Balaca Minanın keçmişə və bugünə
nağılvari səyahəti tamaşaçıları
heyran edərək yaddaşlarda iz qoydu
Bakı yenə də dünyanın diqqət mərkəzindədir. Bu, son illər tez-tez səslənən fikir olsa da, məhz həqiqətin, reallığın ifadəsidir. Genişürəkli, duz-çörəkli, sülhməramlı, xoş niyyətli Azərbaycan bu dəfə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir. İki il əvvəl keçirilən I Avropa Oyunlarının açılış mərasiminin orijinal forma və məzmununun təəssüratını hələ də unutmayan insanlar növbəti mötəbər idman tədbirinin açılışına heyran qaldılar.
Bu, bənzərsiz
bir tədbir idi. Onun məna və qayəsinə millilik və
multikulturalizm, tarixilik və müasirlik, Azərbaycan mentaliteti
və əlbəttə ki, İslam dəyərləri
hopmuşdu.
O
axşam bütün Bakı bayram əhvali-ruhiyyəsi ilə
yaşayırdı. Bu bayramın mərkəzi nöqtəsi
isə Bakı Olimpiya Stadionu idi. 67 min tamaşaçı
tutsa da, stadion sanki 2 milyardlıq İslam dünyasını özündə
toplamış bir məkana çevrilmişdi.
Mərasimin
ayrı-ayrı məqamları yenidən göz önündə
canlanır. 40 gün əvvəl Xəzərdən
götürülmüş suyu Oyunların ruhunu bütün
ölkəyə yaymaq üçün bölgələrə
aparmış səyahətçilər 3 min kilometr məsafə
qət etdikdən sonra stadiona daxil olurlar. Onlar Azərbaycanı
başdan-başa dolaşaraq Naxçıvan və
Qarabağdan, Mildən və Muğandan, Şirvandan, yurdumuzun
cənubundan və şimalından, qərbindən keçərək
ayrı-ayrı mənbə və çeşmələrdən
su gətiriblər.
Su
çox məna və dəyərləri özündə
yaşadan əvəzsiz nemətdir. Dirilik və paklıq, təmizlik
və aydınlıqdır. Dünyanın bir çox yerlərinin
çaxnaşdığı, bəzilərində müharibə
ocaqlarının alovlandığı bir zamanda Azərbaycanın
İslam aləmini, bütün dünyanı sülhə və
həmrəyliyə səsləyərək keçirdiyi bu tədbirə
suyu rəmz olaraq seçməsi necə də yerinə
düşüb! Odu su ilə söndürərlər
axı...
Azərbaycanın
Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın
açılış mərasimində dediyi kimi: “Odlar
diyarı Azərbaycan həm də büllur sular ölkəsidir.
Bənzərsiz göllərimiz və çaylarımız,
şəlalələrimiz və bulaqlarımız, Xəzər
dənizimiz əsrlər boyu həyatımızın mənbəyi
olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat mənbəyi
olan bu element Qafqaz dağlarından Xəzər dənizinə
qədər ölkəmizin təbii gözəlliyinin və
özünəməxsusluğunun mühüm hissəsini
formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi
Oyunlarının rəmzi - su son beş həftə ərzində
Xəzərdən başlayan böyük səyahətdə
oldu. O, Azərbaycanın bənzərsiz təbiətini
dünyaya nümayiş etdirdi. Hər kəsə sülh və
dostluq müjdəsi gətirərək insanları
ilhamlandırdı”.
Suyun birləşdirici
qüvvəsi də var. Bu da nəzərdən
qaçırılmadı. Əlində mis səhəng tutan
qadın səhnəyə daxil oldu. Sonra əli səhəngli
daha 56 qadın ona qoşuldu. Bu, İslam Həmrəyliyi
İdman Federasiyasının 57 üzvü olduğuna işarə
idi. Xanımların suyu boşaltdıqları nəhəng
sinidən əsrarəngiz bir fəvvarə vurdu. Bu da İslam
dünyasının birləşməsi demək idi.
Açılışda
suyun bir dəyərinin də nəzərə
çatdırılması çox təqdirəlayiq idi. Belə
ki, İslamda ibadətin vacib amillərindən birinin də su
olduğu vurğulandı.
Dini ayinlər
demişkən, o axşam Olimpiya Stadionunda azan da səsləndi.
Xalq artisti Alim Qasımov bu dəfə bax belə, İslam
Oyunlarının ruhuna uyğun bir ampluada
çıxış etdi.
Könüllülərin
“Yallı” sədaları altında gəlişi, onların əllərindəki
altıbucaqlı çərpələnglərin birləşərək
Azərbaycan bayrağına çevrilməsi, göz
önündəcə aypara və ulduzların “yaranması”,
eləcə də digər səhnələrin hərəsi
ayrı-ayrılıqda bir-birindən dərin məna kəsb
edirdi. Məsələn, İslam təqvimində yeni ayın
başlanmasını bildirən aypara sanki dünyada İslam
həmrəyliyinin təzə bir tarixinin
başlandığını təsdiqləyirdi.
