Mehriban Əliyeva:”Bədii
ədəbiyyat hər bir insana bütün ömür boyu zəruri
bünövrədir”
Mayın
16-da Səməd Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrının səhnəsində Xalq
Yazıçısı, kinodramaturq və rejissor Maqsud
İbrahimbəyovun xatirə gecəsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində
iştirak edib.
Xalq
Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən
tərzdə qeyri-adi və gündəlik hadisələr haqda
yazaraq, personajlarının mənəvi dünyasını dərindən
tədqiq edərək xasiyyətlərini oxucuya
çatdırırdı. Bir çox əsərlərində
yazıçı ümumbəşəri problemlər
kontekstindən çıxış edərək, öz ənənələri
ilə güclü olan Şərq insanının həyat tərzini
göstərirdi. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”,
“Uşaqlığın son gecəsi” filmlərinin ssenari
müəllifi də Maqsud İbrahimbəyov olub.
Xatirə
gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso
Albinoninin “Adajio” əsəri ilə başladı. “Maqsud
hamıya gülümsəyir” adlı gecədə Səməd
Vurğun adına Azərbaycan Dövlət Rus Dram
Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud
İbrahimbəyovun doğmalarının, dostlarının,
onun istedadının pərəstişkarlarının
toplaşdığını deyərək,
yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız
gülüşünü bəxş etdiyini bildirdi. O,
Prezident İlham Əliyevin yazıçının 70 illik
yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı
həyatda ikən qiymətləndirmək lazımdır”
sözlərini xatırladı.
Azərbaycanın
Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində
çıxış etdi.
Birinci vitse-prezident Mehriban
Əliyevanın çıxışı
-Hörmətli
Anna xanım.
Hörmətli
xanımlar və cənablar.
Əziz
dostlar.
Uzun illər
ərzində Rus Dram Teatrının səhnəsində Maqsud
İbrahimbəyovun əsərlərinin personajları
canlandırılıb. Bu axşam bu teatrda böyük
yazıçı Maqsud İbrahimbəyovun yaxınları,
doğmaları, dostları, onun istedadının pərəstişkarları
toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət
və hörmətini bildirsinlər. Sözsüz ki, Maqsud
müəllimin istedadının pərəstişkarlarının
sayı bu zalda əyləşənlərdən xeyli
çoxdur.
Maqsud
İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan
mədəniyyətini və incəsənətini zənginləşdirib,
həm də dünya mədəni irsinə layiqli töhfələr
verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin
əsərləri demək olar 30 dilə tərcümə
edilib.
Maqsud
müəllim qeyri-adi dərəcədə parlaq və
çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino
xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət
və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər
qeyri-adi istedad və bacarıq cəmləşəndə
adamlar deyirlər ki, bu “Allah vergisi”dir. Doğrudan da bu, Allah
vergisidir. Lakin, ilk növbədə, Maqsud İbrahimbəyov
böyük yazıçı idi. Mənim nəslim - məhdud
sərhədlərdə və məkanca ideoloji çərçivələrdə
böyüyən nəsil üçün bədii ədəbiyyat
varlığımızın olduqca zəruri tərkib hissəsi
idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli
bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti
bizə sərhədləri genişləndirməyə,
süni maneələri aradan qaldırmağa imkan verirdi, bir
çox “lal suallara” cavab tapmaqda kömək edirdi. Ən
başlıcası isə yüksək bədii söz bizi tamamilə
məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə
edirdi, əxlaq və mənəviyyatın bünövrəsini
qoymağa kömək edirdi. Düşünürəm ki, bu,
istər peşəkarlıq fəaliyyətində, istərsə
də şəxsi həyatında hər bir insana bütün
ömrü boyu zəruri bünövrədir. Bax, böyük
ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və
yaradıb.
Onun nəsri
dinamik, bəzən kədərli, bəzən də dramatik
idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi
məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi
detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı
və aydın dildə çatdıra bilirdi.
Əminəm
ki, onun yaradıcılığına bir dəfə müraciət
edən hər kəs sonra dəfələrlə onun əsərlərinə
qayıdır, özləri üçün yeni nə isə
tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks
etdirməkdən başqa, həm də düşünməyə
- həyatın mənası, hər kəsin bu həyatda
görəcəyi işlər barədə düşünməyə
vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi,
böyük istedada nəsib olur.
Maqsud
İbrahimbəyov öz əsərlərini rus dilində
yazırdı. Bununla yanaşı, o, əsl Xalq
Yazıçısı olub və olaraq qalır. Onun hər
bir əsəri, bütün yaradıcılığı
doğma torpağa, doğma mənbələrə, doğma
köklərə böyük məhəbbətlə
aşılanıb. Onun sevimli Bakı şəhəri isə
çox vaxt, demək olar, əsərlərinin əsas
iştirakçısı idi.
