Parlaq zəfərin təcəssümü
Qazanılan hər
bir medal İslam həmrəyliyinin bəzəyidir
Hər keçən günü idman tariximizə qızıl hərflərlə yazılan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandıqları uğurlar xalqımıza fəxarət, qürur hissi yaşadır.
Ölkəmizin adına layiq çıxış edərək ümidləri doğruldan atletlərimiz həm də tarixi rekordlara imza atırlar. İndiyədək heç bir beynəlxalq yarışda Azərbaycan idmançıları bu qədər medal qazanmamışdılar. Bütün bunlar isə bir daha idmana göstərilən dövlət qayğısının əyani təzahürüdür. İdmançılarımızın qələbələri, bayrağımızın ən yüksək zirvələrdə dalğalanması, himnimizin səslənməsi gənc nəsildə həm idmana marağın artmasına, həm də vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.
Hər gün şanlı qələbələriylə tarix yazan atletlərimizin qazandıqları medallar isə zəfər günlərimizin bəzəyinə çevrilir. Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri” bu idman bayramına əlavə çalarlar qatır.
Dünən təşkil olunan mərasimdə İslamiadanın beşinci günündə medal qazanan idmançılarımız xüsusi hədiyyələrlə təltif edildi. Qeyd edək ki, yarışların beşinci günü Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.
Azərbaycanın zəfər günlərinin hələ davam edəcəyini söyləyən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletika və paraatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Milli komandamız yarışın beşinci günündə 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub. İslamiadanın beş günü ərzində 33 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər: “İdmançılarımızın qazandıqları bu medallar idman tariximizə qızıl hərflərlə yazılacaq. Bu Oyunlar bir daha Azərbaycanın idman dövləti olduğunu təsdiqlədi. Yarışlarda əhalisinin sayına görə Azərbaycandan bir neçə dəfə böyük olan dövlətlər iştirak edir. Ancaq medal sıralamasında biz bu ölkələrdən öndə gedirik. Bu, böyük uğurdur”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə vurğuladı ki, Azərbaycan dünyada beynəlxalq konfranslar, yarışlar keçirilən məkan kimi tanınır: “Ölkəmiz hər zaman dünyaya sülh mesajı göndərir. Hər kəs bilir ki, Azərbaycan qonaqsevər həmrəylik dövlətidir. Bu Oyunlar da deyilənləri təsdiqləyir. İdmançılarımızın hələlik qazandıqları qızıl medalların sayı onu deyir ki, Odlar Yurdu həm də idmansevərlər məkanıdır”.
Çıxışlardan sonra idmançılar mükafatlandırıldı və atletlərimiz sevinc hisslərini media nümayəndələri ilə bölüşdülər.
İslamiadada hədəfim yalnız
qızıl medal idi
Orxan NURİYEV,
yunan-Roma güləşi üzrə çempion:
- Bütün idmançılarımız kimi, mən də bu yarışda yüksək yerləri hədəfləmişdim. İki il əvvəl ölkəmizdə təşkil olunan I Avropa Oyunlarında yer tuta bilməsəm də, bu yarışda fərqlənməyi bacardım.
Ən gərgin görüşüm yarımfinalda özbəkistanlı idmançı ilə oldu. Rəqibim taktiki və texniki cəhətdən güclü idi, iki dəfə mötəbər yarışlarda yer tutmuşdu. Buna baxmayaraq, ona qalib gəldim. Finalda qarşılaşdığım qırğız həmkarımı isə yaxşı tanıyırdım. Müəyyən gərginlik olsa da, onu məğlub etdim. Bu qələbə mənə iyulda keçiriləcək Qızıl Qran-pri və avqustda təşkil olunacaq dünya çempionatı yarışlarında əlavə stimul verdi.
Bizə inanılmaz dəstək verən azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Həqiqətən bizim azarkeşlər fəaldırlar. Onlar idmançılarımızı qələbəyə ruhlandırırlar.
Qələbə
həyəcanını necə ifadə edəcəyimi bilmirəm
Nigar NƏSİROVA,
atıcılıq yarışlarının çempionu:
- Çox sevincliyəm. Hətta qələbə qazananda göz yaşlarıma hakim ola bilmədim. Qələbə həyəcanını necə ifadə edəcəyimi bilmirəm. Mənim tərəf-müqabilim, IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov həmişəki kimi yenə də çox yaxşı formada idi. Finalda, demək olar, bütün hədəflərimizi düzgün nişan alırdıq. İslamiadada ən yaxşı çıxışımı nümayiş etdirdim.
Fərdi yarışlarda təsnifat raundunu keçməyə cəmi bir xalım çatmadı, amma ruhdan düşmədim. İnanırdım ki, məşqçinin və azarkeşlərin ümidlərini doğruldacağam. Fərdi yarışlarda bürünc mükafat qazana bildim. Ancaq hədəfim qızıl medal idi. Bunu isə komanda yarışında əldə etmək mümkün oldu. Bu yarışda bütün imkanlarımı səfərbərliyə alıb özümü qələbəyə köklədim. Tərəf-müqabilimin İslamiadanın çoxqat çempionu olması, onun çempionlara xas təmkini qızıl medal qazanmaq şansımızı artırırdı. Nəticədə hər şey əla oldu.
Çempion olmaq asan başa gəlmədi
Ayxan TAĞIZADƏ,
taekvondo yarışlarının qızıl medalçısı:
- Artıq ikinci dəfədir ki, vətəndə keçirilən beynəlxalq yarışlarda qalib oluram. I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandırmışdım. İndi isə İslam Həmrəyliyi Oyunlarında eyni sevinci yaşayıram. Qələbəmi ən böyük fanatım olan anama həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir.