Tədbir İslam dəyərlərinin, eləcə də xalqımızın mentalitetinin, adət-ənənələrinin təntənəsinə çevrilmişdi. Bu mənəviyyata görə, qonağı ev sahibi, ailənin böyüyü salamlayar. İslam Oyunlarını, onların iştirakçılarını dövlət başçısı İlham Əliyev salamlayaraq mötəbər idman tədbirini açıq elan etdi. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını stadiona Azərbaycanın keçmiş Olimpiya, dünya çempionları və mükafatçıları - idmanımızın “ağsaqqalları” gətirdilər. Bunun da öz mənası vardı. Böyüyə hörmət, ondan xeyir-dua almaq həmişə xeyir gətirər.
Tədbiri bənzərsiz edən bir səhnə də iki adlı-sanlı idmançımızın Oyunların ədalətlə keçəcəyinə and içməsi, Allaha dua etməsi oldu.
Mərasimin orijinallığı və təkrarsızlığı həm də tədbirin balaca “qəhrəman”ı - Mina adlı qızın çox böyük həqiqətlərdən soraq verən nağılvari səyahətindən qaynaqlanırdı. Bakıdakı Filarmoniya bağından tarixə - Qobustan qayalarına, Atəşgaha, Yanar dağa səyahət edən qızcığaz əfsanələr dünyasına daxil olur. Burada o, Simurq quşunun cücəsinin yumurtadan çıxmasına kömək edir. Quş isə lələyinin birini qıza bağışlayır ki, dara düşəndə bununla onu köməyə çağırsın. Məqsəd xeyirxahlığın xeyirxahlığa, yaxşılığın yaxşılığa bağlı olduğunu, insanın saf əməllərlə kamilləşdiyini göstərməkdir. Bunlar müqəddəs dəyərlərimizin yalnız bəziləridir.
At belində İslamın qızıl dövrünə yollanan qız astronomiyada, memarlıqda, ədəbiyyatda, xalçaçılıqda, musiqidə əsrlər boyu qazanılmış nailiyyətlərlə tanış olur. Öyrənir ki, bu dövrdə dəniz səyyahları xəritələr tərtib etmiş, istiqaməti müəyyənləşdirən alətlər yaratmışlar. İslam atsronomiya elminə armillyar sferanın təkmilləşdirilməsi kimi böyük töhfə vermişdir. Bununla vaxtı müəyyənləşdirir, Günəşin çıxmasını və batmasını əvvəlcədən bilir, torpaqları tədqiq edir və binaların hündürlüyünü hesablayırdılar.
Tədbirin bu məqamında səhnədə görünən üç böyük kitab fiquru İslam sivilizasiyasının biliyə, dahi yazıçı və şairlərə ehtiramının ifadəsi idi.
Balaca Mina keçmişdən bugünə qayıdarkən Azərbaycanın, paytaxt Bakının müasir yüksəlişini təcəssüm etdirən binaları görür. Bunlar Bakının rəmzlərinə çevrilmiş Heydər Əliyev Mərkəzi, “Alov Qüllələri”, digər möhtəşəm binalar, eləcə də Bakı Olimpiya Stadionudur. Qızın sevinci aşıb-daşır...
Qeyd edək ki, sözügedən bütün səhnələr Üzeyir Hacıbəylinin “Aşıqsayağı” simfoniyasının, Qara Qarayevin “Yeddi gözəl”, Arif Məlikovun “Məhəbbət əfsanəsi”, Fikrət Əmirovun “Min bir gecə” baletlərinin, Niyazinin “Rast” simfonik muğamının və Azərbaycan bəstəkarlarının digər dəyərli əsərlərinin sədaları ilə müşayiət olunurdu. Bu da mədəniyyətimizin daha bir nümayişi idi...
Açılış mərasimindən ardıcıllığı gözləmədən xatırlatdığımız, yenidən çatdırdığımız təkcə bu məqamlar deyil, tədbirin bütün məzmunu böyük məna daşıyır. Hələ uzun illər həmin axşam mərasimi canlı izləyən tamaşaçılar, Azərbaycanda və dünyanın onlarca ölkəsində onu televiziya ilə izləyən insanlar gördüklərini unutmayacaqlar. Xatırlayacaqlar ki, IV İslam Həmrəyliyi Oyunları 3 mindən çox atleti bir araya gətirmişdi. Açılış mərasimi də məhz İslam Həmrəyliyini əyani şəkildə nümayiş etdirdi. İslamın əsl mahiyyətini, sülh və tolerantlıq dini olduğunu bir daha nəzərə çatdırdı. Xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirmək məqsədimizi nümayiş etdirdi. Bir sözlə, Bakı Olimpiya Stadionunda keçirilən bu tədbir IV İslam Həmrəyliyi Oyunlarını böyük qələbələrə uğurladı və onların yüksək səviyyədə keçəcəyindən xoş soraq verdi.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 14
may.- S. 6.