İslamiadanın zəfər estafeti
Azərbaycandadır
Ölkəmiz həm təşkilatçılığı,
həm də medal sayına görə IV İslam Həmrəyliyi
Oyunlarının tarixinə öz möhürünü vurur
İslam
dünyasının maraqla izlədiyi “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunlarının hər keçən
günü maraqlı anlarla yadda qalır. Azərbaycan atletlərinin
uğurlu çıxışları davam edir. Elə gün
yoxdur ki, idmançılarımız fəxri kürsüyə
qalxmasınlar. Əyarından asılı olmayaraq qazanılan
hər bir medal uğur göstəricisidir.
Azərbaycan
Milli Olimpiya Komitəsinin (MOK) parlaq qələbələri ilə
ümidləri doğruldan idmançılarımızın
şərəfinə təşkil etdiyi “Zəfər Günləri”
isə bayram əhval-ruhiyyəsini daha da artırır.
İki il
öncə “Bakı-2015” I Avropa Oyunları zamanı MOK tərəfindən
həyata keçirilməyə başlanan bu xoşməramlı
layihə İslamiadanın da bəzəyinə çevrilib.
Medal qazanan idmançılarımızın, onların məşqçilərinin,
ailə üzvlərinin və media nümayəndələrinin
iştirak etdikləri “Zəfər Günləri” Azərbaycan
idmanının şanlı tarixində yeni səhifələr
açır.
Artıq
İslamiadada medal qazanan 50 idmançımız “Zəfər
Günləri”nin qonağı olub. Mayın 14-dən start
götürən silsilə xarakterli tədbirlərdə Milli
Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman
Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə,
gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, MOK-un baş katibi Ağacan Abıyev,
Ağır Atletika Federasiyasının vitse-prezidenti, MOK-un
baş katibinin müavini Azər Əliyev, Milli Paralimpiya komitəsinin
prezidenti İlqar Rəhimov və Taekvondo Federasiyasının
vitse-prezidenti Füzuli Musayev iştirak ediblər.
MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, mayın
12-də paytaxtımızda möhtəşəm
açılış mərasimi ilə start götürən
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları müsəlman
ölkələri üçün böyük önəm kəsb
edir: “Fəxr hissi ilə qeyd edə bilərik ki, əvvəlki
oyunlardan fərqli olaraq, “Bakı-2017”də 50-dən çox
İslam dövlətinin idmançıları iştirak edir.
Bu, Azərbaycanın uğuru və yeni rekordudur. Hər zaman
İslam dəyərlərinə sadiq olan Azərbaycan bu
Oyunları yüksək səviyyədə keçirməklə
bir daha idman ölkəsi olduğunu sübut edir”.
MOK-un
vitse-prezidenti İslamiadanın qalibi olan qadın həndbolçulardan
ibarət Azərbaycan yığmasının uğurunu
xüsusi ilə qeyd edib: “Yarışların ikinci
günü daha möhtəşəm oldu,
idmançılarımız 28 medal qazandı. Bu, Azərbaycanın
idman dövləti olduğunu bir daha təsdiqlədi. Komanda
idman növləri üzrə beynəlxalq yarışlarda
böyük uğur qazanmamışdıq. Fərəhlidir
ki, qadınlardan ibarət həndbol millimiz çempion oldu”.
Ç.Hüseynzadə
vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, yenə də
çempionlarımızı Azərbaycanın dövlət
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev təltif edir. Bu, artıq ənənəyə
çevrilib. Prezidentin idmançıları təltif etməsi
növbəti günlərdə yarışlara qatılacaq
atletlərimizdə böyük ruh yüksəkliyi yaradır.
Azərbaycan
idmançılarının mötəbər idman
yarışının iki günü ərzində 50 medal
qazandığını böyük nailiyyət hesab edən
Ç.Hüseynzadə qeyd edib ki, ölkəmiz həm
yüksək səviyyəli təşkilatçılığına,
həm də medal sayına görə İslamiada tarixinə
öz möhürünü vurur.
Gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov isə
bu uğurların əsasında dövlətin
idmançılara göstərdiyi qayğının
durduğunu söyləyib: “Artıq idman ölkəsinə
çevrilən Azərbaycan idmançılarının
“Bakı-2017”nin ilk gündən rekord sayda medallar qazanması
Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və
qayğısının bəhrəsidir”.
Milli
Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə
paralimpiyaçılarımızın İslamiadada uğurlu
çıxışından bəhs edib. Vurğulayıb ki,
paracüdoçular İslamiadanı 4 qızıl, 4
gümüş, 3 bürünc olmaqla 11 medalla başa vurublar.