Ümumiyyətlə, yarış çətin
keçdi. Çempion olmaq mənə asan başa gəlmədi. Yarışa
yaxşı hazırlaşmışdım.
İslam
ölkələri taekvondoda
çox güclüdürlər.
Birinci döyüşümü əfqanıstanlı
idmançıya qarşı
keçirdim. Çox təcrübəli
rəqib idi, iki dəfə Yay Olimpiya Oyunlarında
bürünc medal əldə
edib. Buna baxmayaraq, qalib gəlməyi bacardım.
Ardınca Səudiyyə Ərəbistanını
təmsil edən taekvondoçunu üstələdim.
Finalda isə rəqibim iranlı oldu. Bildiyiniz kimi, iranlılar taekvondoda reytinqdə güclüdürlər. Çətin döyüş getdi.
Amma sonda qalib gəldim,
qızıl medal qazanıb
bayrağımızı dalğalandırdım.
Azarkeşlər məndən qızıl
medal gözləyirdi
Patimat
ABAKAROVA,
taekvondo yarışlarının
çempionu:
- İki il
öncə Azərbaycanda
keçirilən ilk Avropa
Oyunlarında və
“Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc
medal qazanmışdım. Ancaq
İslam Həmrəyliyi
Oyunlarında qızıl
medal qazanmağı qarşıma
məqsəd qoymuşdum
və istəyimə
nail oldum.
Heç bir döyüş asan keçmədi. Buraya final görüşüm
də aiddir. Qızıl medal uğrunda
döyüşdə qazaxıstanlı
Aynur Yasbergenovaya 14:4 hesabı ilə qalib gələrək çempion oldum. Döyüşlər çətin deyildi,
amma rəqiblər yaxşı idi. Final görüşündə bir qədər yorğun olsam da, qalib olmağı
bacardım.
Yarışa yaxşı hazırlaşdım
və nəticəsi də göz qabağındadır. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər məndən qızıl
medal gözləyirdi. Buna
nail olduğum üçün
sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə
həsr edirəm.
Federasiyamıza minnətdarlığımı
çatdırıram.
Sevinirəm ki, Azərbaycana
medal qazandıra bildim
Fəridə ƏZİZOVA,
IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı
səfiri, taekvondo yarışlarının gümüş
medalçısı:
- İlk döyüşümdə
iranlı həmkarım
məni zədələdi
və ona görə də digər yarışlarda bir qədər əziyyət çəkdim. Finalda Türkiyə
təmsilçisi ilə
qarşılaşdım. Bu rəqibimlə dəfələrlə qarşılaşmışam.
Bir-birimizi necə deyərlər
“əzbər” tanıyırıq.
Ancaq zədəm imkan vermədi ki, finalda istədiyim kimi mübarizə aparım.
Sevinirəm ki, Azərbaycana gümüş medal qazandıra
bildim. Oyunların səfiri idim
və çox şükür ki, medalsız qalmadım.
Hər bir idmançı medal üçün, ölkəsinin
bayrağının yüksək
zirvələrdə dalğalanması
üçün çalışır.
Zəhmətin hədər getməyəndə
daha da qürurlanırsan.
Mənim üçün hər
bir medal dəyərlidir
Rəsul
CUNAYEV,
IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı
səfiri, yunan-Roma güləşi üzrə
bürünc medalçısı:
- İslam Həmrəyliyi
Oyunlarının səfiri
idim və buna görə də yarışlara ciddi hazırlaşmışdım. Lakin yenə də bəxt öz sözünü dedi. İranlı
rəqibim Gerayi Məhəmmədəli ilə
görüşdə son saniyələrdə
səhvim nəticəsində
məğlub oldum.
Qarşılaşmada 5:0 hesabı ilə
öndə olsam da, sonda səhvim
ucbatından 6 xal qazanan rəqibim qarşılaşmanı qalib
başa vurdu. Mən isə bürünc medal qazandım. Düzdür, istərdim ki,
qızıl medal əldə
edim. Amma mənim üçün
hər bir medal dəyərlidir.
Üçüncü yer uğrunda görüşdə türkiyəli
İlker Sönmez ilə üz-üzə gəldim. Qarşılaşmanın birinci hissəsində
gözəl fənd sayəsində hakimlərdən
4 xal almağı bacardım və hesabdakı üstünlüyü
oyunun sonunadək qoruyub saxladım. Yekun hesabda 4:1 hesabı ilə qalib gələrək yarışın
bürünc medalına
sahib oldum.
Qarşıdan isə dünya çempionatı gəlir. Çalışıb səhvlərim üzərində
işləyəcəm ki,
onları bir də təkrarlamayım.
Hədəfim yalnız qızıl
medal idi
Oloxan MUSAYEV,
paraatletika yarışlarının
qalibi:
- Yarışlarımız çox
çətin keçdi.
Çünki İslam ölkələri
bu Oyunlara güclü idmançılarını
gətiriblər. Rəqiblərimi də yaxşı tanıyırdım. Onların arasında
dünya rekordçusu
da var idi.
Ancaq mənim
hədəfim yalnız
qızıl medal idi. Dəfələrlə beynəlxalq yarışlarda
qalib olmuşam. Ona görə də vətənimdə keçirilən
İslam Həmrəyliyi
Oyunlarında medalsız
qalmağı özümə
bağışlaya bilməzdim.
Mübarizələr çətin keçsə
də, bir qızıl və bir bürünc medal qazanaraq Azərbaycan bayrağını yüksəklikdə
dalğalandırdım.
Qarşıda bizi Avropa çempionatı
gözləyir. Gələn il bu uğurumu bir daha təkrarlayıb vətənə qızıl
medalla dönməyi qarşıma məqsəd
qoymuşam.
Azərbaycan.- 2017.- 19 may.- S. 8.