Azərbaycanlı atletlərdən daha üç qızıl medal

 

Dünən Bakı Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atletlərin və paratletlərin yarışları davam etmişdir.

Kişi paralimpiyaçılar arasında F57 kateqoriyasında lövhəatma yarışında təmsilçimiz Samir Nəbiyev 45:17 metr nəticə ilə qalib gələrək ikinci qızıl medalını qazanmışdır. İordaniyalı atlet Əmir Əbdüləziz gümüş, Misir idmançısı Metava Abulhir isə bürünc medala sahib çıxmışlar.

Bu, idmançımızın İslamiadada əldə etdiyi ikinci qələbədir. Samir Nəbiyev srağagün kürəitələmə üzrə yarışlarda da qızıl medala yiyələnmişdir.

Daha bir qızıl medalı ölkəmizə T12 kateqoriyasında 100 metr məsafəyə qaçışda paratletimiz Elmir Cəbrayılov qazandırmışdır. O, 10,98 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlamışdır. Gümüş medala özbəkistanlı Mansur Abdirəşidov yiyələnmiş, bürünc medalı isə Mərakeş təmsilçisi Mehdi Əfri əldə etmişdir.

Üç təkanla tullanma yarışlarında da təmsilçilərimizin çıxışı sevindirici olmuşdur. Belə ki, Nazim Babayev 17,15 metr nəticə ilə İslamiadanın qızıl medalına layiq görülmüşdür. İkinci yeri də azərbaycanlı idmançı tutmuşdur - Aleksis Kopello gümüş medal əldə etmişdir  (16,90 metr). Üçüncü yerdə suriyalı idmançı Van Assen Migel qərarlaşmışdır.

Dünən yüngül atletika yarışlarında 110 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov 14,18 saniyə nəticə göstərərək IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanmışdır. Birinci yeri isə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Al Müvəlləd tutmuşdur. İraqlı idmançı Məhəmməd Sad Al Kvaçi bürünc medala sahib olmuşdur.

İslamiadanın daha bir medalına paralimpiyaçılar arasında F56 kateqoriyasında lövhəatma yarışında ölkəmizi təmsil edən Oloxan Musayev yiyələnmişdir. O, İran təmsilçiləri Əli Məhəmmədyari və Əlirza Nəsiri Qalehdən sonra üçüncü nəticə göstərərək bürünc medala layiq görülmüşdür.

Qadınların 3000 metr məsafəyə maneələrlə qaçış yarışında birinci yeri Burundi idmançısı Rut Jebet tutmuşdur. Əlcəzairli Əminə Bettiçe ikinci olmuş, digər burundili Tigest Mekonen isə üçüncü yerdə qərarlaşmışdır.

400 metr məsafəyə sədlərlə qaçışda da Burundi idmançısı qalib gəlmişdir. Oluvakemi Adekoya finiş xəttini hamıdan tez keçmişdir. Gümüş medalı nigeriyalı Onome Qlorya Nathaniel qazanmış, bürüncə isə Aminət Camal (Burundi) sahib çıxmışdır.

Şüvüllə tullanma yarışında türkiyəli atletlər zəfər çalmışlar. Buse Arikazan qızıl, Demet Parlak isə gümüş medal qazanmışlar. Tunisli Sirine Balti bürünc medal əldə etmişdir.   

800 metr məsafəyə qaçışda mərakeşli Malika Akkayi finiş xəttini birinci keçmişdir. İkinci yeri uqandalı Həlimə Hakai, üçüncü yeri isə Benin təmsilçisi Noelle Yariqo tutmuşlar.

Beləliklə, azərbaycanlı atletlər İslamiadada qazandıqları qızıl medalların sayını 7-yə çatdırmışlar.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2017.- 18 may.- S. 1;6.