İlham
Əliyev Azərbaycanın İslamiada zəfərinin baş
müəllifidir
Atletlərimiz
parlaq qələbələrinin əldə olunmasında
Prezidentin böyük dəstəyini birmənalı
vurğulayırlar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının hər keçən günü tarixə qızıl hərflərlə yazılır. Azərbaycan idmançıları parlaq qələbələri ilə öz imzalarını bu şanlı tarixə həkk edirlər.
Onlar qazandıqları hər bir qələbə, əldə etdikləri medallar, üçrəngli bayrağımızın ən yüksəkdə dalğalandırılması ilə hər bir azərbaycanlının qəlbində fəxarət, qürur hissi yaşadırlar.
Atletlərimiz “Zəfər Günləri”ndə bir daha yaşadıqları sevinc hisslərini idman ictimaiyyəti və media nümayəndələri ilə paylaşırlar. Mayın 14-dən idmançıların doğma ocağına çevrilən Milli Olimpiya Komitəsində təşkil olunan bayram tədbirində hər gün rəngarənglik olur. Möhtəşəm nailiyyətlərə imza atan atletlərimiz xüsusi hazırlanmış lövhəyə imzalarını atır, MOK rəhbərliyi tərəfindən mükafatlandırılırlar.
Dünən, yarışların 3-cü günü fəxri kürsüyə çıxan 18 idmançımız (9 qızıl, 6 gümüş, 3 bürünc medal) “Zəfər Günləri”nin qonağı oldu. MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayevin, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevin, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin iştirak etdiyi tədbirdə maraqlı anlar yaşandı.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Azərbaycan idmançılarının uğurları davam edir. Yarışların 3-cü günü atletlərimizin sahib çıxdıqları 18 medalın əksəriyyəti bizim üçün o qədər də ənənəvi olmayan idman növlərində qazanılıb: “Azərbaycan idmançıları tarix yazmaqda davam edirlər. Artıq bizim üçün o qədər də ənənəvi olmayan üzgüçülük və digər idman növlərində böyük nailiyyətlər əldə edirik. Azərbaycan Gimnastika Federasiyasının zəhməti, əziyyəti də hədər getmədi. Həm bədii, həm də idman gimnastikası İslamiadada yeni rekordlara imza atdı. Milli komandamızın aktivinə ən çox medalı idman gimnastlarımız yazdırdılar. Onlar 5 qızıl, 5 gümüş və 2 bürünc medala sahib oldular. Cüdo yığmamız komanda yarışlarında çempion oldu. Ümumiyyətlə, Oyunlar yüksək bayram əhvali-ruhiyyəsi yaradıb və bu, idmançılarımızı daha da ruhlandırır. Hələ çox medalçılarımız olacaq və İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman tarixində şanlı səhifə açacaq”.
Medalçılarımız zəfər lövhəsinə imza atdıqdan sonra onlara xüsusi hədiyyələr təqdim edildi. İdmançılarımız öz sevinc hisslərini media nümayəndələri ilə paylaşdılar.
Prezident İlham Əliyevin
yarışları izləməsi bizə böyük ruh verdi
Elxan Məmmədov,
IV İslam Həmrəyliyi
Oyunlarının qalibi
- Həqiqətən də, bu bir ay mənim üçün çox uğurlu oldu. İslamiadadan öncə Avropa çempionatında birinci yeri tutdum. İndi isə İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda yarışında qızıl medal qazandım. Ancaq bu, bir ayın uğuru deyil, neçə illərin zəhmətidir. Komandamız çox güclüdür. Mübarizə göz qabağında idi. Çox şükürlər olsun ki, komanda yarışlarında da birinci olduq. Düzdür, komanda yarışlarında bir qədər çətinlik çəkdik. Gərgin mübarizələr gedirdi. Prezident İlham Əliyevin yarışları izləməsi idmançılara böyük ruh verdi. Ölkəmizə qızıl medalları qazandıra bildik.
