Azərbaycan
üzgüçülük yarışlarında iki
qızıl medala sahib oldu
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüləri üçün ikinci yarış günü tarixi nailiyyətlə yadda qalmışdır. Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında yığma komandamızın üzvü Maksim Şemberev bütün rəqiblərini qabaqlayaraq qalib gəlmişdir. Bu, Azərbaycanın üzgüçülük üzrə ilk qızıl medalı idi.
İndoneziyalı Aftah Pravira gümüş medal əldə etmişdir. Türkiyə təmsilçisi Ediz Yıldırımer bürünclə kifayətlənmişdir.
Kişilər arasında 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iordaniyalı Ghetrich Khader Baqlah qalib olmuşdur. İkinci və üçüncü yerləri türkiyəli idmançılar Can Erge Gezmis və Doga Celik bölüşmüşlər.
200 metr brassla üzgüçülük yarışlarında indoneziyalı Qaqarin Nathaniel qızıl medala layiq görülmüşdür. Türkiyəli Alpkan Ornek gümüş, suriyalı Azat Al Barazi isə bürünc medala sahib çıxıblar.
100 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışlarında türkiyəli idmançılar Turker Kaan Ayar və Can Ümit Qures qızıl və gümüş medalları əldə ediblər. Üçüncü yeri indioneziyalı Triady Sıdıq tutub.
200 metr məsafəyə arxa üstə üzmə yarışlarında da türkiyəli idmançı Metin Aydın qalib gəlib. İkinci yerdə Triady Sıdıq, üçüncü yerdə isə əlcəzairli Rəmzi Chouchar qərarlaşıblar.
Qadınların yarışlarında da türkiyəli idmançılar uğurla çıxış ediblər. 100 metr arxa üstə üzmə yarışlarında Türkiyə təmsilçiləri Yekaterina Avramova qızıl, Zulal Halime Zeren isə gümüş medal əldə ediblər. Əlcəzairli idmançı Amel Melih bu növdə bürünc qazanıb.
50 metr məsafəyə batterflyay üsulu ilə üzmədə türkiyəli Alyona Ozkan birinci yeri tutmuşdur. Gümüş medala da türkiyəli idmançı Sezin Eligül layiq görülmüşdür. Bürüncü isə indoneziyalı Nurul Fıtrıyatı qazanmışdır.
4x200 metr sərbəst estafetdə də Türkiyə idmançıları zəfər çalmışdır. İkinci yerdə İndoneziya, üçüncü yerdə isə Pakistan idmançıları qərarlaşmışdır.
Dünən üzgüçülük yarışları davam etmişdir. Azərbaycan idmançısı Maksim Şemberev ölkəmizə daha bir qızıl medal qazandırmışdır. O, 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışının qalibi olmuşdur. Türkiyəli idmançı Hakan Batuhan gümüş, indoneziyalı Əflah Pravira isə bürünc medala yiyələnmişlər.
50 metr məsafəyə sərbəst üsulla yarışda əlcəzairli Qussama Sahnoune qalib gəlmişdir. Türkiyəli Emre Hüseyin gümüş, indoneziyalı Triady Sıdıq bürünc medal qazanmışlar.
100 metr məsafəyə arxa üstə üzgüçülükdə indoneziyalı Gede Sudartava qızıl medal əldə etmişdir. Türkmənistan idmançısı Mərdan Atayev ikinci, türkiyəli Ege Baser isə üçüncü olmuşlar.
4x200 metr məsafəyə sərbəst üsulla yarışlarda Türkiyə komandası qələbə qazanmışdır. İkinci yeri İndoneziya, üçüncü yeri isə İordaniya yığmaları tutmuşlar.
Qadınların 100 metr sərbəst üsulla yarışında türkiyəli Nihan İlknur Cakıcı qızıl medala yiyələnmişdir. Suriya təmsilçisi Bayan Juman gümüş medala sahib çıxmış, türkiyəli Sezin Eligül bürünc medal əldə etmişdir.
1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə əlcəzairli idmançı Nefissa Suad Ceruati qələbə qazanmışdır. İndoneziyalı Raina Ramdhani finiş xəttini ikinci keçmişdir. Türkiyəli üzgüçü Ecem Dönməz isə üçüncü olmuşdur.
200 metr məsafəyə arxa üstə üzmə yarışlarında türkiyəli üzgüçülər Yekaterina Avramova qızıl, Zulal Halime Zeren gümüş medala sahib çıxmışlar. Bürünc medalı isə indoneziyalı Nurul Fıtrıyatı qazanmışdır.
200 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışında daha bir türkiyəli idmançı Eliz Nida Üstündağ qələbə əldə etmişdir. İndoneziyalı Adinda Devi gümüş medal qazanmışdır. Türkiyənin digər təmsilçisi Roza İmge Erdemli bürünc medala sahib çıxmışdır.
Rizvan HİLALOĞLU,
Azərbaycan.- 2017.- 16 may.- S. 9.