Bu, həqiqətən də böyük nailiyyətdir.
Çıxışlardan
sonra medalçılar İslamiadanın naxışlı
lövhəsinə imzalarını atıblar və onlara
MOK-un xüsusi hədiyyələri təqdim edilib. Mərasimdən
sonra isə çempionlarımız xoş təəssüratlarını
media nümayəndələri ilə bölüşüblər.
“Fəxri kürsüdə himn oxumaq
böyük şərəfdir”
Marina Durunda,
IV İslam Həmrəyliyi
Oyunlarının beşqat mükafatçısı
“Bədii
gimnastika üzrə Azərbaycan yığma komandası
İslam Həmrəyliyi Oyunlarındakı nəticələrindən
çox razıdır. Biz xoşbəxtik ki, ölkəmizin
ümidlərini doğrultduq. Fəxri kürsüdə himn
oxumaq həqiqətən, böyük şərəfdir.
Qazandığımız
uğurlarda Gimnastika Federasiyasının, məşqçilərimizin
xüsusi əməyi var. Bizə çox böyük dəstək
göstərdilər və nəticəsi də yaxşı
oldu. İslamiadada ilk dəfə keçirilən gimnastika
yarışlarında Azərbaycan öz sözünü dedi
və yeni rekordlara imza atdı.
Onu da
deyim ki, azarkeşlərin dəstəyi komandanı çox həvəsləndirirdi.
Bu da bizə mübarizədə əlavə stimul verirdi. Hər
kəsə təşəkkür edirəm”.
“Nə qədər karatedə varam, Vətənimə
qızıl medallar qazandırmağa çalışacam”
Rafael Ağayev,
IV İslam Həmrəyliyi
Oyunlarının qızıl medalçısı
“İdmançının
özündən çox şey asılıdır. Qalib gəlmək
olar, lakin əsas məsələ titulu qorumaqdır.
İslamiadada həm karatedə, həm də digər idman
növlərində qızıl medallarımızın
sayı çoxdur. Medal qazanan
idmançılarımızı təbrik edirəm.
Bütün
qələbələrə önəm verirəm. Uğurun
arxasında ağır məşqlər dayanır. İstər
respublika birinciliyi olsun, istərsə də Avropa və ya
dünya çempionatı fərqi yoxdur. Çünki hər
bir medal üçün əziyyət çəkirsən,
ciddi zədələrlə üzləşirsən. Ancaq
himnimizin səslənməyi və bayrağımızın
yüksəlməyi insanda əvəzsiz hiss yaradır.
İslamiadada
Azərbaycanın bayraqdarı idim və bundan qürur duyurdum.
Bu mənim üçün böyük şərəfdir.
Əlim qırıq olsaydı belə, o bayrağı
tutacaqdım. Bayraqdar olmaq hər bir idmançıya nəsib
olmur. Nə qədər bu idmanda varam, Vətənimə
qızıl medallar qazandırmağa
çalışacağam.
Hazırda
32 yaşım var və 2020-ci ildə keçiriləcək
Yay Olimpiya Oyunlarına hazırlaşıram. Orada nəinki
iştirak etmək, qızıl medalla Vətənə
dönməyə çalışacağam”.
“Qızıl medalı Prezident
İlham Əliyevin təqdim etməsi həyatımın ən
sevincli anı oldu”
Nicat Şıxəlizadə,
IV İslam Həmrəyliyi
Oyunlarının qalibi
“Əsas
məqsədimiz qızıl medal uğrunda mübarizə
aparmaq idi. Çox şükür ki, istəyimizə nail
olduq. Qızıl medalı mənə Prezident İlham
Əliyevin təqdim etməsi həyatımın ən sevincli
anı oldu. Doğma divarlar arasında qalib olduğum
üçün çox sevincliyəm.
Yarışa
ciddi hazırlaşmışdım. Bir neçə təlim-məşq
toplanışında iştirak etmişdik. Əsas odur ki, əziyyətimizin
bəhrəsini gördük. İdmançı
üçün bu, vacib məsələdir. Çəkdiyin
zəhmət hədər getməyəndə daha da həvəslənirsən.
Bütün rəqiblərimə qarşı ciddi
hazırlaşmışdım. Onların sırasında yeni
sima yox idi. Hamısını tanıyırdım, əvvəllər
güləşmişik. Sevinirəm ki, bütün rəqiblərimin
üzərində təmiz qələbə qazandım.
