Karateçilərimiz “Bakı-2017”ni
10 medalla başa vurdular
IV İslam Həmrəyliyi
Oyunlarında karate yarışları
başa çatıb. Karate yarışlarının son günü
də Azərbaycan idmançıları üçün
uğurlu olub və onlar aktivlərinə
daha 5 medal (3 qızıl,
1 gümüş, 1 bürünc)
yazdırıblar. Mayın
14-də Bakı İdman
Sarayında karatenin kata və kumite
döyüşlərində qadınlar -68 və +68, kişilər isə -84 və +84 kiloqram çəki dərəcələrində
döyüşüblər.
Qızıl medallardan birini kumitedə - 68 kq çəki dərəcəsində
İrina Zaretska qazanıb. İdmançımız mübarizəyə dörddəbir final mərhələsindən
qoşulub.
İlk döyüşdə
Misir təmsilçisi
Nada Muhammedə 4:3 hesabı
ilə qalib gələn İrina yarımfinala vəsiqə
qazanıb. Bu mərhələdə rəqib
İran idmançısı
olub. Behnoş Nəcəfiqhaqhelestanini də 3:0 hesabı ilə məğlub edən xanım karateçimiz adını
finala yazdırıb.
Finalda isə idmançımızın
rəqibi türkiyəli
Eda Eltemuru olub. İnamla döyüşən İrina Zaretska bu görüşdə
3:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Bürünc medallara isə
Misir təmsilçisi
Nada Muhammed və iordaniyalı Hala Traiş layiq görülüblər.
Ölkəmizin hesabına daha bir qızıl medalı kumite yarışlarında - 84 kq
çəki dərəcəsində
mübarizə aparan Ayxan Mamayev yazdırıb. Turnirə 1/8 finaldan qoşulan Ayxan İordaniya idmançısı Sayan Mahmudla qarşılaşıb.
Görüşü 7:1 hesablı qələbə
ilə başa vuran təmsilçimiz dörddəbir finala çıxıb. Bu mərhələdə
əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı
ilə qalib gələn A.Mamayev yarımfinala vəsiqəni
təmin edib. Finala gedən yolda özbəkistanlı
Əbdüləziz Ataboyevlə
gərgin döyüş
keçirən həmyerlimiz 3:1 hesabı
ilə qələbə
qazanaraq finala yüksəlib. Həlledici
mərhələdə türkiyəli
Alparslan Yamanoğlunu
1:0 hesabla məğlub
edən Ayxan İslamiadanın qalibi olub. Bürünc medalları özbəkistanlı
Əbdüləziz Ataboyev
və misirli Muhammed Elkotbu əldə ediblər.
+84 kq çəki dərəcəsində kata növündə yarışan digər bir qızıl medalçımız Roman Heydərov da mübarizəyə 1/8 finaldan başlayıb. İndoneziya idmançısı Əhməd Yudanı 4:1 hesabı ilə məğlub edən Roman dörddəbir finala çıxıb. Bu mübarizədə iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gələn R.Heydərov yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda Roman Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarla qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən idmançımız finala adlayıb. Finalda türkiyəli Mehmet Yakana 3:2 hesabı ilə qalib gələn Roman “Bakı-2017”nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.
+68 kq çəki dərəcəsində yarışan Fəridə Əliyeva mübarizəyə dörddəbir finaldan qoşulub. Əlcəzairli Atif İmenenidən güclü olan xanım idmançımız yarımfinala yüksəlib. Yarımfinalda Fəridə çox çətin döyüş keçirib. Gərgin döyüşün yekununda pakistanlı Nargis Nargisi 1:0 hesabı ilə məğlub edən F.Əliyeva finala yüksəlib. Həlledici mərhələdə rəqib türkiyəli Meltem Hocaoğlu olub. 2:6 hesabı ilə uduzan Fəridə gümüş medalla kifayətlənib. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.
+84 kq çəki dərəcəsində yarışan digər bir təmsilçimiz Asiman Qurbanlı isə mübarizəyə dörddəbir finaldan qoşulub. Pakistan təmsilçisi Ramzan Məhəmmədə 5:1 hesabı ilə qalib gələn idmançımız yarımfinalda iranlı Sayad Qanzadeyə uduzub (4:5). Bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı idmançısı Tareq Hamediyə 4:2 hesabla qalib gələrək İslamiadanı 3-cü yerdə başa vurub. Bu çəkidə qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə türkiyəli Enes Erkan qazanıb.
IV İslam Həmrəyliyi Oyunlarında karatenin kata yarışlarında Azərbaycanı təmsil edən Neda Rezei dörddəbir final mərhələsində Malayziya idmançısı Selin Liyə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarının son günündə daha 5 medal qazanıblar. Mayın 13-də keçirilmiş kumite yarışlarında Azərbaycan karateçilərindən Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər. Bununla da karateçilərimiz İslamiadanı 10 medalla (5 qızıl,
2 gümüş, 3 bürünc) başa vurublar.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-
16 may.- S. 1;8.