Onilliklər
boyu Azərbaycanın iqtisadi maraqlarını təmin edəcək
layihə
Prezident İlham
Əliyev: “Cənub qaz dəhlizi”
Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard
dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə
tutulur”
“Cənub qaz dəhlizi” layihəsi artıq reallığa çevrilir. “Şahdəniz-2” layihəsi üzrə nəzərdə tutulan işlərin 90, CQBK (Cənubi Qafqaz Boru Kəməri) üzrə 80, TANAP (Transanadolu Qaz Boru Kəməri) üzrə 65, TAP (Transadriatik Qaz Boru Kəməri) üzrə 34 faizdən çoxu yerinə yetirilib. Layihənin bütün seqmentlərində işlər ahəngdarlıqla davam edir və demək olar ki, yekun mərhələyə qədəm qoyur. Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışındakı çıxışında Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində bütün işlərin qrafik üzrə getdiyini bir daha vurğulamışdır.
Dövlət başçısı bildirmişdir ki, gələn il layihənin önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP-ın icrasına nail olunacaq. Digər seqmentlər üzrə işlərin də vaxtında yerinə yetiriləcəyinə inamını ifadə etmişdir.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bu ilin fevral ayında Bakıda keçirilən növbəti toplantısı layihənin reallaşmasına bir daha təkan verib. Bu toplantıların Bakıda keçirilməsi artıq ənənəyə çevrilib. Layihədə iştirak edən ölkələrin, şirkətlərin səlahiyyətli nümayəndələrinin yenidən Bakıda bir araya gəlməsi son dövrlərdə Azərbaycanın dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaratdığını bir daha təsdiqləyir. Məşvərət Şurasının qəbul etdiyi qətnamədə layihənin həyata keçirilməsində ölkəmizin liderlik rolu yenə də vurğulanıb.
Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbindəki çıxışında bu barədə demişdir: “Azərbaycan bu nəhəng meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndələri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq”.
Xatırladaq ki, “Cənub qaz dəhlizi” Avropanın ən böyük infrastruktur layihəsidir, onun reallaşması üçün 40 milyard dollar səviyyəsində sərmayə nəzərdə tutulur. Bu, eyni zamanda möhkəm təmələ əsaslanan bir layihədir. Belə ki, 2006-cı ildə istifadəyə verilmiş Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri belə nəhəng qaz layihələrinin icrasına gətirib çıxardı. Bütün bu işlərin təməli isə ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır. İndi Azərbaycan artıq “XXI əsrin layihəsi” adlanan “Cənub qaz dəhlizi”ni gerçəkləşdirir.
“Şahdəniz-2” layihəsi üzrə Azərbaycanın ərazisində quru və dəniz obyektlərində aparılan bütün işlər rəvan gedir. Yataqda quraşdırılacaq yeni platformaların hər ikisinin dayaq bloku artıq dənizdədir. Onların birincisi keçən il sentyabr ayının 1-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan Xəzərə Prezident İlham Əliyevin iştirakı ilə yola salınıb. Digəri isə dənizdəki daimi yerinə bu ilin mart ayında göndərilib. Həmin qurğuların üst modullarının tikintisi isə Bibiheybətdəki ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində davam edir.
Təqdirəlayiq haldır ki, “Şahdəniz”də quraşdırılacaq yeni platformaların həm dayaq, həm də üst hissələri ölkə daxilində istehsal olunur. Bu işə on minlərlə insan cəlb olunub, onlar öz peşəkarlıqlarını nümayiş etdirməklə yanaşı, həm də yüksək əməkhaqqı alırlar.
CQBK-nın genişləndirilməsi həm Azərbaycanın, həm də Gürcüstanın ərazisində, demək olar ki, sona yaxınlaşır. TANAP və TAP-ın çəkilişi də nəzərdə tutulan cədvələ uyğun irəliləyir. Bir sözlə, “Cənub qaz dəhlizi”nin bütün seqmentləri üçün 2017-ci il həlledici olacaq.
Gələn il isə CQBK “Şahdəniz-2”nin ilkin qazını TANAP-a ötürəcək, yəni mavi yanacaq Türkiyədəki istehlakçılara çatdırılacaq. Avropa isə çoxdan gözlədiyi Azərbaycan qazını TAP-ın vasitəsilə 2020-ci ildə alacaq.
Başqa sözlə, Avropa üçün mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Onun sərvətindən həm Azərbaycandakı, həm də regiondakı və böyük qitədəki istehlakçılar bəhrələnəcəklər. Prezident İlham Əliyevin dediyi kimi: “Şahdəniz-2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq “Cənub qaz dəhlizi”nin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan “Cənub qaz dəhlizi”nin icrasından iqtisadi maraqları təmin edəcəkdir”.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 16 may.- S. 11.