Beş
boksçumuz İslamiadanın medallarını təmin etdi
Srağagün “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında iştirak edən üç boksçumuz qələbə qazanıb.
60 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparan Cavid Çələbiyevin dörddəbir final mərhələsində rəqibi türkiyəli Hakan Doğan idi. Azərbaycanlı dünya çempionu bu görüşdə 5:0 hesabı ilə qələbə qazandı. Bununla da idmançımız özünə ən azı bürünc medalı təmin etdi. Cavid Çələbiyev yarımfinal görüşündə qazaxıstanlı boksçu Sultan Zaurbəy ilə döyüşəcək.
Tamerlan Abdullayev (69 kiloqram) mübarizəyə səkkizdəbir finaldan başladı. O, türkmənistanlı Muhemmetmirat Sahedova 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəldi. Boksçumuz bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqam ilə üz-üzə gəldi və bu döyüşdən də qələbə ilə ayrıldı - 3:2. Beləliklə, Tamerlan da ən azı bürünc medalı təmin etdi. O, yarımfinal döyüşündə qazaxıstanlı boksçu İlya Oçkinlə qarşılaşacaq.
London Olimpiadasının bürünc, I Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov (91 kiloqram) isə mübarizəyə dörddəbir finaldan qoşuldu. O, Özbəkistan boksçusu Sardorbek Beqaliyevdən üstün oldu - 5:0. Teymur Məmmədov da ən azı bürünc medalı təmin etdi. Boksçumuz yarımfinal döyüşünü suriyalı idmançı Eldin Qousuuna qarşı keçirəcək.
Dünən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları davam etdi. Dörddəbir final mərhələsi çərçivəsində dörd boksçumuz rinqə çıxdı.
49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov iranlı Omid Əhmədisəfa ilə qarşılaşdı. Təəssüf ki, bu döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatdı - 1:4.
56 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Tayfur Əliyevin ilk rəqibi mərakeşli Taoufik Kaçfi idi. Boksçumuz görüşü vaxtından əvvəl bitirərək texniki nokautla qələbə qazandı və yarımfinala vəsiqə əldə etdi. Tayfurun növbəti rəqibi Abdulxay Şaraxmatov olacaq. Yarımfinal döyüşü sabah baş tutacaq.
Turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə dünən ikinci döyüşünü keçirdi. İdmançımız misirli Uosri Hafizlə üz-üzə gəldi və 5:0 hesabı ilə qalib oldu. Yarımfinal görüşündə onun rəqibi İordaniya təmsilçisi Hüseyn İaşaşi olacaq.
Beləliklə, yarımfinal mərhələsinə vəsiqə qazanan 5 azərbaycanlı boksçu ən azı bürünc medallar təmin etmişdir.
Rizvan HİLALOĞLU,
Azərbaycan.- 2017.- 16 may.- S. 10.