Taekvondoda “qızıl” gecə

 

Prezident İlham Əliyev qələbə sevincini idmançılarımızla birgə yaşadı

 

IV İslam Həmrəyliyi Oyunlarında böyük maraq göstərilən idman növlərindən biritaekvondodur. Bakı İdman Sarayında təşkil olunan yarışlarda ölkəmiz 12 idmançı ilə təmsil olunur. İlk yarış günündə Azərbaycan hesabına bir qızıl və bir gümüş medal yazdırıb. Qadınların yarışında Yaprak Eriş (57 kq) qızıl, kişilərin mübarizəsində isə Qaşım Maqomedov (54 kq) gümüş medala sahib çıxıb.

Ümumiyyətlə, taekvondoçularımız son illərdə uğurlu çıxışları ilə xalqımızı sevindirməkdə davam edirlər. Doğma divarlar arasında keçirilən turnirlərdə onlar saysız-hesabsız medallar qazanaraq rekordlara imza atırlar.

 

“Bakı-2015”də Avropa birincisi

 

Belə yarışlardan biri də “Bakı-2015” ilk Avropa Oyunlarıdır. Tarixdə ilk dəfə təşkil olunan Oyunlarda 128 idmançı 4 gün ərzində 8 medal dəsti uğrunda gərgin mübarizə apardı. Xatırladaq ki, taekvondoda 3 qızıl,

1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz ölkəmizin idman şərəfini layiqincə qorudular və nəticədə onlar da komanda hesabında ilk pillədə yer aldılar. Ölkəmiz bu növdə 8 idmançı ilə təmsil olunub. İlk yarış günündə Patimat Abakarova (49 kq) Erika Nikoliyə (İtaliya) qalib gələrək Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Kişilərin yarışında təmsilçimiz Ayxan Tağızadə (68 kq) finalda polşalı Karol Robaka qalib gələrək Avropa Oyunlarında taekvondo komandamıza ilk qızıl medalı qazandırıb. Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani finalda rusiyalı Albert Quanlaya 9:4 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi olub. Qadınların mübarizəsində isə 67 kq çəki dərəcəsində gənclər arasında dünya çempionumuz Fəridə Əzizova həlledici mərhələdə Anastasiya Barişnikovaya (Rusiya) uduzaraq Avropa Oyunlarını gümüş medalla başa vurub.

Komandamızın əsas favoritlərindən sayılan Radik İsayev (+80 kq) isə finalda Rusiya taekvondoçusu Vladislav Larinə qalib gələrək titulları sırasına Avropa Oyunlarının qızıl medalını da əlavə edib.

 

Rio Olimpiadasında 3 medal qazanıldı

 

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib.

Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. 80 kq çəki dərəcəsində mübarizə aparan dünyaAvropa çempionumuz yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinciüçüncü raundlarda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

Yarımfinalda həmyerlimiz Böyük Britaniya təmsilçisi Mahama Çonu 4:1 hesabı ilə məğlub edərək finala adlayıb. Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Həlledici mərhələdə nigerli idmançıya qalib gələn Radik (6:2) Olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani Patimat Abakarova isə bürünc medala sevindilər.

Azərbaycan yığması bu göstərici ilə “Rio-2016”nın taekvondo yarışlarında 4-cü pillədə qərarlaşıb. Millimiz yalnız Cənubi Koreya, Çin Böyük Britaniyadan geri qalıb. Avropada 2-ci olan komandamız postsovet məkanında hamıdan irəlidə yer alıb.

 

Taekvondoçularımız rəqib tanımırlar

 

Dünən isə IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarında daha 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb. Prezident İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri yarımfinal final qarşılaşmalarını izləyiblər.

