Azərbaycan və Çin arasında Anlaşma Memorandumu imzalanıb

 

Çinin paytaxtı Pekində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi “Bir kəmər - bir yol” strategiyası çərçivəsində keçirilən beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının sədr müavini (nazir müavini) Vu Çinxay imzalayıb.

Sənədin imzalanmasından əvvəl keçirilən görüşdə R.Həsənov Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların xarici bazarlarda satışının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığını qeyd edən komitə sədri məsələyə Çin tərəfinin marağını yüksək qiymətləndirib.

Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycandan Çinə qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədi daşıyır. Sənədə əsasən SMPDK Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək. Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək.

13-15 may tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər-bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum keçirilib. Görüşdə SMPDK sədri Ramiz Həsənov Azərbaycan nümayəndə heyəti tərkibində iştirak edib. Tədbirə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.

 

Azərbaycan.- 2017.- 16 may.- S. 12.