Bakıdan
müsəlman dünyasına uzanan dostluq, qardaşlıq, sülh
körpüsü
Gözlədiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi yaddaqalan oldu. Şərq və Qərb sivilizasiyalarının daşıyıcısı, multikulturalizm məkanı olan Azərbaycanın yüksək milli-mənəvi dəyərlərinin unikal şəkildə nümayiş etdirilməsi bizə yenidən qürur hissi yaşatdı.
Bugünkü narahat dünyamızda Azərbaycan kimi bir ölkədə yaşamaq insanı sabaha daha da ümidləndirir. Çünki ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü işlər, aparılan mühüm islahatlar öz bəhrəsini verir. Azərbaycanda iqtisadi, siyasi, sosial, mədəni sahələrdə qazanılan yeni-yeni nailiyyətlər göz önündədir.
Biz bu gün ölkəmizin düzgün istiqamət seçdiyinin, inkişaf etmiş dünya dövlətləri sırasında nüfuz qazandığının şahidiyik. Azərbaycanın son illər bir sıra beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməsi də bunun bariz nümunəsidir. Ölkəmizin paytaxtında - Bakı şəhərində keçirilməkdə olan IV İslam Həmrəyliyi Oyunları belə mötəbər tədbirlərdən biridir.
Bu il, ümumiyyətlə, Azərbaycan üçün əlamətdar hadisə ilə başlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilib. Ölkə rəhbəri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilməsi mərasimində qeyd edib ki, biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər... Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək... Biz Bakıda bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
Bu gün dünyada İslamı terrorizmlə bağlamağa çalışanlar az deyil. Çox təəssüf ki, belələri öz niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. Şübhəsiz, onların yalanları, böhtanları sonda həqiqət qarşısında məğlub olacaq. Amma bunun üçün İslam dövlətləri, müsəlmanlar da susub durmamalı, fəaliyyətsiz qalmamalıdırlar. Görüləcək işlər isə həddindən artıq çoxdur. Heç kimə sirr deyil ki, İslam dininə, müsəlmanlara qarşı mənfi imic formalaşdırmağa çalışanlara bəzi hallarda İslamın daxilindəki qeyri-sabit durum, parçalanma, təhsilsizlik də kömək edir.
Azərbaycan müasir dövrdə dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin, milli-mənəvi dəyərlərinə sadiq dövlətə çevrilib və təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda İslam dünyasını və müsəlmanları dəstəkləyir. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bütün dünyada yaşayan müsəlmanlara, İslam dövlətlərinə uzanan dostluq, qardaşlıq, həmrəylik əlidir.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşayır. İstər paytaxt Bakıda, istərsə də regionlarımızda bütün dinlərin nümayəndələri öz milli adətlərini, dini ayinlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanın tolerant bir ölkə kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayıb. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi bu Oyunların da uğurla keçməsini təmin edir.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qeyd edib ki, son illər Azərbaycanın paytaxtında bir sıra böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilib. Mehriban xanım Əliyeva 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının ölkəmizə böyük uğur gətirdiyini xatırladaraq deyib: “Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanıb və keçirilmiş Oyunlar kimi tarixdə qalacaq. Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub”.
Böyük əzmlə, peşəkarlıqla hazırlanan və xoş məramdan xəbər verən beynəlxalq tədbirin yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarının da idman tarixinə yeni səhifə yazacağına inanırıq.
Ömər ELDAROV,
“İstiqlal”
ordenli xalq rəssamı,
Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru
Azərbaycan.- 2017.- 18 may.- S.3.