Kişilərin mübarizəsində 80 kq çəkidə mübarizə aparan təmsilçimiz Milad Beiqi Harçeqani yarışa 1/4 finaldan başlayıb. İlk Avropa Oyunlarının qalibi bu mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi Məcid Almabrukla qarşılaşıb. Yekunda 21:2 hesabı ilə qalib gələn Milad yarımfinala yüksəlib. Finala gedən yolda iranlı Əlirza Dərvişpurla qarşılaşan Rio Olimpiadasının bürünc mükafatçısı böyük üstünlüklə qələbə qazanaraq (24:4) həlledici mərhələyə yüksəlib. Prezident İlham Əliyevin final qarşılaşmasını izləməsi Milad üçün ən böyük mənəvi dəstək idi. İdmançımız qızıl medal uğrunda döyüşdə türkiyəli Yunus Sarını 9:5 hesabı ilə məğlub edərək çempion adını qazanıb. Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn idmançımıza qızıl medalı Prezident İlham Əliyev təqdim edib.

Görüşdən sonra Milad Beiqi Harçeqani növbəti hədəfinin eyni uğuru dünya çempionatında təkrarlamaq olduğunu deyib: “Şükür Allaha, qalib gəlib, İslamiadada çempion oldum. Qarşıdan isə dünya çempionatı gəlir. Orada da yaxşı nəticə əldə etməyə çalışacağam”.

+87 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Radik İsayev yarışa 1/4 finaldan qoşulub. Pakistanlı Adil Şahla döyüşən təmsilçimiz görüşü çətinlik çəkmədən 34:8 hesabı ilə qalib başa vuraraq yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz İordaniya idmançısı Hamza Kattan ilə finala vəsiqə uğrunda yarışmalı idi. Lakin rəqib idmançı zədəli olduğu üçün dayanq üzərinə çıxmayıb R. İsayevə texniki qələbə verilib. Həlledici mərhələdə Rio Olimpiadasının qalibinin rəqibi özbəkistanlı Dmitri Şokin olub. Dünya çempionlarının dueli gərginliyi ilə seçilib. Döyüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada isə qalib gələn Radik İsayev (1:0) fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək İslamiadada Azərbaycanın 50-ci qızıl medalını qazanıb. Qızıl medalı Radik İsayevə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Kişilərin mübarizəsində 68 kq çəkidə yarışan Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən qoşulub. Əfqanıstan təmsilçisi Ruhulla Nikpa ilə qarşılaşan Ayxan 28:14 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi Səud Almuvalladla döyüşən Ayxan 18:9 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə rəqib iranlı Seyidhüseyn Ehsanipetrudini olub. Gərgin keçən döyüşün yekununda üstün olan Ayxan (9:7) İslamiadanı qızıl medalla başa vurub.

Ayxan final qarşılaşmasının çətin keçdiyini etiraf edib: “Son rəqibim iranlı idi. Bilirsiniz ki, taekvondoda iranlılar bizim kimi güclüdürlər. Bir anlıq səhv etdim, lakin şükürlər olsun, qalib gəldim. Mənim ən böyük fanatım anamdı, medalı ona həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir. Müəllimlərimə, şəxsi müəllimim olan atam Əvəz Tağıyevə, qardaşım Fərid Tağızadəyə təşəkkürümü bildirirəm”.

Qadınlar arasında 49 kq çəkidə yarışan Patimat Abakarova da İslamiadaya 1/4 finaldan başlayıb. Fələstinli Layan Cabirlə döyüşən təmsilçimiz 19:7 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə rəqib iranlı Südabə Pursadiqi Şalmei olub. Rəqibinə aman verməyən Patimat 15:4 hesabı ilə qələbə qazanaraq finala adlayıb. Qızıl medal uğrunda mübarizədə idmançımız qazaxıstanlı Aynur Yasbergenovaya da heç bir şans tanımayıb. Yekunda 14:4 hesabı ilə qələbə qazanaraq “Bakı-2017”nin qalibi olub.

67 kq çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova da yarışa 1/4 finalda başlayıb. İranlı Parisa Cavadikuçaksareyla qarşılaşan Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda özbəkistanlı Nigora Tursunkulova ilə üz-üzə gələn xanım idmançımız 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə Türkiyə təmsilçisi Nur Tatarla döyüşən Fəridə 2:8 hesabı ilə uduzaraq İslamiadanı gümüş medalla başa vurub.

Beləliklə, taekvondoçularımız yarışın 2-ci günü 5 (4 qızıl 1 gümüş) medal qazanıblar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 18 may.- S. 1;4.