Qarşına məqsəd qoymamısansa, uğur əldə
edə bilməyəcəksən. Yayda bizi dünya
çempionatı gözləyir. Ona ciddi
hazırlaşacağıq. İnşaallah, yenə xalqımızı
sevindirərik. Sonra da yarışlar olacaq. Amma indiki məqamda
əsas məqsədimiz dünya çempionatı ilə
bağlıdır. Bizdən həmin turnirdə də
uğurlu nəticə gözlənilir. Bunun fərqindəyik
və ümidləri doğrultmaq üçün əlimizdən
gələni edəcəyik”.
“İslamiadada məğlub ola bilməzdim”
Fəridə Abıyeva,
IV İslam Həmrəyliyi
Oyunlarının çempionu
“Azərbaycanda
keçirilən I Avropa Oyunlarında uğur qazana bilməmişdim.
Ancaq çox çalışdım və İslam Həmrəyliyi
Oyunlarına ciddi hazırlaşdım. İslamiadada məğlub
ola bilməzdim, çünki Vətənimdə
çıxış edirdim.
Hisslərimi
ifadə etməyə çətinlik çəkirəm. Mən
çox xoşbəxtəm və qələbəmi Azərbaycan
xalqına həsr edirəm.
Avropa
Oyunlarında olduğu kimi, bu Oyunlarda da azarkeşlər fəaldırlar.
İdmançılarımıza böyük dəstək
olurlar və bu, atletlərimizi daha da ruhlandırır.
Artıq
karate Olimpiya idman növü kimi proqrama daxil edilib. Ən
böyük arzum Olimpiya Oyunlarında Azərbaycan
bayrağını yüksəklərə qaldırmaqdır.
Bunun üçün çox çalışmalıyam və
inanıram ki, bu istəyimə də nail ola bilərəm”.
“Bu, zəfər karyerama qızıl
hərflərlə yazıldı”
Ramilə Kaştayeva,
IV İslam Həmrəyliyi
Oyunlarının paracüdo üzrə qalibi
“Mən
dünya və Avropa birinciliklərinin
mükafatçısı və Paralimpiadanın
iştirakçısı olmuşam. Amma İslamiadaya
xüsusi hazırlaşırdım. Doğma meydanda yalnız
birinci yeri tutmağı hədəfləmişdim. Bu qələbə
karyerama qızıl hərflərlə yazıldı.
Yarışlara
qədər ciddi hazırlıq keçdiyim üçün
mənə inananların etimadını doğrultdum. IV
İslam Həmrəyliyi Oyunlarında Özbəkistan,
Türkiyə, Əlcəzair və digər müsəlman
ölkələrindən güclü idmançılar
yarışırlar. Mənim ilk rəqibim Özbəkistan təmsilçisi
Olimpiya Oyunlarının mükafatçısı idi.
Çox sevinirəm ki, belə güclü rəqiblərin
mübarizə apardıları yarışda qalib gələrək
Azərbaycana qızıl medal qazandıra bildim.
Əsas məqsədim
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və
Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Amma əvvəlcə
bu ilin avqustunda keçiriləcək qitə
çempionatına, ondan sonra qran-pri turnirlərinə və gələn
il təşkil ediləcək dünya çempionatına
hazırlaşmalıyam”.
“Qələbəyə gedən yol həmişə
çətin olur”
Orxan Səfərov,
IV İslam Həmrəyliyi
Oyunlarının qalibi
“İki
il öncə ölkəmizdə keçirilən Avropa
Oyunlarında gümüş medal qazanmışdım. Ancaq
qarşıma məqsəd qoymuşdum ki, İslamiadada
qızıl medala sahib çıxım və istəyimə
nail oldum. Bu, çox sevindiricidir. Finalda qalib gəldiyim rəqiblə
artıq 4-cü dəfədir qarşılaşıram. 3 dəfə
mən qələbə qazanmışam, bir dəfə o.
Burada dünya reytinqində yaxşı yerlərdə qərarlaşan
idmançılar yarışır.
Qələbəyə
gedən yol həmişə çətin olur. Doğma
divarlar arasında mübarizə aparanda isə
idmançıda ikiqat məsuliyyət yaranır.
Şükür ki, ümidləri doğruldaraq hər kəsi
sevindirə bildim. İndi qarşıdakı yarışlar
barədə düşünürəm. IV İslam Həmrəyliyi
Oyunlarında qızıl medal qazandıqdan sonra növbəti
hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer
tutmaqdır. 2016-cı il Olimpiya Oyunlarında mən beşinci
olmuşdum, Tokioda isə qızıl mükafatı
qazanmağa çalışacağam”.
“Qızıl medalı Azərbaycan
şəhidlərinə həsr edirəm”
Orxan Mamayev,
IV İslam Həmrəyliyi
Oyunlarının çempionu
“Bu,
çox möhtəşəm yarışdır və mən
şadam ki, ikinci dəfə İslam Həmrəyliyi
Oyunlarında çempion oldum. 2013-cü ildə də
İslamiadada qızıl medal qazanmışdım. İki il
sonra Bakıda keçirilən I Avropa Oyunlarında da Azərbaycan
himnini səsləndirmişdim.