Finalda öz həmkarım Elmar Qasımovla qarşılaşdım. Elmar hazırda dünya reytinqində birinci yerdə qərarlaşıb. Avropa çempionatının yarımfinalında da onunla üz-üzə gəlmişdik, onda da qalib oldum. İslamiadanın finalında bir-birimizdən ehtiyatlanırdıq. Sadəcə, Elmarın bir texniki səhvini tutdum və bunun hesabına qələbə qazandım. Ölkəmizin bu çəkidə 2 idmançı ilə təmsil olunmasının səbəbi o idi ki, yığma komandanın məşqçiləri Azərbaycanın ən güclü heyətini İslamiadaya buraxmışdılar. Buna görə də kişilərdən ibarət cüdo millimiz maksimum nəticə verdi - 5 qızıl, 2 gümüş medal əldə etdik. Bu nəticə onu göstərdi ki, Azərbaycan cüdo yığması nəinki İslam dünyasının, planetin ən güclülərindən biridir.
Ən böyük arzum Azərbaycan
himninin mənim qələbəmə görə səslənməsi
idi
Murad Ağarzayev,
IV İslam Həmrəyliyi
Oyunlarının çempionu
- Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim. Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənməsi idi. Çox şadam ki, buna nail oldum. Bu qələbəmdə mənə böyük dəstək olan anama borcluyam. Özümdən balacalara isə demək istəyirəm ki, yarışlarda inamla iştirak edib nailiyyətlər qazansınlar.
İlk dəfədir qələbə sevinci yaşayıram. Artıq neçənci dəfədir ki, finala qədər gəlirdim, lakin heç bir medal qazanmırdım. Bu gün ilk dəfə medal sevincini yaşadım. Düzdür, turnikdə ən çətin hərəkətləri etdikdən sonra ən sadəsində çaşdım. Bununla da özümə nəticə çıxardım ki, idmançı son anadək arxayınlaşmamalıdır. Çıxışı bitirənədək yarışma məsuliyyətini hiss etməlisən.
İndi sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir. Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Yığmanın baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar.
İki
qızıl medalın sevinci ayrı bir hissdir
Talas
Bence,
IV
İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu
-
İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir
ki, gimnastika yarışları keçirilir. Bu da IV
İslamiadaya təsadüf etdi. Yəni Azərbaycanda
keçirilən möhtəşəm yarışmada yenilik
oldu. Hər kəs şahiddir ki, yarışlar necə
möhtəşəm keçir.
İdman
gimnastikası yarışlarında iki qızıl və iki
gümüş medal qazanaraq tarixi uğura imza atdım. Zəhmət,
əziyyət çəkmişdik, hədər getmədi. Bizə
olan etimadı doğrultduğumuz üçün çox
sevinirəm. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə
təşəkkürümü bildirirəm. Bizə
böyük dəstək oldular. Onu da deyim ki, Milli Gimnastika
Arenasına toplaşan azarkeşlər də fəal idi. Hər
uğurlu çıxışımızda bizə
inanılmaz dəstək nümayiş etdirirdilər.
İnanıram ki, Azərbaycanın idman gimnastikası 2020-ci
ildə keçiriləcək Yay Olimpiya Oyunlarında da öz
sözünü deyəcək.
Yeni İslamiada rekorduna imza
atdığım üçün çox xoşbəxtəm
Anastasiya İbrahimli,
IV İslam Həmrəyliyi
Oyunlarının qızıl medalçısı
-
İslamiadaya çox ciddi hazırlaşmışdım. Rəqiblərimi
də əvvəlki yarışlardan tanıyırdım.
Ancaq körpücüyə çıxanda çox həyəcanlı
idim. Çünki hamı məndən qələbə
gözləyirdi. Mən yalnız qələbə gözləyirdim.
Medal qazanacağıma əmin idim.
