Çempionluğa bir oyun qaldı

 

Futbol üzrə milli komandamız İslamiadada finala yüksəldi

 

IV İslam Həmrəyliyi Oyunlarında bir-birindən maraqlı idman mübarizələrinin şahidi oluruq. Turnirin sonu yaxınlaşdıqca həyəcan da artmaqdadır. Fərdi idman növlərində qazanılan medallardan sonra növbə komanda yarışlarındadır.

Həndbol yığmamız İslamiadanın qalibi olduqdan sonra bütün diqqətlər futbol millimizə yönəlib. Yer aldığı A qrupunu qol buraxmadan 5 xalla ikinci pillədə başa vuraraq yarımfinala vəsiqə qazanan komandamızın bu mərhələdəki rəqibi Əlcəzair seçməsi idi.

Rəqib B qrupunu lider kimi başa vurmuşdu. Üç oyunda iki qələbə qazanıb bir dəfə heç-heçəyə razılaşan şimali afrikalılar hələ ki məğlubiyyət üzü görməmişdilər.

Saat 11:30-u göstərir. “Bayıl Arena”dan sonra növbəti dayanacaqDalğa Arena”dır. Azarkeşlər millimizin finala yüksələcəyi ümidi ilə Mərdəkanda yerləşən stadiona gəlmişdilər. Görüşü ukraynalı hakimlər briqadası idarə edirdi.

Komandamız həmişə olduğu kimi, bu dəfə meydançaya 4-5-1 taktiki sxemlə çıxmışdı. Hücuma keçərkən isə 3-5-2 taktiki düzülüşə üstünlük verən baş məşqçimiz Yaşar Vahabzadənin start 11-liyində ötən oyunla müqayisədə heç bir dəyişiklik yox idi. Görüşdən öncə Əlcəzair yığmasının əks-hücumlarda çox sürətli komanda olduğunun təhlilini aparan baş məşqçimiz itirilən hər top uğrunda gərgin mübarizə aparılmasını rəqibin müdafiədən oyun qurmasına mane olmağı tapşırmışdı. Matç boyu bu barədə dəfələrlə futbolçularımıza səslənərək onları xəbərdar edirdi. İlk 20 dəqiqədə buna nail olunmasa da, sonradan bütün planlar istənilən kimi alındı.

Millimizin yeganə zəif mövqeyi müdafiədə Rəşad Sadiqovun topu oyuna daxil etməsində çox gec qalması idi. Yaranan əks-hücumlarda topun müdafiədən tez çıxarılmaması yarana biləcək ani hücumun gecikməsinə səbəb olurdu.

Eyni zamanda, bir neçə epizodda Ruslan Abışovun ideal ötürmələrində hücum xəttindəki futbolçularımızın qeyri-dəqiq olmaları hesabın açılmasına mane olurdu. Həqiqətən, Ruslan həm müdafiədə, həm hücum qurularkən yarımmüdafiə mövqeyində əsl liderlik nümayiş etdirirdi. Bir neçə epizodda rəqibin təhlükəli epziodlarının qarşısını alan millimizin kapitanı 39-cu dəqiqədə hesabı açdı. O, cərimə zərbəsindən sonra ötürülən topu rəqib qapısından keçirərək ilk hissədə yekun hesabı müəyyənləşdirdi-1:0.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün Əlcəzair millisi hücumlarının sayını artırdı. Bunun nəticəsində müdafiə xəttində yaranan boşluqlardan birində komandamız hesab arasındakı fərqi artırdı. Bu dəfə standart vəziyyətdən sonra qayıdan topa güclü zərbə endirən Məqsəd İsayev hesabı 2:0-a çatdırdı.

Qoldan sonra rəqib futbolçular çox kobud oyuna üstünlük verməyə başladılar. Əslində, bu, millimizin xeyrinə idi. Çünki oyunun tempi zəifləyir, nəticədə Əlcəzair futbolçularının da görüşə köklənməyində çətinlik yaradırdı. Bundan istifadə edən U-23 yığmamız qalan dəqiqələrdə hesabı artırmaq üçün saysız-hesabsız qol imkanlarından yararlana bilmədi. Nəticədə 2:0 hesabı ilə qalib gələn millimiz İslamiadada finala yüksəldi.

Matçdan sonra oyunla bağlı fikirlərini bildirən millimizin baş məşqçisi Yaşar Vahabzadə futbolçularımızla qürur duyduğunu dedi: “Bizim futbolçular xarakter göstərdilər, meydançanın hər yerində mübarizə apardılar və nəticədə qarşılaşma xeyrimizə başa çatdı. Futbolçularımıza təşəkkür edirəm. Onlar bu gün ən yaxşı oyunlarından birini nümayiş etdirdilər. Rəqibin oyununu komanda ilə birgə izləmişdik. Onların heyətində bir neçə futbolçu vardı ki, fərdi oyunu hesabına bizə başağrısı ola bilərdi. Çalışdıq ki, onları bağlaya bilək. Həm də rəqibin cinahlarındakı boşluqları görüb, bundan istifadə etdik. Ümumi götürəndə futbolçularımız rəqibdən üstün idilər. Meydanda komanda şəklində müdafiə olunurduq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Hansı nəticənin olacağını zaman göstərəcək”.

Millimizin oyunda ilk qolunu vuran kapitan Ruslan Abışov da finala yüksəldiklərinə görə çox sevindiyini bildirdi: “İlk dəfə İslamiada üçün təşkil olunan U-23 yığması böyük nümunə göstərdi. Demək olar ki, turnir başlamamışdan öncə təlim-məşq prosesində cəmi 2-3 dəfə olmuşuq. Bir daha nümayiş etdirdik ki, komanda şəklində futbol oynadıqda istənilən nəticəyə imza atmaq mümkündür. Rəqibin oyununu təhlil etmişdik, əks-hücumda təhlükəlidirlər. Üstəlik, uzaqdan zərbələrlə də təhlükə yarada bilirlər. Birinci hissədə hesabı açdıq və bir qədər rahat oynamağa başladıq. Hesab böyük ola bilərdi, amma vacib olan qələbə idi, onu da əldə etdik. Təzyiq çox idi. Bu da meydan sahibi olmağın nəticəsidir. Artıq finaldayıq. Hədəf isə yalnız qələbədir. Bayrağımız olan hər yerdə qalibiyyət mütləqdir. Biz birlikdə güclü olduğumuzu sübut edəcəyik. Azarkeşlərdən stadionda anşlaq yaratmalarını gözləyirik. Bazar günü hamını stadiona dəvət edirik”.

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının finalında Azərbaycan millisinin rəqibi məlum olub. Bu, Oman yığmasıdır. Turnirə B qrupunda başlayan və Fələstin seçməsindən sonra 2-ci pillədə yer alaraq yarımfinala vəsiqə qazanan omanlıların rəqibi Kamerun millisidir.

A qrupunu lider kimi başa vuran kamerunluları qarşılaşmada hamı favorit görürdü. Lakin maraqlı və gərgin keçən matçın yekununda hər iki tərəfin fərqlənməsi üçün imkanlar olsa da, tərəflər bundan yararlana bilməyiblər.

Görüşün əsas və əlavə vaxtında qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq olan (4:3) Oman millisi qələbə qazanaraq finalda Azərbaycan yığmasının rəqibi olub.

Azərbaycan-Oman final matçı mayın 21-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 19 may.- S. 6.