Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi ölkələrimiz arasında münasibətləri zədələməyə çalışırlar

 

Qədim tarixə, zəngin mədəniyyətə malik iki ölkə - Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasından əsrlər ötür. Hər zaman yüksək səviyyədə olan münasibətlər bütün sahələr üzrə səmərəli əməkdaşlığın yaranması və inkişafı ilə nəticələnib.

Azərbaycanda rus xalqına qarşı həmişə qayğı, sevgi olub. Ölkəmizdə bir çox xalqların, millətlərin nümayəndələri yaşayır. Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər onların əmin-amanlığının təmin olunmasına, rifahının yüksəldilməsinə yönəldilir. Burada yaşayan rus millətinin nümayəndələri də onlara göstərilən qayğıdan həmişə razılıqla danışırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev bu istiqamətdə bütün zəruri addımları atıblar. Hazırda ölkəmizdə rus dili, mədəniyyəti qorunub saxlanılır, rusdilli təhsil müəssisələri, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Respublikamızda yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqları təmin olunub. Bu siyasət indi də yüksək səviyyədə davam etdirilir. Təbii ki, bu münasibəti xalqımız qarşı tərəfdən də gözləyir.

Təəssüf ki, bəzən bunun əksini görürük. Heç kəsə sirr deyil ki, bu iki dövlətin - Rusiya ilə Azərbaycanın arasında hökm sürən, yüksək səviyyədə davaminkişaf etdirilən qarşılıqlı tərəfdaşlıqdan narahat olanlar da var. Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, eləcə də bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatla məşğuldurlar.

Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyətində bu, daha qabarıq şəkildə özünü büruzə verir. Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Bunun üçün göstərilən “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi” və ya “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması” kimi əsasların hansısa bir qurumun ləğvi üçün yetərli olmaması aşkardır. Bütün bunlar erməni lobbisinin Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını həyata keçirməyə çalışdığını söyləməyə əsas verir.

Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır. Onlar həmin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyicidirlər. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə müstəsna xidmətlər göstərir. Ən böyük ictimai birliyin qeydiyyatının ləğv edilməsi Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onlarda ciddi narazılıq yaradacaq. Verilmiş yanlış qərar çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə də əksdir. Onun tolerantlıq mühitini, millətlərarası münasibətlərini təhdid edən addımdır.

Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə qurulmuş Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərə ziddir.

Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən də böyük narazılıqla qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da bildirir ki, atılan addım Rusiya ilə Azərbaycanın arasında olan münasibətlərə, demək olar ki, zərbə vurmaq məqsədi daşıyır:Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə - həm siyasi, həm iqtisadi-ticarət, həm də mənəvi-humanitar sahələrdə yüksək səviyyədədir. Rusiya ilə bu əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə gəlincə, bu təşkilat heç vaxtRusiya qanunlarına, nə Rusiyanın milli maraqlarına zidd addım atıb. Təbii ki, hər təşkilatın fəaliyyətində nə isə bir şey tapmaq olar. Amma bu məsələnin siyasiləşdirilməsi bizi narahat edir. Çünki 2 milyonadək azərbaycanlını təmsil edən bu konqresin üzvləri həm Rusiyanın ictimai-siyasi, həm də mədəni həyatında fəallıq göstərirlər. Rusiya Federasiyasının tərəqqisi, inkişafı naminə öz töhfələrini verirlər. Azərbaycanda ruslara olan münasibətə gəlincə, burada olan 120 mindən artıq rus icmasına dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı ilə yanaşılır, onların inkişafı üçün geniş imkanlar yaradılıb. Bundan başqa, Rusiyanın Azərbaycanda 600-dək şirkəti fəaliyyət göstərir. Yatırılan investisiyanın həcmi 1,5 milyard dollardan artıqdır. Bu cür yüksək səviyyədə münasibətləri olan dövlətə qarşı atılan bu addım antiazərbaycan qüvvələrin, onların erməni diasporu ilə birbaşa işbirliyinin nəticəsidir”.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı dosent Azad RzayevRusiya ilə çox möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrimizin olduğunu vurğuladı: Ona görə də mən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsini təəccüblə qarşıladım. Çoxlu üzvü olan Azərbaycan diasporunu rəhbər təşkilatsız qoymaq düzgün deyil. İstəməzdik ki, Rusiya-Azərbaycan münasibətləri korlansın. Çünki uzun illər boyu bizim həm dövlətlərimiz, həm xalqlarımız yanaşı yaşayıblar. Doğrudur, artıq qərar qəbul olunub. Ancaq bir ay müddətində apelyasiya şikayəti veriləcək. Və biz inanırıq ki, Rusiyadakı sağlam qüvvələr sonda qalib gələcək, Rusiya Ali Məhkəməsinin bu qərarı ləğv olunacaq”.

Hər kəsi təəccübləndirən bir məsələ də budur ki, Rusiyada çoxsaylı başqa millətlərin təşkilatları fəaliyyətdə olduğu halda nəyə görə Azərbaycan təşkilatlarına qarşı bu cür qərəzli münasibət göstərilir. Elə bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, eləcə də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etdi, Prezident V.Putin ona təbrik məktubu göndərdi. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Bu cür faktlar insanı məyus edir. Bu addım Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, Ermənistana hərbi yardımın artırılması ilə eyni vaxtda baş verirsə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı da heçə endirir.

Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 17 may.- S. 7.