28 ölkə,
331 şirkət
“Made
in Azerbaijan” brendli yerli şirkətlər və məşhur
xarici kampaniyalar Bakıda istehsal stendlərini təqdim etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar. Onlardan biri 1991-ci ildən fəaliyyətə başlayan “Azersun Holding”dir.
Dövlət başçısına istehsal müəssisələrinin yerli xammal ilə təmin edilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verildi. Qeyd olundu ki, aparılan uğurlu elmi-tədqiqat işlərinin nəticəsi olaraq artıq qışda da şəkər çuğunduru əkinləri həyata keçirilir. Bu il 14 min hektar ərazidə yeni şəkər çuğunduru sahələri salınıb. Sərgidə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding” tərəfindən istehsal olunan çay, şəkər, yağ, duz, konserv, süd, sous və digər məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə öz imkanlarını təqdim edən şirkətlərdən biri də “Grow Group Azərbaycan” MMC-dir. Şirkət müasir istixana komplekslərinin qurulması, idarə edilməsi zamanı lazım olan alətlərin, avadanlıqların satışı və həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışını həyata keçirir. “Grow Group Azərbaycan”ın bacarıqlı, təlim keçmiş işçiləri müasir istixana komplekslərinin tikintisi və idarə olunmasında geniş yerli və beynəlxalq təcrübəyə malikdirlər. Şirkət hollandiyalı tərəfdaşları ilə birgə şüşə örtüklü istixanaların da quraşdırılmasını həyata keçirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Netafim” sulama sistemləri stendi ilə də tanış oldular. Şirkətin layihələrinə isti, soyuq, tropik və mülayim hava şəraiti daxil olmaqla hər yerdə rast gəlmək mümkündür. Bu layihələrdə bütün müasir istixana texnologiyalarından istifadə olunur. Şirkət damla sulama və mikroirriqasiya sistemləri üzrə dünyada ən yaxşılardandır.
“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə böyük maraqla qarşılanır. 1964-cü ildə yaradılan bu şirkət müxtəlif kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə dünyada məşhurdur. Şirkətin kultivatorları, müxtəlif ölçülü dərmansəpənləri və kotanları yüksək keyfiyyəti ilə fərqlənir. İtaliyada yeddi, həmçinin Avropa, Asiya və ABŞ-da üç istehsal sahəsi və 13 filialı olan şirkət rəqabətədavamlı məhsulları ilə seçilir. Şirkətin məhsulları ətraf mühitin qorunması ilə bağlı nəzərdə tutulan bütün tələblərə cavab verir.
Budəfəki sərgidə İtaliyanın “Landini” şirkəti də təmsil olunur. Uzun illərdir kənd təsərrüfatı texnikası istehsal edən şirkətin məhsullarına dünyanın əksər ölkələrində tələbat var. Hazırda bu istehsalçı “Landini” markalı traktorları ölkəmizdə fəaliyyət göstərən fermerlərə təklif edir.
Sərgilərdə Gürcüstanın milli
stendi də məhsulun çeşidinin çoxluğu və
müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada
Gürcüstanda istehsal edilən müxtəlif kənd təsərrüfatı
məhsulları nümayiş olunur. Onların arasında mineral sular, təbii
şirələr, bal və digər məhsullar var. Kənd təsərrüfatı
məhsulları üzrə ixtisaslaşan doqquz müxtəlif
şirkətin nümayiş etdirdiyi məhsullar təbiiliyi və
keyfiyyəti ilə seçilir. Gürcüstan artıq
Bakı sərgisində üçüncü dəfədir ki,
milli stendlə təmsil olunur. Amerikanın “John Deere” şirkəti
dünyada ən etibarlı istehsalçılardandır.
Şirkətin fəaliyyətində innovasiyaların tətbiqinə
və keyfiyyətə xüsusi diqqət yetirilir. Bu şirkətin
məhsulları da Bakı sərgisində geniş
nümayiş olunur.
Türkiyənin
“CANSA” şirkətinin stendi ilə tanışlıq
zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu
müəssisə kənd təsərrüfatı
avadanlıqlarının istehsalı ilə məşğuldur.
Sərgidə şirkətin istehsalı olan müxtəlif kənd
təsərrüfatı avadanlıqları nümayiş etdirilir.
Sərgilərdə
öz imkanlarını təqdim edən yerli şirkətlərdən
biri də “Kaspi Yıldız Azər-Türk” müəssisəsidir.
Prezident İlham Əliyevə müəssisə barədə
məlumat verildi. Bildirildi ki, özəl sektorda 20 ildir
uğurla təmsil olunan bu şirkət ölkə iqtisadiyyatının
inkişafına töhfələr verir.
