isə ölkəmiz iki idmançı ilə təmsil olunmuşdu: Gülçin Əlizadə və Səbinə Əzimova.

Günün ilk yarışı 56 kq çəki dərəcəsində kişilər arasında keçirildi. Bu çəki dərəcəsində 10 atlet mübarizə aparırdı. Elmar Alıyev birdən qaldırma hərəkətini 103 kiloqramı ram etməklə başa vurdu. Bu mərhələdə ən yüksək nəticəni indoneziyalı Surahmat Vijoyo göstərdi.

Daha sonra idmançılar təkanla qaldırma hərəkətində güclərini sınadılar. Elmar Alıyev hərəkəti yerinə yetirərkən zədə aldığına görə yalnız 130 kiloqramı qaldırmaqla kifayətləndi. Bu mərhələdə də indoneziyalı atletlər daha yaxşı nəticə göstərərək birinciikinci yerə layiq görüldülər. İki hərəkətin cəminə görə qızıl medalı Surahmat Vijoyo (261 kq), gümüş medalı isə Muhammad Purkon (256) qazandılar. Bürünc medala isə 254 kq nəticə ilə Tunis idmançısı Amine Bohijbha layiq görüldü. Qaliblərə medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayan təqdim etdi.

İki hərəkətin cəminə görə 233 kq (103+130) nəticə göstərən Azərbaycan atleti Elmar Alıyev yarışı 6-cı yerdə başa vurdu.

Sonra qadınlar arasında 48 kq çəki dərəcəsində yarışa start verildi. Medallar uğrunda 6 atlet mübarizə aparırdı. Bu yarışın da birdən qaldırma üzrə mərhələsində indoneziyalı atletlər fərqləndilər. Sri Vahyani Agustiani 80 kq, Lisa İndriyani isə 74 kq nəticə göstərdilər.

Təkanla qaldırmada da ən yüksək nəticəni Sri Vahyani Agustiani göstərdi - 106 kq. Bu mərhələdə Türkiyə təmsilçiləri Saziyə Ərdoğan və  Qəmzə Karakol isə müvafiq olaraq 92 və 93 kiloqramı ram edə bildilər. Beləliklə, iki hərəkətin cəminə görə indoneziyalı Sri Vahyani Agustiani qızıl (186 kq), türkiyəli atletlərdən  Saziyə Ərdoğan gümüş (166 kq) və Qəmzə Karakol bürünc (164 kq) medal qazandılar.

Azərbaycan idmançısı Mərziyə Məhərrəmova 151 kq (66+85) nəticə ilə yarışı sonuncu yerdə başa vurdu.

Ağır atletlərin dünənki yarış günündə son olaraq körpücük üzərinə 53 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançılar çıxdılar. Bu dəfə 10 qadın idmançı mübarizə apardı.

Bu çəki dərəcəsində də birdən qaldırma üzrə İndoneziya təmsilçisi Syarah Angraini 81 kiloqramıın öhdəsindən gəlməklə lider oldu. İkinci nəticəni 80 kq-la türkiyəli Bediha Tunadağı, üçüncü nəticəni isə 78 kq-la digər İndoneziya təmsilçisi Devi Safitri göstərdi.

Təkanla qaldırmada əsas mübarizə  Azərbaycan, İndoneziya və Türkiyə idmançıları arasında getdi. Daha yaxşı nəticə göstərən Bediha Tunadağı iki hərəkətdə 182 kiloqramın öhdəsindən gəlməklə qızıl medal qazandı. İndoneziya təmsilçisi Devi Safitri 177 kq nəticə ilə ikinci yerə, Azərbaycan idmançısı Səbinə Əzimova isə toplam 176 kq nəticə ilə üçüncü yerə çıxdı. Daha bir təmsilçimiz Gülçin Əlizadə yarışı dördüncü sırada başa vurdu.

Beləliklə, ağır atletika yarışlarının ilk günündə Azərbaycan bürünc medal qazandı.

Ağır atletika yarışları bu gün davam edəcək. 58 kq çəki dərəcəsində qadın, 62 kq çəki dərəcəsində isə kişi idmançılar mübarizə aparacaqlar.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 14 may.- S. 3.