Maqsud
müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini
bütün həyatı boyu daşıyaraq, onları
müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən,
tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan
jurnalistikasının parlaq təbəqəsidir. Ən
başlıcası isə, Maqsud müəllim bütün həyatı
boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli
olmağı və bu cür qalmağı bacarırdı,
heç vaxt kənarda olmurdu.
Bu insan
haqqında, onun yaradıcılığı, yüksək mənəvi
və insani keyfiyyətləri barədə çox
danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə
insanlar böyük Azərbaycan yazıçısı Maqsud
İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin
inkişafındakı xidmətlərini daha yaxşı və
dərindən dərk edəcəklər.
Hörmətli
Anna xanım, Siz Maqsud müəllimin həyatında xüsusi
yer tutmusunuz. Əgər desəm ki, Siz onun ən yaxın dostu
və ilham pərisi olmusunuz, yəqin ki, səhv etmərəm.
Yəqin bilirsiniz ki, dostlarınızın,
tanışlarınızın əksəriyyəti
üçün siz ayrılmaz vəhdət idiniz. Sizin
cütlük məhəbbətin və
qarşılıqlı hörmətin, iki parlaq şəxsiyyətin
bir-birini tamamlayaraq, həm də daha güclü
parlamasının rəmzi idi. Mən sizinlə
aramızdakı dostluq və səmimi münasibətlərə
çox həssas yanaşıram. Mən sizə çox dərin
hörmət bəsləyirəm və sizə uzun
ömür, möhkəm cansağlığı
arzulayıram.
Cənab
Prezident həqiqətən doğru deyib: böyük Azərbaycan
yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq.
Onun doğmalarının, dostlarının və
istedadının milyonlarla pərəstişkarının qəlbində
və yaddaşında yaşayacaq. Belə ki, nə qədər
əsərləri yaşayırsa, yazıçı da
sağdır. Azərbaycanın layiqli oğlunun
işıqlı xatirəsinə ehtiramımı bildirirəm.
Sağ olun.
***
Yazıçının
həyat yoldaşı Anna
İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun xatirəsinə
hörmətə görə Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya təşəkkürünü
bildirərək dedi:
-Əziz
dostlar, sağ olun ki, Maqsudu yad etmək üçün buraya
gəlmisiniz. Mayın 11-də onun ad günü idi. Sağ
olun ki, siz də bu gün gəlmisiniz. Mehriban xanım, mən
Sizə və cənab Prezidentə Maqsuda və onun xatirəsinə
bəslədiyiniz səmimi münasibətə görə
çox minnətdaram. Sağ olun ki, bu gün bizimləsiniz. Hər
bir məsələdə iştirakınıza və dəstəyinizə
görə sağ olun. Çox sağ olun.
***
Yazıçının
dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun
birinci müavini Mixail QUSMAN
çıxışına Yuri Levitanskinin “Kajdıy
vıbirayet dlya sebya” şeirindən misralarla başladı.
Diqqətə çatdırdı ki, Maqsud İbrahimbəyovu
üç sözlə xarakterizə etmək olar: Bu, şərəf,
ləyaqət və seçimində səhvsizlikdir. “Maqsud
İbrahimbəyovun başlıca silahı söz idi. O,
söz duelində qeyri-adi dərəcədə zərif idi,
eyni zamanda, söz döyüşündə alınmaz sədd
idi”, - deyən Mixail Qusman bildirdi ki, yazıçı
sözün qüdrətinə, sözün hər şeyə
qalib gələcəyinə inanırdı və o, tam
haqlı idi. Çünki söz çox insanları xilas
edib.
Xatirə
gecəsində yazıçının əsərlərindən
parçalar təqdim olundu, Maqsud İbrahimbəyovun
dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri
səsləndi.
Sonra
Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın
dostlarının müsahibələrinin yer aldığı
sənədli film nümayiş etdirildi.
1935-ci il
mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc
yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və
rejissor kimi çoxcəhətli fəaliyyəti ilə
SSRİ miqyasında tanınıb. Ötən əsrin
60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin
nümayəndəsi kimi o, müasirlərinin rəngarəng,
dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə
çoxsaylı pərəstişkarlarının dərin
hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın
görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz
yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə
töhfələr verib. Onun bir ssenarist və rejissor kimi
kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri
var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında
çəkilən filmlər tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır. Onun
yaradıcılığında əksini tapan Azərbaycan
xalqının milli xüsusiyyətləri, adət-ənənələri,
xüsusilə Bakının özünəməxsus koloritli
təsviri təqdirəlayiqdir. Film “Maqsud İbrahimbəyov
kimi yazıçılar dünyalarını dəyişmirlər.
Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri
tarix” sözləri ilə yekunlaşır.