2012-ci ildə
təsis edilən “Lerik broyler” müəssisəsi artıq
ölkənin kənd təsərrüfatı sektorunda kifayət
qədər tanınıb. Bu yaxınlarda isə şirkət
ölkəmizdə kənd təsərrüfatı
texnikasının və avadanlıqlarının istehsalına
başlayıb.
“A-SERA-Azərbaycan”
MMC-nin pavilyonu ilə tanışlıq zamanı məlumat
verildi ki, şirkət istixana tikintisi sektorunda ilk və
innovativ müəssisədir. “A-SERA-Azərbaycan”ın əsas
məqsədi iqtisadi şəraiti nəzərə alaraq
dünya ölkələrini keyfiyyətli istixanalarla təmin
etməkdir. Şirkət Hollandiya, Türkiyə, Rusiya və
MDB ölkələrində böyük bazar payına sahibdir.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva “Binə-Aqro” MMC-nin stendi ilə tanış oldular.
2012-ci ildə fəaliyyətə başlayan şirkət Binə
kəndində 42 hektar ərazidə istixana kompleksi qurub və
öz fəaliyyətində bütün standartlara cavab verən
meyvə-tərəvəz məhsullarının yetişdirilməsi
üçün yalnız müasir texnologiya tətbiq edir.
Sərgidə
iştirak edən yerli şirkətlərdən biri də “Meyvəli”
Logistik Mərkəzidir. “Kənd təsərrüfatı və
ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair əlavə tədbirlər haqqında” sərəncamın
icrası məqsədilə yaranan mərkəz Qafqazın ən
böyük logistik subyektidir. Logistik mərkəz 54 hektar ərazidə
yaradılıb. Burada müxtəlif təyinatlı anbarlar,
soyuducular, açıq ticarət yerləri və
çoxsaylı mağazalar var. “Meyvəli” Logistik Mərkəzi
kənd təsərrüfatı şirkətlərinin iri və
orta biznes üçün əlverişli investisiya
meydançasıdır. Mərkəzin əsas tərəfdaşları
ölkənin iri ticarət şəbəkələridir.
Dövlət
başçısı “Ərzaq məhsullarının tədarükü
və təchizatı” ASC-nin stendi ilə də tanış
oldu. Bildirildi ki, sərgidə nümayiş etdirilən yeni
traktorlar “Ərzaq məhsullarının tədarükü və
təchizatı” ASC ilə “YTO GROUP” tərəfindən Qusar
rayonunda yerləşən istehsal müəssisəsində
yığılacaq. İlkin olaraq ildə 800 orta
ölçülü traktorun yığılması həyata
keçiriləcək. İstehsalın ikinci ilindən etibarən
traktorların mühərrikləri və
ötürücü qurğuları istisna olmaqla, digər
ehtiyat hissələri ölkəmizdə fəaliyyət
göstərən müxtəlif müəssisələrdə
hazırlanacaq. “Made in Azerbaijan” brendi altında istehsal olunan bu
traktorlardan kənd təsərrüfatının müxtəlif
sahələrində geniş istifadə olunacaq.
Azərbaycanda
keçirilən bu sərgiyə böyük maraq göstərən
ölkələrdən biri də Belarusdur. Belarus da builki sərgidə
11 şirkətlə təmsil olunur. “Belaruski” ticarət şəbəkəsi
ölkənin ən yaxşı ərzaq zavodlarının məhsullarını
Azərbaycan bazarında təmsil edir. Hazırda Belarusun 30-dan
çox zavodu ilə əməkdaşlıq edən ticarət
şəbəkəsinin əsas məqsədi yerli əhali
arasında məhsulların tanınması və fəaliyyətin
daha da inkişaf etdirilməsidir. Bu gün ticarət şəbəkəsinin
Azərbaycanda dörd mağazası fəaliyyət göstərir
və şəbəkənin ölkəmizin ərazisində
daha da genişləndirilməsi planlaşdırılır.
“Azərpambıq”
MMC-nin stendi ilə tanışlıq zamanı dövlət
başçısına məlumat verildi ki, bu qurum əsasən
pambıq istehsalı, onun tədarükü və emalı ilə
məşğuldur.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“Sumqayıt Tekstil və Trikotaj” MMC və “Şəki-İpək”
ASC-nin stendlərinə də baxdılar. Təbii ipəkdən
müxtəlif məhsullar istehsal edən “Şəki-İpək”
ASC fəaliyyətini getdikcə genişləndirir və məhsulun
çeşidini artırır. Şirkətin məhsulları
arasında ipək parçalar, kəlağayılar, əllə
toxunan Azərbaycan xalçaları diqqəti cəlb edir.
“Sumqayıt Tekstil və Trikotaj” şirkətinin məhsulları
da keyfiyyəti ilə seçilir. Müəssisə müxtəlif
çeşiddə məhsullar buraxır.