Çox
sevincliyəm həm də ona görə ki, Vətənimdə
bir dəfə də olsun məğlub olmamışam. Ən
böyük arzum qələbə qazanmaq idi. Şükür
ki, arzuma çatdım və qazandığım qızıl
medalı bütün Azərbaycan şəhidlərinə həsr
edirəm. Medal qazanan hər bir idmançımızı təbrik
edirəm. Mən və Rafael Ağayev Dünya Oyunlarına
lisenziya qazanmışıq. Bu da 4 ildən bir keçirilən
yarışdır. Hər çəkidə 8 idmançı
dəvət olunub. O yarışlara
hazırlaşacağıq. Ən böyük məqsədimiz
Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”.
“Zəhmətim hədər getmədi”
İrina Zaretska,
IV İslam Həmrəyliyi
Oyunlarının qızıl medalçısı
“İslam
Həmrəyliyi Oyunlarına ciddi
hazırlaşmışdım. Çünki rəqiblərimi
tanıyırdım. Onlar çox güclü karateçilər
idilər. Fikirləşdim ki, əgər birinci
döyüşü udsam, o zaman bu çempionatda qalib
olacağam. Belə də oldu. Məşqçimə təşəkkür
edirəm. Hər kəs məni dəstəkləyirdi.
Medalı həyat yoldaşıma həsr edirəm.
İki il
öncə “Bakı-2015” I Avropa Oyunlarında da
yarışlara böyük həvəslə
hazırlaşmışdım. Yarışda da çətin
döyüşlərim oldu. Amma zəhmətim hədər
getmədi. Finala yüksəldim və Azərbaycan
bayrağını ən yüksəklərdə
dalğalandırdım. İndi də İslam Həmrəyliyi
Oyunlarında qızıl medala sahib çıxdım.
Sevincimin həddi-hüdudu yoxdur”.
“İki qardaş olaraq İslamiada
tarixində bir ilkə imza atdıq”
Elçin Talıbov,
IV İslam Həmrəyliyi
Oyunlarının paracüdo üzrə çempionu
“İslamiadada
yarışlar çox gərgin keçdi. Əksər
ölkələr güclü komandalarla iştirak edirdilər.
Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin
cüdoçuları yarışlarda yaxşı nəticə
göstərdilər.
İstəyimiz
Azərbaycanın adını yüksəltmək idi və
buna da nail olduq. Bir ailəyə iki medal apardıq.
Böyük qardaşım Natiq Talıbov
paracüdoçudur. O da bürünc medal qazandı. Ailəmizin
sevincinin həddi-hüdudu yoxdur. İslamiada tarixində ilk dəfədir
ki, iki qardaş bir Oyunda iştirak edir və medallar qazanır.
Bu xoşbəxtlik bizim ailəyə qismət oldu. Ancaq hər
şey bununla bitmədi. Hər ikimiz gələcəkdə
keçiriləcək yarışlara da qatılacağıq
və ölkəmizi layiqincə təmsil edəcəyik”.
“Azarkeş dəstəyindən
yaxşı ruhlandırıcı heç nə ola bilməz”
Roman Heydərov,
IV İslam Həmrəyliyi
Oyunlarının qalibi
“İslamiadaya
çox ciddi hazırlaşmışdım. 18 yaşım
olsa da, özümə çox arxayın idim. Qalib gəlməyimin
bir səbəbi də yarışların Bakıda keçirilməsi
oldu. Həm də onu deyim ki, azarkeş dəstəyindən
yaxşı ruhlandırıcı heç nə ola bilməz.
Azarkeşlərə güvənib döyüşdüm və
qalib oldum.
Hər
bir idmançının ən böyük arzusu dövlətinin
bayrağını ən yüksək zirvələrə
qaldıraraq ölkəsini dünyaya tanıtmaqdır. Elə
bir mötəbər yarış yoxdur ki, orada
bayrağımız dalğalanmasın.
İdmançılarımız bütün yarışlarda
uğurla çıxış edərək Vətənə
medallarla dönürlər. Yeniyetmələr, gənclər də
bundan ruhlanıb öz üzərlərində ciddi
çalışırlar. Qarşıda gənclər
arasında dünya çempionatı keçiriləcək.
Orada da iştirak edəcəyəm və əsas məqsədim
2020-ci il Olimpiya Oyunlarına qatılmaqdır”.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 16 may.- S. 6-7.