Çox
sevinirəm ki, ən yaxşı nəticəni göstərərək
qızıl medal qazandım. Ən mühümü isə
odur ki, yeni İslamiada rekorduna imza atdım. Ancaq rekord
haqqında yox, yalnız qızıl medal barədə
düşünürdüm. Mən bu qələbəmə
görə məşqçilərimə və Azərbaycan
Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkürümü
bildirirəm. Çünki məşq prosesini ən yüksək
səviyyədə keçirməyimiz üçün hər
cür şərait yaradılmışdı.
Qazandığım qızıl medal mənim və məşqçimin
zəhmətidir. Qarşıdakı hədəfim isə
Olimpiya Oyunlarına qatılmaq və Azərbaycana medal qazandırmaqdır.
Oyunların
təşkilinə gəlincə isə deyə bilərəm
ki, Azərbaycan evsahibliyi etdiyi idman yarışlarını ən
yüksək səviyyədə keçirir. İslam Həmrəyliyi
Oyunları da çox yaxşı təşkil olunub. Ölkəmizə
gələn digər idmançılar da bunu təsdiqləyirlər.
Ölkəmizdə belə idman
yarışlarının keçirilməsi bizim
üçün böyük motivasiyadır
Məmmədəli Mehdiyev,
IV İslam Həmrəyliyi
Oyunlarının qalibi
-
Çox gərgin yarışlarım keçdi və sonda
sevindim. Fərdi yarışda 3 görüş keçirdim.
Birinci rəqibim Birləşmiş Ərəb Əmirliklərindən
idi. Ona 2 vazari xalı ilə qalib gəldim. Bu qələbə
sayəsində yarımfinala yüksəldim və türkiyəli
cüdoçu ilə qarşılaşdım. Məsuliyyət
çox olduğu üçün özümü istədiyim
qədər yaxşı tərəfdən göstərə
bilmədim. Çox şükür ki, buna baxmayaraq, qələbə
qazana bildim. Finalda isə daha güclü rəqiblə, əlcəzairli
idmançı ilə üz-üzə gəldim. Hesab 2:2 idi.
Axıra 3 saniyə qalanda vazari aldım və çempion
oldum.
Komanda
yarışı çox məsuliyyətlidir. Fərdi
yarışda ancaq özünə görə həyəcanlanırsan,
burada isə bütün komandaya görə. 3 nəfər
uduzsa, deməli, bütün komanda məğlub olur. Bunun məsuliyyəti
daha böyükdür. Çalışdıq, ardıcıl
qələbələr qazandıq, finala yüksəldik. Həlledici
döyüşdə rəqibimiz Əlcəzair idi.
Sözün düzü, bir az yorğunluq var idi, bu səbəbdən
finalda uduzdum. Son olaraq tatamiyə Uşanqi Kokauri
çıxdı. Yaxşı ki, o, qalib gələrək
komandanı çətin durumdan çıxarda bildi. Nəticədə
çempion olduq.
Qazandığım
uğurda federasiyamızın böyük payı var. Federasiya
cüdoçulara daim dəstək verib, komandanın üzvlərinin
yanında olub. Bu yarışdakı nəticə mənim
üçün böyük önəm kəsb edir. Amma davam
etmək lazımdır, dayanmaq olmaz. Ölkəmizdə bu
cür idman yarışlarının keçirilməsi bizim
üçün böyük motivasiyadır. Çox həvəslə
məşqimizi davam etdiririk. Çalışacağıq ki,
növbəti yarışlarda da Azərbaycanı layiqincə
təmsil edək.
Qazandıqları
zəfərlərin sevinc hisslərini bölüşən
idmançılarımız qətiyyətlə
vurğulayırlar ki, Azərbaycanın İslamiada zəfərinin
baş müəllifi dövlət başçısı
İlham Əliyevdir. Hər zaman idmançılara diqqət və
qayğı göstərən Prezidentin İslam Həmrəyliyi
Oyunlarında da atletlərimizin parlaq qələbələrinin
əldə olunmasında böyük dəstəyi var.
Dövlət başçısının yarışları
izləməsi, idmançılarımıza şəxsən
medalları təqdim etməsi atletlərimizi daha
qürurlandırır.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 17 may.- S. 1; 4..