Şəki,
Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət
göstərən “İntertobacco” müəssisəsi
2006-cı ildə yaradılıb və indiyədək bir
sıra iqtisadi uğurlara imza atıb. Şirkət öz məhsullarını
xarici ölkələrə ixrac edir.
“Oğuz
Qarğıdalı Emalı Məhsulları Kompleksi” ən
müasir texnoloji avadanlıq və yeni istehsal sahələri
ilə təchiz edilmiş müəssisədir. Burada istehsal
edilən qlükoza, fruktoza, quru nişasta qida sənayesi
sektorunda, kəpək, qarğıdalı
qırıntısı heyvandarlıq, quşçuluq və
balıqçılıqda istifadə olunur.
Azərbaycanda
keçirilən bu sərgilərə böyük maraq
göstərən ölkələrdən biri də
Hollandiyadır. Bu ölkənin Bakı sərgisindəki milli
stendində bir neçə şirkət təmsil olunub.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu şirkətlər
istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi
keyfiyyəti qoruyub saxlayırlar. Buna görə də
onların məhsullarına beynəlxalq bazarlarda böyük
tələbat var.
Yerli brend
olan “Balxurma” da sərgidə ilk dəfədir iştirak edir.
Müəssisə SOCAR-ın və regionlarda ailə təsərrüfatına
yardım məqsədilə “ASAN xidmət”in nəzdində
yaradılan “ABAD” mərkəzinin dəstəyi ilə qurulub.
Dövlət
başçısı və birinci xanım “Astaraçay”
MMC-nin stendi ilə tanış oldular. Şirkət 2010-cu ildə
yaradılıb. Çay istehsalı üçün istifadə
edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi
olan Astara və Lənkəran rayonlarındakı çay
plantasiyalarından tədarük edilir. Fabrik gündə 10 ton
yaşıl çay emal etmək gücünə malikdir.
Sərgidə
iştirak edən yerli şirkətlərdən biri də
“METAK”dır. İntensiv bağçılıq
üçün nəzərdə tutulan məhsullarını
təqdim edən bu şirkət öz peşəkar mühəndislik
və qəlibçilik ənənələrinə güvənərək
xüsusi kənd təsərrüfatı
avadanlıqlarının istehsalına başlayıb.
Azərbaycanda
keçirilən bu sərgilərə böyük maraq
göstərən şirkətlərdən biri də
Qazaxıstanın “RAXAT” Açıq Səhmdar Cəmiyyətidir.
75 illik tarixi olan şirkət Qazaxıstanda fəaliyyət göstərən
ən böyük şirniyyat istehsalçılarından
biridir. Şirkət tərəfindən istehsal edilən məhsulun
çeşidinə 300-dən çox adda müxtəlif
şirniyyat daxildir.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gilan
Holding”in kənd təsərrüfatı stendi ilə
tanış oldular. Bildirildi ki, Qəbələnin Vəndam qəsəbəsində
“Gilan Holding”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq
kompleksi formalaşır. Bu kompleks Avropanın ən nəhəng
heyvandarlıq müəssisələrindən biridir. Burada
çalışan aparıcı mütəxəssislər
Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər.
Sonra
dövlət başçısı “Gəncə Avtomobil
Zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən
traktorlarına baxdı. Burada müəssisənin istehsalı
olan 10 müxtəlif modeldə traktor, otbiçən və
kotanlar nümayiş etdirilir. Traktor modellərindən bəziləri
ilk dəfə olaraq təqdim edilir. Onların arasında
pambıq əkini və kəskin isti hava şəraitində
məhsul yığımı üçün nəzərdə
tutulan kondisionerli traktorlar da var.
Bundan
başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan “Holmer”
kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar
dünyada ən çox tələb olunan texnikalardan biridir və
ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident
İlham Əliyev kombaynı işə saldı.
“Azərtexnika”
MMC ölkəmizə Avropa və Türkiyədən kənd
təsərrüfatı texnikası idxal edir. Onların
arasında müxtəlif markalı traktorlar da var. Şirkətin
südsağan aqreqatları və südsoyudan çənləri,
buğda, arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən
avadanlığı, ağacları dərmanlayan
qurğuları, kiçik və iri inkubatorları
böyük maraqla qarşılanır.
Sərgidə
kənd təsərrüfatı sahəsində dünya liderlərindən
olan Almaniyanın “CLAAS” brendinin məhsulları da
nümayiş olunur. Şirkətin taxıl və
qarğıdalıyığan kombaynları, həmçinin
traktorları yüksək keyfiyyəti ilə seçilir.
Bütün
bunlar kifayət qədər maraq doğuran və Kənd Təsərrüfatı
Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin
təşkilatçılığı ilə keçirilən
bu sərgilərin artıq yeni məhsul və
texnologiyaların təqdimatı üçün nadir
platformaya çevrildiyini təsdiqləyir.
Azərbaycan.- 2017.- 18 may.- S. 2.