İdman gimnastikasında Azərbaycan
təntənəsi
Komanda yarışlarında qadın
gimnastlarımız qızıl, kişi gimnastlarımız
gümüş medalların sahibi oldular
IV
İslam Həmrəyliyi Oyunlarında Azərbaycan
idmançılarının uğurlu
çıxışları davam edir. Yarışların hər
günü idmançılarımızın
qazandıqları qələbələr bayrama çevrilir.
İslamiada
tarixində ilk dəfə keçirilən gimnastika
yarışlarına yüksək səviyyədə
evsahibliyi edən Azərbaycan yeni rekordlara imza atır. Öz
möhtəşəmliyi ilə hər kəsi heyran edən
Milli Gimnastika Arenasında Azərbaycan gimnastları
tamaşaçıları yeni-yeni zəfərlərlə
sevindirirlər. Gimnastlarımızın bu nailiyyətləri
isə onu deməyə əsas verir ki, Milli Gimnastika
Federasiyasının çoxtərəfli fəaliyyəti
öz bəhrələrini verir.
Oyunlarda
gimnastika yarışlarının komanda mübarizələri artıq
başa çatıb. Bədii gimnastika üzrə komanda
yarışlarında qızıl medal qazanan Azərbaycan
gimnastlarının ardınca qadın idman gimnastlarımız
da onlara bəslənən ümidləri doğruldaraq komanda
hesabında (99.300 xal) IV İslam Həmrəyliyi Oyunlarının
çempionu olublar. Qızıl medalı Azərbaycana Yuliya
İnşina, Yekaterina Tişkova və Marina Nekrasova
qazandırıblar. 96.050 xal toplayan Türkiyə millisi
gümüş, 68.150 xal yığan İndoneziya millisi isə
bürünc medala sahib çıxıblar.
Kişilərin
yarışında isə gimnastlarımız Murad
Ağarzayev, Timur Bayramov və Talas Bence qüvvələrini
sınayıblar. Yığmamız komanda hesabında 161,700
xal toplayıb. Yalnız Türkiyədən (163,450) geri qalan
millimiz 2-ci yeri tutub. 3-cü pillədə isə 152,150
xalı olan İran qərarlaşıb. Beləliklə,
İslamiadada bir daha Azərbaycan bayrağını yüksəklərə
qaldıran qadın və kişi idman gimnastlarımız
komanda yarışlarında ölkəmizə növbəti
qızıl və gümüş medalları qazandıraraq
uğur estafetini davam etdiriblər.
R.BAXŞƏLİYEV,