İslamiadanın ən
sərrast nişançısı
IV İslam
Həmrəyliyi Oyunlarının
atıcılıq yarışlarında
Azərbaycan snayperçilərinin
uğurlu çıxışları
davam edir. Atletlərimiz hər gün yeni-yeni nailiyyətlərə
imza atırlar. Mayın 13-dən Bakı Atıcılıq Mərkəzində
start götürən
yarışların ən
sərrast nişançısı
Azərbaycan idmançısı
Ruslan Lunyovdur desək yanılmarıq. Çünki atletimiz artıq
Azərbaycana 4 qızıl
medal qazandırıb.
IV İslam
Həmrəyliyi Oyunlarının
atıcılıq yarışlarının
dördüncü günündə
kişilər arasında
10 metr məsafədən
pnevmatik tapança ilə atəşaçma
yarışında da
Ruslan Lunyov rəqiblərindən daha
dəqiq olub. İdmançımız İslamiadada dördüncü
qızıl medala
sahib çıxıb. Bu yarışda ikinci
yeri türkiyəli
Yusuf Dikec, üçüncü
yeri isə pakistanlı Muhammad Şehzad
Aktar tutub.
Ruslan Lunyov bundan öncə kişilər arasında
25 metr məsafədən
tapança ilə atəşaçma, 25 metr
məsafədən tapança
ilə sürətli atəşaçma və
25 metr məsafədən
standart tapança ilə atəşaçma
yarışında hamıdan
sərrast olaraq 3 qızıl medal qazanmışdı.
Qazandığı qızıl medalların xoş təəssüratlarını
bölüşən idmançımız
deyib ki, IV İslam Həmrəyliyi Oyunlarına çox ciddi hazırlaşıb. Çünki
yarışın Azərbaycanda
keçirilməsi üzərinə
böyük məsuliyyət
qoyub: “Bu yarış Vətəndə keçirilir
və istəyirsən
ki, ən yüksək səviyyədə
çıxış edəsən.
Çox
şadam ki, İslamiadada bugünə
qədər iştirak
etdiyim yarış növlərində fəxri
kürsünün ən
yüksək zirvəsinə
qalxdım. Mən valideynlərimə
təşəkkürümü bildirmək istəyirəm.
İslamiadadakı qələbələrimi onlara həsr edirəm. Məşqçi heyətinin peşəkar
və sistemli proqramı sayəsində
mənim nəticələrim
ilbəil yaxşılaşır.
Buna görə də IV İslam Həmrəyliyi Oyunlarında
atıcılıq idmanı
üzrə indiyə qədər çıxış
etdiyim dörd növün hər birində qalib gəlmişəm. Lakin bununla
kifayətlənmək fikrində
deyiləm. Gələn
il dünya
çempionu adı uğrunda mübarizə aparmaq niyyətindəyəm.
Düşünürəm ki, “Tokio-2020”də olimpiadanın mükafatçısı,
bəlkə də çempionu olacağam”.
Qeyd edək ki, dünən atıcılıq yarışlarının
dördüncü günündə
kişilərin dairəvi
stend yarışının
finalı, kişilərin
50 metrdən 3 vəziyyətdə
tüfəng ilə atəş, kişi və qadınların 10 metrdən pnevmatik tapança ilə atəş yarışları
keçirilib. Yarışlarda Azərbaycanın 6 idmançısı
mübarizə aparıb.
Öncə kişilər arasında
50 metr məsafədən
üç vəziyyətdə
tüfənglə atəşaçma
yarışı baş
tutub. Bu yarışın
qalibi İran idmançısı olub.
İranlı Pourya Norouziyan
454.6 xalla bütün
rəqiblərini üstələyərək
qızıl medal qazanıb.
İkinci yerə iranlı
Xosseyin Bağeri, üçüncü yerə
isə Oman idmançısı
Həmid Səid Əlxətiri çıxıblar.
Kişilər arasında dairəvi stend yarışının
qalibi adını Səudiyyə Ərəbistanı
idmançısı Almutari
Səid qazanıb. Gümüş və bürünc medallar isə Birləşmiş Ərəb
Əmirliyinin idmançıları
Əl Məktum Şeyx Səid və Bin Futais Saifə nəsib olub.
Qadınların 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma
yarışında da
qalib İran idmançısı olub. Qolnouş Sebhatullah
239.3 xal toplayaraq qızıl medala sahib çıxıb. Gümüş medalı misirli Afaf Elhodhod, bürünc medalı isə Azərbaycan idmançısı Nigar Nəsirova qazanıb.
Beləliklə, atıcılıq yarışlarının
dördüncü günündə
Azərbaycan idmançıları
daha bir qızıl və bir bürünc medala sahib çıxıblar.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.-17 may.- S.5.